Azərbaycanın turizm imkanları İstanbulda nümayiş olunur

 

Yanvarın 22-də Türkiyənin İstanbul şəhərində EMİTT-2015" beynəlxalq turizm sərgisi işə başlayıb.

 

TÜYAP Yarmarka Mərkəzində açılan sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti də iştirak edir. Heyətdə nazirliyin Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi C.Kəlbəliyev və Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi E.Abasov, habelə 8 turizm şirkəti ("Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel", "Meridian travel", "Vector travel") və 3 mehmanxananın ("Rixos Quba Azerbaijan", "Chinar Hotel and Spa Naftalan", "Duzdağ hotel") nümayəndələri yer alıb.

Sərgi zalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 72 kvadratmetr sahədə Azərbaycanın turizm imkanları nümayiş olunur. Stendimiz sərgiyə gələn ziyarətçi və qonaqlara təqdim edilməsi üçün ingilistürk dillərində 15 adda reklam-çap məhsulları ilə təmin olunub.

Azərbaycan bölməsi ölkəmizin sürətli inkişafını, tarixi və təbiət mənzərələrini əks etdirən fotolarla bəzədilib. Böyük monitorlarda nümayiş olunan filmlər Azərbaycan haqqında, o cümlədən Bakı-2015 Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin yüksək səviyyədə aparılması və digər uğurlar barədə əyani təsəvvür yaradır.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, sərgidə Azərbaycan guşəsinə böyük maraq var. Tədbirdə iştirak edən şirkət və hotel təmsilçilərimiz digər ölkələrin nümayəndələri ilə əməkdaşlıq əlaqələrini genişləndirmək üçün danışıqlar aparırlar.

"EMİTT-2015" beynəlxalq turizm sərgisi yanvarın 25-dək davam edəcək.

Qeyd edək ki, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyiyerli turizm şirkətləri artıq on üçüncü dəfədir ki, İstanbul sərgisində iştirak edir. Bu il sərgiyə 70-dən çox ölkədən 4500-ə yaxın şirkət və qurum qatılıb.

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 8.