“Həyatın və ölümün dərsləri”

 

Yanvarın 16-da Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi keçirildi. Tədbirdə Qanlı Yanvar şəhidlərinin ailə üzvləri və yaxınları, ziyalılar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiya və Sərhəd Qoşunlarının şəxsi heyəti iştirak edirdi.

 

Əvvəlcə iştirakçılar faciə qurbanlarının şəxsi əşyalarından ibarət sərgi ilə tanış oldular.

Tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi şəhidlərimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını bildirdi: “Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman vətən övladlarının əziz xatirəsi həmişə bizim qəlbimizdədir. Onlar öz canlarından keçərək millətimizi müstəqillik yoluna çıxardılar”.

Qeyd olundu ki, sovet ordusunun Bakıya hücumuna, silahsız insanların faciəli şəkildə qətlə yetirilməsinə ilk siyasi qiyməti o zaman Moskvada yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev verib.

20 Yanvar şəhidi, gənc şair Ülvi Bünyadzadənin bibisi Almaz Binnətova və şəhid Ələsgər Qəribovun yaxın qohumu Salman Murğuzlu sovet ordusunun törətdiyi qırğının insanlığa, bəşəriyyətə qarşı cinayət olduğunu bildirdilər. Faciədən 25 il ötməsinə baxmayaraq, hadisəni törədənlərin hələ də öz layiqli cəzalarını almadıqlarını təəssüf hissi ilə dilə gətirdilər.

Anım mərasimində Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Mahirə Yaqubovanın rejissorluğu ilə hazırlanan kompozisiya təqdim olundu. Əməkdar artist, xanəndə Teyyub Aslanın ifasında muğamlar səsləndi, Əməkdar artist, qiraət ustası Ağalar Bayramov 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söylədi. Sonda rejissor Ziya Şıxlinskinin çəkdiyi “Bakı-90” sənədli filmi nümayiş olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 4.