Böyük sənət böyüklərindən...

 

İncə sənətimizin canlı incilərindən, fenomenal teatrallarından - Mehdi Məmmədov

 

"İncəsənət" sözünü mürəkkəblikdən sadəliyə çıxarmağımın səbəbi var; üzdə dedikcə ciddi, təbəssümsüz görünən Mehdi müəllim içdə çox-çox incə, çox zərif bir sənət dünyası yaşayırdı. Onun uzun illər teatrlarımızda yaratdığı "səhnə sifəti" isə heç bir nəsnədən xali deyildi. Özüo şərti-bədii ictimai "sifət"dəki təbəssümlər, gülüşlər onun şəxsi qəm-kədərliklərinə, fərdi qaş-qabaqlıqlarına nisbətdə daha energetik, daha məhsuldar idi...

 

Mehdi Məmmədov görkəmli teatr rejissoru, kinofilmlərdəki rollarına rəğmən - son dərəcə orijinal aktyor olmaqla yanaşı, həm də təkrarsız pedaqoq idibu görəvilə bağlı son dərəcə diqqətçəkən bir məziyyəti - qeyri-adi geyim-kecim zövqü onu əlahiddə bir "Mehdi müəllim" obrazında canlandırırdı. O dərəcədə əlahiddə ki, həmin bu libas məsələsi onun yuxarıda bəhs etdiyim üz aləmilə ilgili "antoqonizm"inə xoş bir dualizm gətirirdi.

Mən bu ictimai məna-maraq tutumlu sənətkarla cəmi-cümlətanı bircə kərə üzbəüz əyləşib söhbətləşmiş olsam da, bunun belə olduğunu tez-tez onu təhsil aldığım ADU (BDU), hərdən də ATİ (ADMİU) dəhlizlərində gördüklərimə istinadən deyirəm. Olduqca orijinal etik davranışlarını hər kəsdən seçilən qrım-durumu, oturuş-duruşu, estetik görkəmi, "yüz ölç, bir biç" kostyumları, hərdən də gül-güləbətin köynəklərilə tamamlayan bu xarizmatik şəxsiyyət sanki hər fürsətdə canlı həyat səhnələrinə də yeni-yeni "quruluş"larda çıxmaq istəyində bulunurmuş...

 

Amma təbii...

 

sözsüz ki, o da bu canlı-bədii (və sintetik) "quruluş"a hamıya məxsus ənənəvi real həyat səhnəsindən gəlmişdi: 1918-ci il mayın 22-də Şuşada doğulmuş, qaçılmaz səbəblərdən orta məktəb təhsilini Bakıda almalı olmuş, yeddi-səkkizinci siniflərdən etibarən Bakı Türk İşçi Teatrının tamaşalarında (kütləvi səhnələrdə) çıxış etmiş, 1935-ci ildə Bakı Teatr Məktəbini bitirdikdən sonra, ali rejissor təhsili alması üçün Moskvaya göndərilmişdir.

Böyük ölkənin nəhəng iqtisadi-siyasi-mədəni paytaxtındakı ali təhsil və "dəryayi-dünyagörüşü"ndən sonra Mehdi Məmmədovun qarşısında, dövrün ən işlək ifadəsilə desək, "geniş üfüqlər" açılır. Təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilən gənc rejissor diplom işi kimi M.Təhmasibin "Bahar" dramını tamaşaya hazırlayır.

 

Və... Bakı!

 

1945-ci ilin yay mövsümünədək Gəncə teatrında işləyən sənətkar Bakıya çağırılır, ayrı-ayrı səhnələrdə yaratdığı obrazlarla, habelə yaradıcı müzakirə və mübahisələrdəki intellekti, istedadı ilə diqqət mərkəzinə düşür və beləliklə, ömrünün sonunadək müxtəlif sənət ocaqlarında yaradacağı monumental tamaşalar erasının bünövrəsini qoyur. Sonralar ayrıca məktəb kimi dəyərləndiriləsi Mehdi Məmmədov öz dövrünün olduqca cazibədar teatr-səhnə aləminə aktyorluqla başlayıb, "Qaçaqlar"da Karl Moor, "Almaz"da Hacı Əhməd, A.Ostrovskinin "Günahsız müqəssirlər"ində Nezmanov, "Vaqif", "Xanlar", "Madrid", "Bahar", "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək kimi, uzun illər yaddaşlarda yaşayan obrazlar yaradıb. Akademik teatrdakı ("Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterovs.) qənirsiz ifalarıyla isə səhnə tariximizin qızıl səhifələrinə düşür.

Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında, OperaBalet Teatrında, Azərbaycan Dövlət Milli Dram Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor görəvlərində çalışmış Mehdi Məmmədov səhnələrimizin daha da professionallaşması üçün çox səylər göstərməklə yanaşı, yorulmaz, işgüzar, istedadlı quruluşçu rejissor kimi teatr ictimaiyyəti leksikonunda "çətin" istilahı ilə ismarlanan pyeslərə quruluşlar vermişdir. 1946-cı ildə Milli Dram Teatrında U.Şekspirin "On ikinci gecə" komediyasının tamaşası ilə öz professional rejissura aləminə başlayan Mehdi Məmmədov müəyyən fasilələrlə bu sənət ocağında C.Cabbarlının "Yaşar", A.Fadeyevin "Gənc qvardiya", S.Rəhmanın "Aydınlıq", "Əliqulu evlənir", L.Veqanın "Rəqs müəllimi", Ə.Haqverdiyevin "Dağılan tifaq", N.Qoqolun "Müfəttiş", K.Haldoninin "Mehmanxana sahibəsi", İ.Qasımovla Həsən Seyidbəylinin "Uzaq sahillərdə", V.Rozovun "Şadlıq sorağında", M.İbrahimovun "Kəndçi qızı", L.Tolstoyun "Canlı meyit", H.Cavidin "Xəyyam" və "İblis", S.Vurğunun "İnsan", M.Qorkinin "Meşşanlar", C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərlərinə müxtəlif janrlarda (lakin eyni uğurlarla!) səhnə həyatı verib. Elə OperaBalet Teatrında Fikrət Əmirovun "Sevil", Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun", "Koroğlu", Cakomo Puççininin "Toska" operalarına verdiyi quruluşlarla da bu səs-avaz teatrına bir qədər də dinamik fəlsəfi-aspektual monumentallıq gətirib.

Bu görkəmli sənətkarın adı ilə bağlı (birbaşaya dolayısıyla) filmoqrafik faktlar da az deyil ("Azərbaycan teatrının ustaları", "Cavidi xatırlarkən" və s.). Lakin "Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmindəki Qaya rolunuradio teatrında bir çox klassik və "zəmanə"vi obrazlarla bərabər, U.Şekspirin Hamletini səsləndirməsilə Mehdi Məmmədov kino sənətinə və efir aləminə də çox ciddi imza atmışdır.

Müasirlərinin qənaətlərinə görə, həm realist, daha çox isə romantik səpkili tamaşalara quruluşlar verən Mehdi Məmmədov daxilən azadçox istedadlı bir rejissor-pedaqoq kimi, aktyorların rollara, xüsusən mürəkkəb psixoloji obrazlara həm analitik, həm də, hardasa, tamaşaçı gözüylə baxıb-yanaşması kimi yaradıcı tendensiyalar aşılayırmış.

1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyorrejissor sənətindən dərs deyən, kafedra müdiri, professor, sənətşünaslıq doktoru olaraq, bu spesifik təhsil-tədris ocağında elmi-konseptual metodologiyalara önəm verən Mehdi Məmmədov "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski", "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov", "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitablar yazmış, öz zəngin elmi təfəkkürünə rəğmən milli teatrşünaslıq elmimizin inkişafına, resenziya janrının formalaşmasına ciddi, səmərəli töhfələr vermişdir. 1971-1976-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indi - Teatr Xadimlərı İttifaqı) sədri olmuş bu görkəmli sənət, elm və həyat adamının yazdığı dərslik ("Rejissor sənəti", "Həyat və sənət yollarında" və s.) kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır.

 

Və əlbəttə, mükafatlar

 

Sənətdə qazandığı seçkin uğurlarına görə 31 yaşında respublikanın Əməkdar incəsənət xadimi adını alan Mehdi Məmmədov ömrünün 40-cı ilində Xalq artisti, 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, Akademik Milli Dram Teatrında hazırladığı "İblis" tamaşasına görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.

...1985-ci il yanvarın 8-də qəflətən vəfat edən Mehdi Əsədulla oğlu Məmmədovun - çox maraqlı bir insan kimi xatirəsi də, seçkin bir sənətkar kimi parlaq obrazı da hələ çox illər yaşayacaq...

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 13.