Tarixin qanlı salnaməsi

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Tariximizin faciəli səhifəsi” adlı tədbir təşkil olunub.

Tədbirdə kitabxana əməkdaşlarının 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı hazırladıqları təqdimat nümayiş olunub.

Kitabxananın direktoru Oruc Quliyev, məktəbin direktoru Telman Qardaşov, AMEA-nın doktorantı Ülvi Quliyev, kitabxananın əməkdaşı Gülzadə Quliyeva soyqırımı tarixindən söz açıblar. Məktəbin şagirdlərinin iştirakı ilə kompozisiya nümayiş etdirilib.

* * *

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində də 1918-ci ilin mart qırğınlarının ildönümü ilə bağlı tədbir təşkil olunub. Cəlilabad rayon məktəblilərinin və tələbələrin iştirakı ilə təşkil olunmuş tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Gülnar Aslanova tarixi faciə barədə danışıb. Sonda 1918-ci il mart hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

* * *

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində elmi-nəzəri konfrans keçirilib. Tədbirin iştirakçıları əvvəlcə şəhərin orta ümumtəhsil məktəb şagirdlərinin “31 mart - azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” mövzusunda çəkdikləri rəsm əsərlərinə baxıblar.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, Milli Məclis deputatlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri konfransda ermənilər tərəfindən əsrlər boyu xalqımızın başına gətirilən müsibətlər tarixi mənbələrə əsaslanaraq, faktlarla diqqətə çatdırılıb. Sənədli film təqdim olunub.

* * *

Siyəzən Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi rayon ictimaiyyəti ilə birlikdə Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Ekskursiya zamanı Qubada aşkar olunan kütləvi məzarlıq və memorial kompleksdə tarixi sənəd və faktlar əsasında yaradılmış zəngin muzey barədə məlumat verilib.

* * *

Astara rayon Mərkəzi kitabxanasında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova, MKS-nin direktoru Tural Eyvazov və digər çıxış edənlər bildiriblər ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir. Bu soyqırımı bəşər tarixində ən qəddar cinayətlərdən biridir.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 4.