Kətanı xalçaya köçürən rəssam

 

Fazil Qənimət oğlu Abasquluzadə 1961-ci il sentyabrın 29-da Qubadlı rayonunun Cılfır kəndində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirib. Dəfələrlə respublika miqyaslı və beynəlxalq sərgilərdə iştirak edib. Respublikada keçirilən "Şəhriyar-90" müsabiqəsinin qalibi olub. Əsərləri dünyanın müxtəlif ölkələrində muzey və şəxsi kolleksiyalarda saxlanılır. Mürəkkəb süjetli xalça əsərlərinin, maraqlı kompozisiyalara malik portret xalçaların müəllifidir. Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar İttifaqı FondununMoskva Rəssamlar Birliyinin üzvüdür.

Fazil Abasquluzadə uzun illərdir xalçaçı-rəssam kimi fəaliyyət göstərir. İmzası ölkəmizdə və xaricdə tanınmaqdadır. Onunla söhbətimiz Sumqayıt şəhərindəki birotaqlı emalatxanasında oldu.

 

- Fazil müəllim, xalçaçılıq sənətinə gəlişiniz necə olub?

- Ali məktəbi başa vurandan sonra təyinatla İsmayıllı rayonunda çalışmışam. Orada Lahıc xalçaçılıq məktəbinin sirlərini dərindən öyrənmişəm. Bununla da biryolluq xalça sənətinə bağlanmışam. İlk əsərlərimi də o çağlar yaratmışam. 1993-cü ildə Sumqayıta köçdüm, indi çalışdığım toxucuları tapdım, mehriban bir kollektiv yaratdım. Müxtəlif yerlərdə, şəraiti olmayan məkanlarda çalışdıq. İndiki yerimiz darısqaldır, yeni ünvana köçəcəyik. Xalçaçılıq oturaq işdir, gərək toxucuların qışda yeri isti, yayda sərin olsun ki, rahat işləyə bilsinlər. Otaq soyuq olanda toxucu ilmə vura bilmir. Bu, birgə sənətdir, tək rəssamın işi deyil. Ona görə də yaratdığım bütün xalçalar toxucu xanımlarla (usta Rəmziyə, Leyla, Müqəddəs, Həlimə, Leysan, Südabə, Sarıtel, Validə, Bənövşə, Sona) birgə işimdir. Xalçaçılıq sənəti də muğam kimi irsidir. Kim uşaqlıqdan xalçaçılığın sirlərinə yiyələnir, sonradan onun üçün asan olur. Biz əsasən süjetli xalçalar toxuyuruq. Buradakı toxucuların əl işləri dünyanın 25-dən artıq muzeyində saxlanılır.

 

- Son illər dünya şöhrətli fırça ustası Tahir Salahovla əməkdaşlıq edirsiniz...

- Görkəmli sənətkarımızla əməkdaşlığımız 2010-cu ildən başlanıb. Bunu yaradıcılığımın yeni mərhələsi sayıram. Tahir müəllimlə bir sərgidə tanış oldum. O özünün rəngkarlıq əsərlərinin xalçaya köçürülməsini istədi və biz əməkdaşlığa başladıq. İndiyəcən Tahir Salahovun 43 əsərini xalçaya köçürmüşəm. Bu yaxınlarda onun “Səhər eşelonu” əsərinin xalça variantını tamamladıq. Tahir Salahov öz rəsmlərini xalçaya köçürtdürməklə bir yenilik elədi. Xalça variantı əsərin ikinci ömrü olur. Belə əsərləri sərgilərə aparmaq da asandır. Düzdür, həcmindən asılı olaraq rəsmi xalçaya köçürmək vaxt aparır, bəzən bir neçə ay çəkir. Bu əsərləri də hər toxucu xalçaya köçürməyi bacarmır. Gərək həmin toxucunun rəssamlıq duyumu olsun. Əsərləri xalçaya köçürən zaman onun orijinaldakı ölçüsünü olduğu kimi saxlayıram, müəllifin özünün razılığı ilə qıraqlarında ayrıca haşiyələr, naxışlar işləyirəm. Əsər kətanda necədirsə, xalçada da elə olmalıdır - bütün rəng çalarlarıyla. Toxunuş üçün gərək olan bütün sapların hamısını özüm boyayıram, materialı isə Təbrizdən gətirirəm.

 

- Əsasən süjetli xalçalar toxuduğunuzu dediniz. Hansı daha çətindir: dekorativ, yoxsa süjetli xalçalar?

- Şirvan bölgəsində, əsasən, süjetli xalçalar toxuyurlar. Dekorativ xalçalarda yeddi rəng olur, onu toxucular çətinlik çəkmədən toxuyurlar. Süjetli xalçalarda isə rəng çalarları çox olur. Tahir Salahovun palitrası çox zəngindir, tez-tez rəng çalarları dəyişir. Biz əsərləri 50 sıxlıqla toxuyuruq. Bu isə o deməkdir ki, hər 10 sm-də 50 düyün olmalıdır. Bütün toxunuş prosesi Lətif Kərimovun qoyduğu qaydalara uyğun aparılır. İspaniyada, Fransada, Almaniyada, dəfələrlə Moskvada sərgilərimiz olub. Sərgilərdə xalça sənətimizlə yaxından maraqlanırlar. Əllərini xalçaya vururlar, arxa üzünə baxırlar, düşünürlər, bu necə olur ki, hər iki üzündə eyni işdir.

 

- Tanınmış şəxsiyyətlərə həsr etdiyiniz xalçalar da diqqət çəkir. Bu, hansı istəkdən yaranıb?

- Xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı iki əsərim var. Bəxtiyar müəllimlə sağlığında görüşdüm, bəzi məsləhətlər də verdi. Onun “Şəhidlər” poeması əsasında da xalça yaratmışam, həmin əsər indi Şəki Tarix-Diyarşünaslıq Muzeyindədir. Şəhriyara həsr etdiyim “Heydərbabaya salam” əsərim İsmayıllının Təzəkənd kəndində toxunub, respublika müsabiqəsində 76 rəssamın əsəri içərisində birinci yeri tutub. Nizami Gəncəviyə həsr etdiyim əsər ABŞ-da, Karolina Universitetinin muzeyindədir. Bundan başqa, Zəlimxan Yaquba, Paşa Qəlbinura, Nüsrət Kəsəmənliyə həsr etdiyim xalçalar var.

 

- Xalça sənətinin gələcəyini necə görürsünüz?

- Nə qədər xalqımız var, xalça sənəti də olacaq. Xalça həm sənət əsəri, həm də məişət əşyası kimi önəm daşıyır. Onda xalq həyatı bütünlüklə əksini tapır, o, xalqla bağlı hər şeyi özündə yaşadır. Burada hər bir elementin öz mahiyyəti, mənası var, təsadüfi heçyoxdur. Bu baxımdan, hər bir xalçanın elmi, fəlsəfi, bədii izahı var. Diqqətlə baxan insan xalçanı oxuya bilməli, oradakı mənaları özü üçün üzə çıxarmağı bacarmalıdır.

 

Soltan Soltanlı

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 11.