50 yaşlı aktyorun səhnə yolu

 

Teatr deyəndə ilk məqamda göz önünə aktyorlar, sonra rəssam və musiqi gəlir. Tamaşaçı yaxşı aktyoru səhnədə görəndən sonra onun ifa etdiyi obrazı uzun müddət yaddan çıxara bilmir. Bu aktyor istedadlı və bacarıqlı olanda isə obrazı da, özü də tamaşaçının sevimlisinə çevrilir. Azərbaycanın Əməkdar artisti Əbülfəz İmanov kimi.

 

Yanvarın 24-də 50 yaşı tamam olan Əbülfəz İmanov C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışır. Yaş üstünə yaş gəlsə də, yaratdığı bütün obrazları gənclik həvəsi və marağı ilə tamaşaçıya təqdim edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Ə.İmanovun qabiliyyəti tələbəlik illərində sənət müəllimi, gözəl aktyor, rejissorpedaqoq Nəsir Sadıqzadə tərəfindən yüksək qiymətləndirilib. Hətta bir tədris ilində təhsil ocağının ən yaxşı tələbə-aktyoru da seçilib.

Taleyini Naxçıvan teatrına bağlamaq arzusu isə hələ məktəbli olduğu dövrdən yaranmışdı. Dünyaya göz açdığı Babək qəsəbəsində orta məktəbdə oxuyarkən bu teatrın səhnəsində nümayiş etdirilən tamaşalara dəfələrlə baxarmış. Deyir ki, tanınmış səhnə ustaları İbrahim Həmzəyev, Əyyub Haqverdiyev, İsa Musayev, İbrahim Bənəniyarlının yaratdığı obrazlar indigözünün qabağındadır: “Bu gün də hansısa obrazı oynayanda fikirləşirəm ki, o sənətkarlar bunu necə ifa edərdi? Təbii ki, bu da obrazı daha məsuliyyətlə, orijinalmaraqla oynamağa həvəs yaradır”.

Naxçıvan teatrında canlandırdığı Qırxanov (“Arzum çin oldu”), Smirnov (“Russayağı evlənmə”), Müsyö Jordan (“Müsyö Jordanın Qarabağ sərgüzəşti”), Tarverdi (“Hekayəti-xırs quldurbasan”) onun geniş aktyor imkanlarından xəbər verir. Eyni zamanda müxtəlif xarakterləri, fərqli dünyaları əks etdirən Əbubəkr (“Atabəylər”, Nəriman Həsənzadə), Papaz (“Şeyx Sənan”, Hüseyn Cavid), Çiçerin (“Araz sahilində doğan günəş”, Həsənəli Eyvazlı), Doktor (“Kəllə”, Nazim Hikmət), Şeyx Cəfər Tonkabuni (“Şah Qacar”, Əli Əmirli) və s. obrazlar da Əbülfəz İmanovun ifasında tamaşaçıların marağına səbəb olub. “Qönçəbəyim nəğməsi” əsərində (Müzəffər Nəsirli) Şamil xan obrazı müəllif tərəfindən xarakteri tam açılmayan bir personajdır. Amma aktyorun ifasında bu obraz o qədər təbii alınır ki, baş qəhrəmanlarla bir səviyyəyə qalxa bilir.

Əbülfəz İmanov qayğıkeş və səmimi insandır. Həyatda olduğu kimi, səhnədə də bu səmimiyyətini qorumağı bacarır. Onunla tərəf-müqabil olan gənclərə rejissor mizanlarının mənimsənilməsində, qavranmasında kömək edir, təcrübəsini paylaşır. Hətta həmkarları arasında bu gün də yarıciddi, yarızarafat bir ifadə dolaşır: “Tamaşa Əbülfəz səhnəyə çıxandan sonra başlayır”.

Onun səhnə fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 2013-cü ildə ölkə Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Bir tamaşaçı və həmkarı olaraq Əbülfəz müəllimi 50 yaşı münasibətilə təbrik edir, ondan daha maraqlı, daha yaddaqalan obrazlar gözləyirik. Necə deyərlər, “Təki ürək qocalmasın!”

 

Səməd Canbaxşiyev

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 12.