Yer üzərində cənnət”

 

Slovakiyanın «Reaske Teplise» kurortunun təqdimatı keçirildi

 

Yanvarın 21-də «Park İnn» hotelində Slovakiyanın «Afrodita» Termal SPA Mərkəzinin və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının birgə təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən «Reaske Teplise» kurortunun təqdimatı keçirildi. Tədbirdə Azərbaycanın müxtəlif turizm şirkətlərinin nümayəndələri iştirak edirdi.

 

Təqdimatda çıxış edən «Afrodita» Termal SPA Mərkəzinin direktoru Renata İlina bildirdi ki, «Reaske Teplise» kurortu müalicəvi xüsusiyyətlərə malik termal suları, müalicəvi palçığı ilə tanınır. Burada nəfəs yolu xəstəliklərinin, bel, onurğa, ürək-damar, əsəb, mədə-bağırsaq sistemi və müxtəlif dəri xəstəliklərinin təbii yollarla unikal müalicə üsulları mövcuddur. Kurortun əsası XVII əsrdə termal su mənbələrinin yaxınlığında qoyulub: «Əvvəllər burada termal sularla doldurulmuş üç hovuz fəaliyyət göstərib. Hovuzlarda iflicdən sonra müalicə proseduru keçməklə insanlar öz sağlıqlarına qovuşurdular. Bu sular dəri xəstəliklərinin müalicəsində də heyrətamiz müalicəvi xüsusiyyətlərə malik idi».

Renata İlinanın sözlərinə görə, hazırda «Reaske Teplise» kurortu böyük kompleksə çevrilib. Burada 2, 3, 4, və 5 ulduzlu olmaqla 7 hotel fəaliyyət göstərir: «Reaske Teplise» sözünün tərcüməsi «Yer üzərində cənnət» deməkdir. Çünki burada çoxlu xəstəliklərin müalicəsi mümkündür. Kurortumuzda təkcə müalicə deyil, müxtəlif əməliyyatlardan sonra bərpa prosedurları da həyata keçirilir. Bizə müraciət edən bütün xəstələr şəfa tapıb gedir. Yerin altından 40 dərəcədən yuxarı temperaturda çıxan suların yaratdığı buğda nəfəs almaqla insanın tənəffüs yollarında, bronxlarında və ağciyərlərində olan xəstəliklər müalicə olunur. Vərəm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün sanatoriya da var».

Mərkəz direktoru diqqətə çatdırdı ki, «Reaske Teplise» kurortunu Avropanın digər kurortları ilə müqayisə etmək mümkün deyil: «Çexiyadakı kurortlarda yalnız daxili xəstəlikləri müalicə etmək mümkündür. Amma bizim kurortda həm daxili, həm də əsəb, dəri xəstəlikləri müalicə edilir. «Reaske Teplise»də prostat vəzinin xərçəngini belə müalicə etmək mümkündür. Hazırda termal sularla doldurulmuş 7 hovuzumuz var. Yerin altından çıxan qaynar su insanların qəbul edəcəyi temperatura qədər soyudulub təqdim edilir. Hovuzlardan 2-si hotellərin içərisində, 5-i isə açıq havadadır. Bizim kurortda ilin bütün fəsillərində dincəlmək üçün lazımi şərait var”.

Renata İlina Avropanın və dünyanın müxtəlif ölkələrindən çoxsaylı turistlər qəbul etdiklərini diqqətə çatdırdı. Onun sözlərinə görə, «Reaske Teplise»də eyni vaxtda 600 insan dincələ bilir: «Bəzən hotellərimizdə yerimiz çatmır, necə deyərlər, tələb təklifi üstələyir. Buna görə də yeni hotellərin tikintisi davam edir. Təxminən iki ay sonra daha bir hotel fəaliyyətə başlayacaq».

Tədbirin sonunda Renata İlina qəzetimizə açıqlamasında Azərbaycan haqqında təəssüratlarını da bölüşdü. İlk dəfə ötən ilin iyulunda Bakıda olduğunu deyən həmsöhbətimiz bildirdi ki, o zaman «Reaske Teplise» ilə bağlı kiçik təqdimat ediblər: «Azərbaycan çox gözəl ölkədir. İnsanlarınız mehribandır. Bakının arxitekturası insanı heyran edir. Xüsusilə yeni tikilən binalar memarlıq baxımından çox gözəldir. Ötən səfərimizdən sonra yenidən buraya gəlmək və geniş təqdimat mərasimi keçirmək qərarına gəldik. Azərbaycandan turistlərimiz də olur, amma az sayda. Məqsədimiz daha çox azərbaycanlını «Reaske Teplise»yə gətirməkdir. Artıq bir neçə turizm şirkəti ilə müqavilə bağlamışıq”.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 9.