Gözəllik tərcümanı

 

Ömrü qısa olan gözəllik varlığında əbədilik qazandı. Solmaz gözəlliyinin rəmzinə çevrildi. Yüksək aktyor sənətkarlığı, zəngin mənəvi dünyası bu gözəllikdən qaynaqlandı, bu gözəllikdən su içdi. Şərəfli sənətkar ömrü yaşadı.

 

Bu il Xalq artisti, gözəllik tərcümanı Leyla Bədirbəylinin anadan olmasının 95 ili tamam olur.

Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda dünyaya gəlib. 16 yaşında ilk sənət şöhrətini peşəkar rəqqasə kimi qazanır. 1937-42-ci illərdə Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının solisti kimi fəaliyyət göstərir. Məharətlə ifa etdiyi milli rəqslər həmişə sevgi dolu alqışlarla qarşılanır. 1937-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında ansamblın solisti 17 yaşlı Leylanın çıxışını izləyən SSRİ rəhbəri Stalin heyrətini gizlədə bilməyərək ona "Sən Azərbaycanın gözəlisən" deyir.

22 yaşında Leyla rəqqasə kimi sənət karyerasına son qoyaraq taleyini teatra bağlayır. Səhnədə Fatma Qədrinin, Mərziyə Davudovanın ənənələrini yaşatmaqla bərabər yeni aktyor məktəbinin əsasını qoyur. İfa etdiyi qəhrəmanlara zahirən çox bənzəyən Leyla Bədirbəyli obrazın xarakterinə, dünyasına xüsusi diqqət yetirir. Hər obrazın ifasında yetkin tamlığa, bütövlüyə çalışır. Nəhayətsiz sənət axtarışları, zəngin fantaziyası canlı obrazların yaranmasında əsas rənglərdən birinə çevrilir.

Cəfər Cabbarlının dramaturgiyası Leyla Bədirbəylinin səhnə fəaliyyətində xüsusi mərhələdir. "Solğun çiçəklər"də Sara, "Almaz"da Almaz, "Oqtay Eloğlu"da Firəngiz, "Od gəlini"ndə Solmaz onun rəngarəng obrazlar qalereyasının, aktyor bioqrafiyasının əlamətdar səhifələridir. Onun sənətkarlığındakı qüvvətli realizm yaratdığı obrazların həyati çalarlarında özünü aydın göstərir. Təqdim etdiyi obraz hər şeydən öncə canlı insan kimi diqqət çəkir. Azərbaycan qadınına xas mərdlik, sədaqət, mübarizlik, ülvi məhəbbət yaratdığı obrazlara çox doğmadır. Xarakterlərin alovlu amal və əqidəsi, sevgisi, mübarizəsi ilə bərabər hüquqsuzluğu, acizliyi, zəifliyi ifa tərzində parlaq sənət təcəssümünü tapır.

Leyla Bədirbəylinin aktyor oyunu "yaşama məktəbi"nin estetikası ilə yaxından səsləşir. Obraz yaradıcılığında Leyla Bədirbəylinin aktyor-müəllif mövqeyi olduqca önəmlidir. Hər obrazın təqdimində yeni ifadə boyalarına daha çox üstünlük verir. Rollarındakı bənzərsizlik bundan irəli gəlir. Onun Dezdemonası Şekspir dramaturgiyasında ("Otello") ciddi sənət imtahanın böyük uğurudur. Bu obraz onun fəth etdiyi ən yüksək sənət zirvələrindən sayılır. Unudulmaz aktrisanın yaradıcılığını kinodan ayrı təsəvvür etmək mümkün deyil. O, ilk dəfə 17 yaşında ekranda görünür. "Dəcəl dəstə" filmində məktəbli qız rolu ekran debütü olur. Leyla Bədirbəylinin ekran taleyində görkəmli aktyorrejissor Rza Təhmasib böyük rol oynayıb. 1941-ci ildə "Səbuhi" filminin çəkilişlərinə hazırlaşan rejissor Tubu xanım roluna 21 yaşlı Leyla Bədirbəylini dəvət edir. Rza Təhmasibin xatirələrindən: "Tubu roluna aktrisa axtardığım zaman eşitdim ki, filarmoniyanın rəqs ansamblında Leyla adlı gözəl bir qız var. Onu görmək arzusu ilə tamaşaçı qismində filarmoniyanın növbəti konsertlərinin birinə getdim. Konsert başlanan kimi rəqs ansamblı səhnəyə çıxdı. Bir dəstə qızın içində gözlərim onu tutdu. Zənnim məni aldatmamışdı, bu, Leyla idi. Görünüş baxımından onu bəyəndiyimdən sınaq çəkilişinə dəvət etdim".

