Mədəniyyət və turizm naziri BMT-nin baş katibi Ban-Ki-Moon ilə görüşüb

 

Nyu-Yorkda "Bakı prosesi" və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçirilir

 

Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatı tərəfindən Nyu-Yorkda "Bakı prosesi" və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri təşkil edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirlərdə iştirak etmək üçün yanvarın 26-da ABŞ-a səfərə gedib.

Yanvarın 27-də BMT-nin baş qərargahında "Bakı prosesi" və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib. Daha bir təqdimat mərasimi yanvarın 28-də ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu ilə birgə keçiriləcək. Tədbirlər barədə qəzetimizin növbəti sayında məlumat verəcəyik.

ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin baş qərargahında təşkilatın baş katibi Ban-Ki-Moon ilə görüşüb. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını baş katibə çatdırıb.

Görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sisteminə daxil olan təşkilatlar, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir Ban-Ki-Moona Azərbaycanın qlobal sülhdialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək onu may ayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Görüşdə ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib. Ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin birgə yaşama ənənələrinin tarixən bərqərar olduğu və hazırda bu ənənələrin nümunə kimi beynəlxalq səviyyədə təbliğ edildiyi vurğulanıb.

Baş katib Ban-Ki-Moon Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə Prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib.

Ban-Ki-Moon 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini bildirib.

Mədəniyyət və turizm nazirinin səfər proqramına BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Əl-Nasser, Etnik Anlaşma Fondunun rəhbəri Ravvin Mark Şnayr, Bruklin şəhərinin meri Erik Adams və digər yüksək səviyyəli şəxslərlə görüşlər də daxildir.

Xatırladaq ki, Bakıda III Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu ilin 18-19 may tarixində keçiriləcək. Azərbaycan dövlətinin beynəlxalq layihəsi olan tədbir UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə təşkil olunur.

Forumun beynəlxalq işçi qrupunun iclası da Nyu-Yorkda keçirilən tədbirlər sırasında yer alır. ABŞ-da səfərdə olan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə BMT-nin Sivilizasiyalar Alyansının mətbuat xidmətinin rəhbəri, beynəlxalq işçi qrupunun üzvü Nihal Saad ilə görüşüb. Görüşdə Forumun proqramı ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 3.