İfaçılıq üzrə respublika müsabiqəsinin zona mərhələsi

 

Qəbələ TurizmHotelçilik üzrə Peşə Tədris Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında ifaçılıq üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilib.

Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının əsərlərinin və xalq mahnılarının, rəqslərinin şagird və tələbələrə öyrədilməsi işini daha da yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri üzə çıxarmaqdır.

Azərbaycan bəstəkarlarının estrada mahnıları, təsnif və xalq mahnıları, şeir və rəqs nominasiyaları üzrə keçirilən müsabiqədə Balakən, Oğuz, Şəki və Qəbələ rayonlarının ilk peşə və orta ixtisas təhsili müəssisələrinin qalibləri iştirak edib.

Təsnif və xalq mahnıları nominasiyası üzrə Şəki Musiqi Kollecinin tələbəsi Zümrüd Səlimova, mahnı nominasiyası üzrə Qəbələ Peşə Liseyinin şagirdi Məleykə Məmmədrzayeva, şeir nominasiyası üzrə Şəki Pedaqoji Kollecinin tələbəsi Sevinc Kazımova, rəqs nominasiyasında isə Balakən Peşə Liseyinin qızlardan ibarət rəqs qrupu birinci yeri tutaraq müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qalib gələn iştirakçılar aprelin 25-də Bakıda keçiriləcək final yarışmasında iştirak edəcəklər.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 15.