Tanınmış teatr rəssamı vəfat edib

 

Azərbaycan teatr ictimaiyyətinə itki üz vermişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı butaforçu rəssamı, Əməkdar mədəniyyət işçisi Konstantin Xristoforoviç Triandafelidze uzun sürən xəstəlikdən sonra 3 aprel 2016-cı il tarixində vəfat etmişdir.

K.Triandafelidze 1927-ci ildə Bakıda doğulmuşdur. Uşaqlıqdan incəsənətə maraq göstərmiş, rəsm çəkməyə meylliliyi onu rəsm dərnəyinə yazılmağa sövq etmişdir. 1941-ci ildə “Nizami” kinoteatrında rəssam şagirdi kimi işə qəbul olunmuş, 1942-ci ildə Vano Sturua adına Bakı gəmi təmiri zavodunda əmək fəaliyyətinə başlamışdır. Eyni zamanda rəssamlıq məktəbində də təhsilini davam etdirərək 1951-ci ildə məktəbi bitirmişdir. Rus Dram Teatrında rəssam kimi fəaliyyət göstərən müəllimləri K.Triandafelidzenin istedadını nəzərə alıb onu teatrda butafor sənətinə gətirirlər. 1951-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Adil İsgəndərov onun əl işlərini bəyənərək teatra dəvət etmişdir. O, 1951-1974-cü illərdə Akademik Dram Teatrında butafor sexinin rəisi işləmişdir. 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışaraq butafor sexinə rəhbərlik etmişdir.

1982-ci ildə Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində təbiət qoynunda guşənin tərtibinə görə Azərbaycan SSR Mədəniyət Nazirliyinin təşəkkürnaməsi ilə təltif edilmişdir. 1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Teatrda mürəkkəb dekorasiya və butaforların hazırlanmasında xüsusi səy göstərən rəssam hər zaman səmərəli təklifləri ilə tamaşaların bədii tərtibatının uğurlu alınmasına çalışaraq istedad və təfəkkürü sayəsində özünü peşəkar sənətkar kimi təsdiq etmişdir. Teatrdakı fəaliyyəti ilə yanaşı, şəxsi emalatxanasında yaradıcılıqla məşğul olan sənətkarın rəsm əsərləri və hazırladığı maketlər respublikamızda sənətsevərlərin, eləcə də ABŞ, Almaniya, Kambocadan şəhərimizə gələn qonaqların diqqətini cəlb edərək böyük marağına səbəb olmuşdur.

Konstantin Triandafelidzenin xatirəsi teatr ictimaiyyətinin və onu tanıyanların qəlbində uzun müddət yaşayacaqdır.

Allah rəhmət eləsin.

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 14.