Lənkəran teatrında aktyor Əlibala Əsgərovun yubileyi qeyd olunub

 

Yanvarın 28-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərovun anadan olmasının 60, səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun idarə və təşkilatlarının nümayəndələri, yubilyarın sənət dostları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasim aktyorun sənət fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlanıb. Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun yubilyara ünvanladığı təbrik məktubu oxunub. Teatrın direktoru Tofiq Heydərov, Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının direktoru İslam Həsənov, kinorejissor Sirac Mustafayev və digər çıxış edənlər Əlibala Əsgərovun kamil sənətkar səviyyəsinə ucaldığını, onun aktyorluq sənətinin səhnəyə yeni qədəm basan gənclər üçün məktəb olduğunu bildiriblər.

Qeyd olunub ki, Əlibala Əsgərov indiki Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Ötən illər ərzində kollektivdə böyük hörmət və nüfuz qazanmış aktyor bu sənət ocağının səhnəsində 50-dən çox tamaşada müxtəlif xarakterli rollarda istedad və bacarığını nümayiş etdirib. Onlardan Sezar (A.Mədətov “Sezarın qətli), Dursun (S.Rüstəm “Durna”), Murtuza (K.Nəzirli “Şeytan işığı”), Vəli Qulamoviç (Hidayət “Məni qınamayın”), Fərzəli (Y.Əzimzadə “Nəsrəddin”), Şaban (M.Məmmədov “Əcnəbi kürəkən” və digər obrazlar onun məhsuldar yaradıcılığının parlaq nümunələrindəndir.

Əlibala Əsgərovun həmçinin “Durnalar qayıdanda”, “Susmuş vicdan”, “Sevginin göz yaşı”, “Hörümçək toru” və digər bədii və televiziya filmlərində yaratdığı rollar, eləcə də teatrın səhnəsində hazırladığı “Ölməz Koşşey”, “Əlibaba və qırx qulduruşaq tamaşaları ona uğur qazandırmaqla, yeni potensialının üzə çıxmasına xidmət edib.

Tədbirdə istedadlı aktyorun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş etdirilib.

Sonda çıxış edən yubilyar bundan sonra da yüksək şövqlə səhnə fəaliyyətini davam etdirəcəyini bildirərək, tədbirin təşkilatçılarına minnətdarlığını çatdırıb.

 

Ağaddin Babayev

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 12.