Azərbaycan həqiqətləri Niderlandda təqdim olunub

 

Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi bu ölkədə fəaliyyət göstərən “Nivonİctimai Birliyi ilə birgə tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir iştirakçılarına Azərbaycan haqqında ətraflı məlumat verilib, ölkəmizin tarixindən söz açılıb, foto slaydlar nümayiş olunub.

Gənc diaspor nümayəndələri 20 Yanvar faciəsi, Ermənistanın ölkəmizə təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın 20 faiz torpağının hələ də işğal altında qalması kimi faktları da diqqətə çatdırıblar.

Tədbirə qatılan niderlandlı jurnalist Xert van Dam Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, ölkəmizdə gördüklərini, qaçqınların üzləşdiyi çətinlikləri, yaşadıqları əzab-əziyyətləri yerli mətbuatda dərc etdirdiyi yazılarda əks etdirib.

Digər iştirakçı, azərbaycanlı jurnalistlərə təlim keçmək məqsədilə dəfələrlə ölkəmizdə olmuş yazıçı-jurnalist Jak Kruz isə Azərbaycan haqqında kitab yazdığını və yaxın vaxtlarda onun təqdimatını keçirəcəyini bildirib. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc, Kişdəki tarixi abidələrimizdən, palçıq vulkanlarından, hətta Naftalanın möcüzəvi neftindən söhbət açan yazıçı-jurnalist azərbaycanlıların mehriban, sülhsevər xalq olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın müasir inkişafından bəhs edən sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 10.