Ötən il Qobustan qoruğunu 13 minədək xarici turist ziyarət edib

 

Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Milli Tarixi-Bədii Qoruğunu son illərdə ziyarət edənlərin sayı xeyli çoxalıb. Bunun da bir sıra səbəbləri var. Qoruğun ərazisində yeni muzey istifadəyə verilib, yerlixarici turistlərin bu tarixi məkana üz tutmaları üçün lazımi işlər görülüb. Məhz bütün bunların bariz göstəricisi olaraq paytaxt Bakıdan 56 kilometr aralıda yerləşən qoruğu 2014-cü ildə 32 mindən çox insan ziyarət edib ki, bu da öncəki illə müqayisədə 8 faiz çoxdur.

Qoruğun direktoru Məlahət Fərəcova bildirib ki, hər zaman olduğu kimi, əcnəbi vətəndaşlar Qobustana böyük maraq göstərirlər. Ötən il qoruğu ziyarət edənlərin 12 min 954 nəfəri xarici turist olub. Xarici turistlərdən 2372-si Rusiya, 954-ü Polşa, 937-si ABŞ, 776-sı Böyük Britaniya, 712-si Almaniya, 630-u Türkiyə, 625-i Fransa, 472-si Macarıstan, 463-ü Çin, 221-i isə İtaliya vətəndaşları olub. Qalan 4792 xarici turist isə müxtəlif ölkələri təmsil edib. Bütün bunlar Azərbaycanın, onun tarixi keçmişininmüasir inkişafının öyrənilməsi və təbliği baxımından olduqca mühümdür.

Məlahət Fərəcova deyib ki, ziyarətçilərin sırasında məktəblilərin də üstünlük təşkil etməsi sevindiricidir. Çünki gələcəyimiz olan gənclərin Azərbaycan tarixini daha yaxşı öyrənmələri üçün Qobustan Milli Tarixi-Bədii Qoruğu əsl əyani vasitədir. Ötən il paytaxt Bakıdan və ölkəmizin digər bölgələrindən qoruğu 10 minə yaxın məktəbli ziyarət edib. Qeyd edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi 2013-cü ildə УAvropada ilin muzeyiФ müsabiqəsinin qalibi olub.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 8.