Uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri

 

Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə «Uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri» mövzusunda yaradıcılıq müşavirəsi keçirildi.

 

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq “Müstəqillik illərində Azərbaycan uşaq ədəbiyyatı və vəzifələrimiz” mövzusunda məruzə ilə çıxış etdi. Yeni nəslin tərbiyəsi və təlimində Azərbaycan klassik uşaq ədəbiyyatının mühüm rol oynadığını bildirdi: «Uşaq ədəbiyyatı Azərbaycanda əsasən XIX əsrdə meydana çıxıb, XX əsrdə inkişafın zirvəsini fəth edib. Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Məhəmməd Tağı Sidqi, Rəşid bəy Əfəndiyev, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə və sonrakı ədəbi nəslin nümayəndələri, xüsusən də İlyas Tapdıq, Xanımana Əlibəyli, Məstan Günər, Zahid Xəlil və başqaları uşaq ədəbiyyatına mühüm töhfələr veriblər. Müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatının yaradılması və inkişaf etdirilməsi də ədəbi-elmi mühitimizin əsas qayğılarından, məsul vəzifələrindən biridir».

Qeyd olundu ki, XIX əsrin sonlarında məktəblərin zəruri ehtiyacı kimi meydana çıxmış dərsliklər uşaq ədəbiyyatımızın inkişafında geniş üfüqlər açıb: “Milli uşaq ədəbiyyatının «qızıl fond»u milli məktəblərin və dərsliklərin zəminində yaranıb, inkişaf edib. Azərbaycan oxucusu milli uşaq ədəbiyyatını ilk dəfə məktəblərdə öyrənib, dərsliklərdən oxuyub. Ən yaxşı uşaq ədəbiyyatı nümunələri məktəbə, elmə, müəllimə həsr olunub. Şübhəsiz ki, yeni dövrün maarifçi tezisləri daha fərqli olmalı, milli dəyərlərlə bəşəri dəyərlərin balansını qoruyub saxlamağa xidmət etməlidir. Cəlbedici internet resursları ilə rəqabətdə çağdaş uşaq ədəbiyyatı daha canlı, sadə dildə yazılmalı, nəinki uşaqların ürəyinə yol tapmalı, həm də ümummilli ideyalarla zəngin olmalıdır».

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək yaradıcılıq müşavirəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, millətin gələcəyi üçün təhsil və mənəvi tərbiyə çox vacibdir: «Bu istiqamətdə məktəbəqədər təhsil də mühüm amildir. Uşaqların bilikdən başqa özlərinin müstəqil düşüncələri də önəmlidir».

O, alim və yazıçıların bilikdə çalışmalarının önəmini vurğuladı, uşaq ədəbiyyatı üzrə bir sıra mükafatların təsis edilməsini məqsədəuyğun hesab etdi.

Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova «Uşaq ədəbiyyatı nəşrləri: tarixi təcrübəsi və müasir vəziyyəti» mövzusunda məruzə etdi. O, uşaq nəşrləri və saytlar, fantastik ədəbiyyat, xarici dillərdən və eləcə də xarici dillərə tərcümə və s. məsələlərdən ətraflı söhbət açaraq milli ideyayasağlam düşüncəyə malik uşaq ədəbiyyatının inkişaf perspektivləri barədə mülahizələrini söylədi.

AYB-nin uşaq ədəbiyyatı bölməsinin rəhbəri, şair Qəşəm Nəcəfzadənin «Azərbaycan Yazıçılar Birliyiuşaq ədəbiyyatı məsələləri”, Ədəbiyyat İnstitutu ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlının «Müasir uşaq poeziyasının yaradıcılıq axtarışları», filologiya üzrə fəlsəfə doktorları Aynurə Xəlilovanın «Uşaq folklorumüasirlik», Günay Qarayevanın «Çağdaş uşaq nəsri», Aygün Bağırlının «Son illərin uşaq dramaturgiyası» mövzularında məruzələri dinlənildi.

AYB-nin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Göyərçin» jurnalının baş redaktoru Rafiq Yusifoğlu, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Oqtay Rza, «Altun kitab» nəşriyyatının direktoru Rafiq İsmayılov uşaq ədəbiyyatının problemləri və inkişaf yolları barədə fikirlərini bildirdilər.

Sonda akademik İsa Həbibbəyli «Uşaq ədəbiyyatı» seriyasından çoxcildliyin hazırlanması və uşaq ədəbiyyatı günlərinin keçirilməsi barədə təkliflərini səsləndirdi.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 6.