Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

 

Martın 30-da Məmməd Səid Ordubadinin xatirə muzeyində Dövlət Din Tarixi Muzeyi və Cəlil Məmmədquluzadənin ev-muzeyi ilə birgə Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirildi.

“Soyqırımı faciəsi” mövzusunda tədbiri muzeyin bələdçisi Nərmin Baxşıyeva açaraqUnudulmayan faciə” adlı məruzə ilə çıxış etdi.

M.S.Ordubadinin xatirə muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə ədibin “Qanlı illər” əsərində 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlar haqqında qiymətli bilgilərin yer aldığını diqqətə çatdırdı.

Bildirdi ki, əsər uzun illər dərc edilməyib və xalqımız burada yazılan əsl həqiqətlərdən xəbərsiz qalıb. 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 12 minə yaxın soydaşımız qətlə yetirilib. Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

Qeyd edildi ki, xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək faciə qurbanlarının xatirəsi qarşısında hər birimizin müqəddəs borcu olmalıdır.

Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, C.Məmmədquluzadənin ev-muzeyinin elmi işçisi Fazilə Hümbətova və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşdülər. Sonda tədbir iştirakçıları muzeydə soyqırımına dair guşə ilə tanış oldular.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.-  1 aprel.- S. 6.