Xarici turistlər ölkəmizdə rahattam təhlükəsiz şəraitdə istirahət edə bilərlər

 

Zəngin tarixə və mədəniyyətə malik Azərbaycan dünyanın hər yerindən olan turistləri özünə cəlb edir. Əsrarəngiz təbiət və tarixi memarlıq abidələri, həmçinin xalqımızın min illərdən bəri formalaşan qonaqpərvərlik və tolerantlıq ənənələri ölkəmizə marağı daha da artırır.

Bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan nefti, mədəni irs, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik, qastronomik və qış turizminin inkişafı üçün şərait yaradır.

Ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. İndi dünyanın istənilən ölkəsindən olan xarici vətəndaşlar bu turist vizalarını ən geci 5 gün ərzində elektron qaydada əldə edirlər. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab edilən ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi prosesinin davam etdirilməsi nəzərdə tutulur.

Ölkəmizdə olan mövcud potensial, həyata keçirilən layihələr, görülən işlər Azərbaycanın turizm sahəsinin günü-gündən inkişafını təmin edərək, tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəyinə əminlik yaradır. Son dövrlər ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması və əldə olunan gəlirlər də bunu deməyə əsas verir. Bu tendensiya 2016-cı ildə də davam edir. Bu ilin əvvəlindən başlayaraq, xüsusilə də Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunmuşdur.

Məlum olduğu kimi, qarşıdan gələn yay turizm mövsümü ilə bağlı ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri gözlənilir.

Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var və turistlərin sayının artırılması üçün həm nazirlik, həm də turizm sənayesi tərəfindən əlavə tədbirlər həyata keçirilir.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 9.