Bahar hərarətli alim ömrü

 

Yetmiş bahar, yetmiş payız gəlib keçdi ömürdən. İllər də köçəri quşlar kimi pərvazlanıb uzaqlara getdilər. Köçəri quşların qayıdacağı bir gün olsa da, təəssüf ki, bunu insan ömrünə şamil etmək olmur. Və belə məqamlarda insan istər-istəməz düşünür: illər səndə nəyim qaldı? Bu zamanı əbəs keçirməmişəm ki?

 

Həmkarımız, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov da 70 yaşı haqladı. Uzun illərdir Əli müəllimlə bir cəbhədə çalışırıq. Dərd-sərimiz də bir olub, toylu-büsatlı günlərimiz də.

Əli Qəhrəmanov 1973-cü ilin noyabrından taleyini Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elmi Mərkəzinə bağlayıb. Bu gün AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqiteatr şöbəsinin müdiri vəzifəsində çalışır. Səmimiyyəti, zəhmətkeşliyi ilə elm ocağında hər kəsin ehtiramını qazanıb.

Sənətşünas alimin ömür kitabının bəzi məqamlarına nəzər salaq. Əli Kətən oğlu Qəhrəmanov 1946-cı il aprelin 6-da Şahbuz rayonunun Biçənək kəndində anadan olmuşdur. Orta təhsilini Biçənək və Şahbuz qəsəbə məktəblərində alıb. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bitirib. Rayonun Ağbulaq, Aşağı Qışlaq və Biçənək kənd məktəblərində müəllim işləyib. Ömrünün 45 ili işgüzar fəaliyyətdə, arxivlərdə, kitabxanalarda, teatr tamaşalarında, konsert və sərgi salonlarında, müxtəlif sənətkarlarla görüşlərdə keçib.

Onun doğma bir mövzusu var: teatr və sənət. Sənət adamlarından, sənətin ecazkar aləmindən ürəkdolusu yazır. Naxçıvan teatrının dünənini tədqiq edir, bugününü müstəqillik duyğularının sevinci ilə qələmə alır. 1987-ci ildə Özbəkistanda - Daşkənd Sənətşünaslıq İnstitutunda «Naxçıvan teatrının tarixiinkişaf yolu» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Biz elmi əməkdaşlar o zaman Əli müəllimin araşdırdığı mövzuya nə qədər prinsipiallıqla yanaşdığının şahidiyik...

Ötən illər ərzində alim dostumuz heç kimi özündən incitməmiş, xoş rəftarı, şirin ünsiyyəti ilə doğma münasibətlər yaratmışdır. Təbii ki, bu xarakter onun mənəvi dəyəridir. Dahilərdən biri deyib ki, yaxşı ürək ən böyük xəzinədir. Bu baxımdan Əli Qəhrəmanov xoşbəxt insandır. O həm də sözünə və işinə həmişə sadiqdir. Və nəticədə bütün bu keyfiyyətlər onun kamil insan obrazını bütövləşdirir.

Əli Qəhrəmanov ardıcıl olaraq muxtar respublikanın sənət aləmini öyrənir, Naxçıvan teatrının qaranlıq səhifələrini üzə çıxarır, müxtəlif qəzet və jurnallarda, elmi məcmuələrdə maraqlı yazılarla çıxış edir. Bu günə kimi çap olunan monoqrafiya və kitabları, elmielmi-publisistik məqalələri ancaq faktlara, tarixi sənədlərə söykənmişdir.

Yeri gəlmişkən bir nüansı xüsusi qeyd edək ki, müxtəlif mənbələrdə Naxçıvanda peşəkar teatrın yaranması uzun müddət 1886-cı il olaraq göstərilirdi. Ancaq Əli Qəhrəmanov öz araşdırmaları ilə bu tarixin həqiqəti əks etdirmədiyini, əslində Naxçıvanda peşəkar teatrın əsasının 1883-cü ildə qoyulduğunu sübut etdi. Bu tarix Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin qeyd olunması barədə 2008-ci ilin 31 yanvarında imzaladığı sərəncamda əksini tapdı.

Əli Qəhrəmanovun digər araşdırmaları kimi, «Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı» (2004) adlı irihəcmli kitabı da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Bu kitab 30 illik gərgin və yaradıcı əməyin qiymətli məhsuludur. Alimin “Naxçıvan teatrı müstəqillik illərində (1991-2008)”, “Naxçıvan teatrı: intibah yollarında (1883-1920)” (2008) kitab və monoqrafiyaları da gərgin axtarışların nəticəsidir.

Tədqiqatçının “Naxçıvan teatrının salnaməsi” (2010) adlı fundamental kitabını isə onun elmi yaradıcılığının zirvəsi hesab etmək olar. 739 səhifəlik bu nəşrdə qədim Naxçıvan diyarının mədəniyyət tarixinin qaynaqları, teatr sənətinin inkişaf yolu, onun xalqımızın inkişafındakı rolu arxiv materialları əsasında izlənir, bir bütün olaraq nəzərdən keçirilir.

Onun tədqiqatlarında Naxçıvan torpağının yetirməsi olanxarici ölkələrdə yaşamış sənət adamlarının yaradıcılıq yolunun öyrənilməsi də xüsusi yer tutur. Araşdırmaları sayəsində XX əsrin əvvəllərində Cənubi Azərbaycanda, qədim mədəniyyət beşiyi Təbrizdə yaşamış Böyük xan Naxçıvanlının buradakı teatr mühitinin inkişafındakı xidmətləri geniş ictimaiyyətə məlum olmuşdur. Yenə onun Naxçıvanda anadan olmuş, rəssamlıq sənətinin inkişafında böyük xidmətlər göstərmiş İbrahim Səfiyev və Əkbər Kazımbəyov haqqındakı araşdırmaları mədəniyyət tariximizin öyrənilməsinə dəyərli töhfə hesab edilməlidir.

Əli müəllim bu günböyük əzmlə axtarışlar aparır. İnanırıq ki, bundan sonra da o, yeni-yeni kitabları ilə elmimizi zənginləşdirəcək. Çünki o, bütün varlığıyla sənət dünyasına bağlı insandır, axtarış aparmadığı, arxiv sənədləri ilə işləmədiyi vaxtları ömründən saymır...

Baharda dünyaya göz açan Əli Qəhrəmanova neçə-neçə bahar nəfəsli, yaz hərarətli illər və cansağlığı, yeni yaradıcılıq uğurları arzu edirik.

 

Əbülfəz Quliyev

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,

akademiyanın müxbir üzvü

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 12.