“Bakı yaddaşımda çox gözəl, beynəlmiləl bir şəhər kimi qalıb”

 

Elə mədəniyyət xadimləri var ki, onları müxtəlif ölkələr arasında əlaqələndirici vəsilə adlandırmaq olar. Rəssam Yuri Savçenko da belə sənət adamlarından biridir. O, Bakıda doğulub, həyatının böyük hissəsini Ukraynada keçirib, indi isə Rusiyada yaşayıb-yaradır. Buna görə də Y.Savçenko üç ölkəni özünə doğma sanır, Rusiyada ilk fərdi sərgisinə də buna uyğun ad seçib - “Zaman. İnsanlar. Şəhərlər”.

Rusiya-Azərbaycan Dostluq Mərkəzindən bildiriblər ki, ekspozisiyadakı rəsmlər bir vaxtlar vahid ölkədə (SSRİ) yaşamış sadə insanlardan bəhs edir. Yuri Savçenko deyir: “Sistemlər, ölkələr, sərhədlər dağılsa da, insanlar əvvəlki kimi əməksevər, vətənpərvər, şən, ailəcanlı olaraq qalıblar... Mən hamı ilə, o cümlədən Azərbaycanda və Ukraynada yaşayan insanlarla ünsiyyətdə oluram, yenə də dostluq edirikbu, düzgün qərardır”.

60 rəsmdən ibarət bu ekspozisiyanı dəyərli edən onun üç ölkənin tarixini, adət-ənənələrini, həm insani, həm də mədəni baxımdan daim bir-birinə yaxın adamları əks etdirməsidir. Y.Savçenko etiraf edir ki, Azərbaycana həsr edilən rəsmləri yaddaşına istinadla çəkib. Bu zaman Azərbaycan rəssamlıq məktəbinə səciyyəvi olan texnikadan istifadə etməyə çalışıb. Rəssam uşaqlıq illərini, xüsusən Bakını xoş duyğularla xatırlayır: “Bakı yaddaşımda çox gözəl, beynəlmiləl, özünəməxsus bir şəhər kimi qalıb. Bu şəhərdə müxtəlif millətlərin nümayəndələri yaşayır və onların hər biri genetik mədəni kodun daşıyıcılarıdır. Bu mədəni kodlar bir yerə cəmləndikdə maraqlı nəticə alınır. Mən yenidən Bakıda olmaqbu hissi duymaq istərdim”.

Rusiya-Azərbaycan Dostluq Mərkəzindən (RADM) olan qonaqlar Y.Savçenkoya Bakının qədim hissəsi - İçərişəhər haqqında kitab hədiyyə etdikdə, rəssam buna çox sevinib.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 8.