"Türk dünyasının mədəniyyət
paytaxtı"nın təqdimatı
Türkmənistanın Marı şəhərində keçiriləcək mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək
Xəbər verdiyimiz kimi, Türkmənistanın
Marı şəhəri 2015-ci ildə "Türk
dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu
barədə qərar TÜRKSOY Daimi
Şurasının 21 noyabr 2014-cü il tarixində Rusiya
Federasiyasının Kazan şəhərində
keçirilmiş XXXII iclasında qəbul
olunub.
Yanvarın 27-də Marı şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı" ilinin açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində estrada, folklor və türk xalqlarının rəqs ansambllarının konserti, eyni zamanda TÜRKSOY-a üzv ölkələrin mədəniyyət və turizm imkanlarının təşviq olunması və tanıdılması məqsədilə təsviri və dekorativ sənət ustalarının, həmçinin fotoqrafların əsərlərinin sərgisi təşkil ediləcək.
Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, "Cəngi" estrada folklor ansamblı və el sənəti ustalarından ibarət nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il bu ada Qazaxıstanın paytaxtı Astana layiq görülmüş, 2013-cü ildə onu Əskişəhər (Türkiyə) əvəz etmişdi. 2014-cü ildə estafeti Tatarıstanın Kazan şəhəri qəbul etmişdi.
Bu il isə "Türk dünyasının mədəniyyət paytaxtı" missiyasını Orta Asiyanın qədim mədəniyyət mərkəzlərindən olan Marı (Mərv) daşıyacaq.
Qədim Mərv şəhəri yüz illərlə regionun
mədəni, elmi mərkəz rolunu oynayıb. Ərəb xilafəti (Abbasilər
dövrü) zamanında Mərv ərəb
mədəniyyətinin Türküstandakı mərkəzinə
çevrilmişdi. Burada
onlarla kitabxana fəaliyyət
göstərirdi. Samanilər və Səlcuqlar dövründə
şəhər öz
inkişafının ən yüksək mərhələsinə
çatmışdı. Sultan Səncərin
hakimiyyətdə olduğu illərdə
şəhər əhalisinin sayına və gözəlliyinə
görə Bağdadı və İstanbulu
(Konstantinopol) belə geridə qoyurdu. O dövrdə Mərvi dünya şəhərlərinin şahı
(“Şahı-cahan”) adlandırırdılar. Bu
gün Marı Türkmənistanın
böyüklüyünə görə dördüncü
şəhəridir, 130 minə yaxın əhalisi var.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 2.