Braziliya ilə turizm əməkdaşlığı müzakirə olunub

 

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin turizm naziri Vinisius Lajes ilə görüşüb. Səfir Azərbaycanda turizmin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti, əldə edilmiş nailiyyətlər və ölkəmizdə keçirilən beynəlxalq turizm tədbirləri barədə nazirə məlumat verib. Bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu, əlaqələrin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Öz növbəsində nazir Braziliyanın turizm imkanlarından söz açaraq bu sahədə Azərbaycanla əməkdaşlığa önəm verdiklərini, təcrübə mübadiləsinin həyata keçirilməsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Görüş zamanı əməkdaşlığın gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Səfir E.Sultanov nazirə ölkəmizin turizm imkanlarını əks etdirən Azərbaycan və portuqal dillərində materiallar təqdim edib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 9.