Leyla Bədirbəyli sınaq çəkilişlərindən uğurla çıxır. Dövrünün görkəmli aktyorları İsmayıl Dağıstanlı, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanovla birgə filmə çəkilir.

1945-ci ildə Rza Təhmasib teatrkino aktyoru kimi tanınan Leyla Bədirbəylini "Arşın mal alan" filminə dəvət edir. Leyla Bədirbəyli yeni sənətkar imzasını "Arşın mal alan" filmindəki Gülçöhrə rolu ilə yazır. 25 yaşlı gənc Leyla filmin əsas yaradıcı heyəti sırasında dövrün ən yüksək mükafatına - Stalin mükafatına layiq görülür.

Unudulmaz aktrisanın ekran yaradıcılığında "Fətəli xan" filmindəki Tuti Bikə obrazı parlaq səhifələrdən biridir. Leyla Bədirbəylini Gülçöhrə rolu ilə tanıyan filmin quruluşçu rejissoru Yefim Dziqan onun bu obrazı yarada biləcəyinə inanmır. Tuti Bikədə sərkərdəyə xas mübariz ruhu, rəhbərlik missiyasını Leyla Bədirbəylinin ifasında ala biləcəyinə şübhə ilə yanaşır. Filmin ikinci rejissoru Zeynəb Kazımova, quruluşçu operatoru Əlisəttar Atakişiyev isə Leyla Bədirbəylinin namizədliyini təkidlə müdafiə edirlər. Aktrisa özünəməxsus sənətkarlıqla Tuti Bikə obrazını yaratmağa müvəffəq olur.

Ekrandakı qəhrəman qadın obrazları aktrisaya Hüseyn Seyidzadənin "Koroğlu" filmindəki Nigar roluna sənət vəsiqəsi verir. Nigar onun ifasında vəfalı ömür-gün yoldaşı, cəsur, mərd qadın obrazı ekran təcəssümünü tapır.

Kinorejissor Şamil Mahmudbəyovun "Dərviş Parisi partladır" filminə Leyla Bədirbəylini dəvət etməsi təəccüblə qarşılanır. Ekranda ciddi planda rollar oynayan aktrisanın komediya janrında uğurlu çıxış edəcəyinə sənət dostları da inanmırdı. Lakin Leyla Bədirbəylinin ekran yaradıcılığında Şəhrəbanu obrazı aktrisanın sənət axtarışlarında yeni istiqamət kimi diqqəti çəkir. Komediya janrının estetikasında aktrisanın incə yumor boyaları onun yüksək sənətkarlığını aydın səciyyələndirir.

Leyla Bədirbəyli janrxarakter sərhədlərinə ifadəli aktyor oyunu ilə məharətlə qalib gəlir. Yaratdığı ekran obrazlarında orijinallıq, müasirlik ruhu çox qüvvətlidir. Qəhrəmanlarının ekran həyatının əsas səbəblərindən biri məhz budur.

Onun çoxşaxəli yaradıcılığında Azərbaycan televiziyası və radiosunda iştirak etdiyi tamaşalar və verilişlər də xüsusi yer tutur. Unudulmaz aktrisa çıxışları ilə Azərbaycan televiziyasının aparıcılıq məktəbinə yeni nəfəs gətirir. Böyük tamaşaçı sevgisi qazanan "Səhər görüşləri" verilişinin aparıcılarından biri kimi çıxış edir. "Səhər görüşləri"nin ekran uğurunda Leyla Bədirbəylinin aparıcılıq mədəniyyəti də xüsusi rol oynayır.

Leyla Bədirbəyli bu günyaddaşlarda, xatirələrdə gözəllik tərcümanı kimi yaşayır. Təməlini qoyduğu aktyorluq məktəbi neçə-neçə sənətkar nəslinin yetişməsində əvəzsiz təsirini göstərəcək.

 

Hatəm Əsgərov,

Suraxanı rayonu 8 Mart adına mədəniyyət evinin bədii rəhbəri

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 11.