“Xallı tənbəl papağı” dulusçuluq əsəri kimi

 

Müasir İncəsənət Muzeyində İsrail və Azərbaycan rəssamlarının sərgisi

 

Martın 30-da Müasir İncəsənət Muzeyində “Xallı Tembel papaq” sərgisi açılıb.

Muzeyin direktoru Xəyyam Abdinov çıxış edərək sərginin təşkilində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Qeyd edib ki, sərgi israilli rəssam Roy Maayan və azərbaycanlı rəssam Nailə Sultanın birgə layihəsidir.

İsrailin aparıcı dulusçusu olan Roy Maayan yerli rəssamlarla birgə əməkdaşlıq etmək üçün dünyanın hər yerindən tez-tez dəvət olunur. Rəssam səfərlərinin hər birində yerli keramika ənənələri ilə öz üslubu arasında materialtexnoloji əlaqə qurmaqla hibrid əsər yaratmaq istəyini gerçəkləşdirir.

Nailə Sultan Azərbaycanda incəsənət məktəblərinin məzunudur. Onun əsərləri Azərbaycanda və digər ölkələrdə nümayiş etdirilir. Rəssam öz müasir incəsənət əsərlərində nar, miniatür rəsmlər, Qobustan mağara rəsmləri, xalçalardan götürülmüş həndəsi xətlər kimi ənənəvi Azərbaycan motivlərindən istifadə edir.

Təqdim edilən layihə tədqiqat xarakterli yaradıcı prosesinin təsviri ilə iki rəssamın forma, faktura, quruluş, material və təsvirləri arasında əlaqə yaratmasını ehtiva edir.

İsrailin Azərbaycandakı səfiri Dan Stav mərasimdə çıxış edərək bildirib ki, son illər dulusçuluq incəsənəti sevənlər arasında çox maraq doğurub. Muzeydə təşkil olunmuş bu birgə sərgi də dulusçuluğun bütün dünyada çəkisinin artmasının göstəricisidir. İncəsənət çox zaman insanlar, cəmiyyətlər və mədəniyyətlər arasında körpü kimi xarakterizə olunur. İki fərqli ölkədən olan rəssamları bir araya gətirən sərgi incəsənətin müxtəlif mədəniyyətlərin qarşılıqlı ifadəsi üçün güclü körpü olması ilə yanaşı, həm də iki zəngin ənənədən istifadə edərək bərabər işləmək və sənət yaratmağın mümkün olmasının göstəricisidir.

Səfir deyib: “Bu sərgi iki İsrail rəmzini bir araya gətirib. Onlardan biri, mənim məktəb formamın xoşlamadığım bir hissəsi kimi hələ də yadımda qalan Tembel papağıdır. O adın mənşəyi haqqında aparıcı nəzəriyyələrin birinə görə, “Tembeltürk dilindəki tənbəl sözündən irəli gəlir və eyni söz Azərbaycan dilində də mövcuddur. İkinci rəmz isə çimərlik kürəkləridir ki, Aralıq dənizi yayının ən qızmar vaxtında İsraildə heç bir çimərliyi bu oyunsuz təsəvvür etmək mümkün deyil”.

Diplomat sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən rəssam Roy Maayan sərgidə nümayiş olunan işlər haqqında məlumat verib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. İsrailin mifik əşyaları - Tembel papaq (parçadan olan fincan formalı papaq) və çimərlikdə oynanılan kürək (ağacdan düzəldilmiş kürək və kiçik topla oynanılan oyun) israilliliyin köhnə göstəricilərindəndir.

Sərgi aprelin 17-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 16.