Qaytağ” tikmələri

 

Qaytağ” (qaraqaytaq) adlanan qiymətli tikmə nümunələri Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna 1925-ci ildə daxil olmuşdur. Bu tikmələri yaradan və məişətdə, adət-ənənələrində istifadə edənlər Azərbaycanın şimal-qərbində, Dağıstanda yaşayan avar, dargin, qaytağ və kubaçilər olmuşlar.

Qaytağ” tikmələri XVI əsrdən etibarən hazırlanmağa başlanmışdır. Bu işləmələr saraylardaya şəhər emalatxanalarında deyil, xalq tərəfindən hazırlanmışdır. İlk öncə sandıq, beşik örtüyü, atqı kimi, sonra doğum, toy, dəfn mərasimlərində istifadə edilmişdir. “Qaytağlar ən arxaik elementlərlə, bədii özəllikləri, dini inancları əks etdirən motivlərlə bəzədilib. Onlar nəzərlik, magik müalicəvi, təbiətdə baş verən faciələrdən qorunmaq kimi əhəmiyyət daşıyır. Bu tikmələrdən - doğum, düyünölüm kimi insan həyatının hər üç mərhələsində istifadə edilirdi.

Qaytağlar üzərindəki günəşin - svastika, xaçabənzər, dairə, çərxi-fələk kimi müxtəlif təsvir formaları, qarmaqlar, üçbucaq, səkkizbucaqlı ulduz, ziqzaq kimi həndəsi və quş, əl, insan obrazını xatırladan naxış və şux rəngli koloriti ilə çox baxımlıdırlar. İşləmələrdə stilizə edilmiş geometrik formalı nəbati motivlər, qədim ərəb yazılarına bənzər hərflər, hətta səlcuqlu motivləri sayıla bilən naxışlar da mövcuddur. “Qaytağ” tikmələrində müxtəlif emblem tipli ay-ulduz nişanlarına da rast gəlinir. Yerli xalq bunlara qadın və kişi başlanğıcı kimi müxtəlif şərti adlar vermişlər. Dəniz mənzərəsini canlandıran qarmaqlı, dalğalı motivlər, heç şübhəsiz, Dağıstana Xəzərlə sərhəd bölgələrdən gəlmişdir. Tikmələrdəki totem kimi qoyun kəlləsi - ocağı qoruyan talisman, buynuz - nəzərlik, maral - uğur gətirəcək məna kəsb edən onlarla damğalar, “S” formalı, quş ayağı, üç diş forması və digərləri də vardır.

“Qaytağ”ın görünən üz tərəfində ipək saplarla sırığabənzər tikişlər vurulur, bunlar Türkiyədə yayılmış “Buxara atması” texnologiyasına çox yaxındır. Bu tikmələr bir qayda olaraq 100x50 sm. ölçülü parça üzərində tikilirdi. Azərbaycanın Nuxa (Şəki) bölgəsindən gətirilən ipək saplarla isə “Qaytağa xüsusi incəlik vermişlər. “Qaytağ” tikmələrində Türk, İran xalılarında, məxmər parçalarında olan motivlərə rast gəlinir. Bu fakt qonşu ölkələrlə mal mübadiləsi, mədəni bağlılığın olduğunu sübut edir.

Qaytag” XIX-XX əsrdən başlayaraq Avropaya satışa çıxarılmışdır. Avropada bu nümunələrə göstərilən geniş maraq nəticəsində 1993-cü ildə Londonda 171 ədəd “qaytağ” rəsminin daxil edildiyi kataloq nəşr edilmişdir. 1994-cü ildə Paris, İstanbul, Boston, Stokholm, 1995-ci ildə Berlin, Melburn, Sidney, 2003-cü ildə yenə İstanbulda sərgilər təşkil edilmişdir. Bu gün də dünyanın tanınmış muzeylərində - Sankt-Peterburqun Ermitaj, Etnoqrafiya, Moskvanın DekorativXalq Sənəti Muzeyində və s. “qaytağ” nümunələri qorunmaqdadır.

 

Xədicə Əsədova

Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 12.