Sənət zamanı geri qaytara bilir

 

Xalq rəssamı Cahangir Rüstəmovun 90 illik yubiley sərgisi

 

XX əsr Azərbaycan realist rəssamlığının tanınmış nümayəndələrindən biri Xalq rəssamı Cahangir Rüstəmovdur. Rəssamın yaradıcılığını sevənlər onu anmaq üçün aprelin 1-də Azərbaycan Milli İncəsənət Muzeyinə toplaşmışdılar.

 

Sənətkarın 90 illik yubileyinə həsr olunmuş xatirə sərgisinin açılışında nazir müavini Ədalət Vəliyev çıxış edərək Cahangir Rüstəmovun Azərbaycan təsviri sənətinin inkişafında gördüyü böyük işlərdən söz açdı. O, Rüstəmovlar ailəsinin təsviri sənət sahəsində xidmətlərindən, bu gün həmin ənənələrin ləyaqətlə davam etdirilməsindən danışdı.

Muzeyin direktoru Çingiz Fərzəliyev mərhum rəssamın həyat yaradıcılığı haqqında iştirakçılara bilgi verdi.

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sənətkarın əsərlərindəki özünəməxsusluqdan, onun mövzularındakı canlı həyatdan bəhs etdi.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov mərhum C.Rüstəmovla dostluğundan, onun sənətə gəlişindən, yaradıcılığındakı millilikdən, insani keyfiyyətlərindən söz açdı.

Xalq rəssamı Fuad Salayev rəssamı xoş duyğularla xatırladı.

Rəssamın oğlu Eldar Rüstəmov tədbirin təşkilatçılarına gələn qonaqlara atasının yaradıcılığına verdikləri yüksək dəyərə görə sayğısını ifadə etdi.

Sonra iştirakçılar sərgi ilə tanış oldular.

Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi əsərləri nümayiş etdirilir. Onların içərisində sovet dönəminin əmək qəhrəmanlarının portretləri, mənzərələr, tematik tablolar yer alır. İrihəcmli tablolar əlvan rəngləri, obrazların milli görkəmi ilə sanki canlı olduqlarını göstərirlər. Buradan bir düşüncə yaranır: sənət zamanı özündə saxlaya, geri qaytara bilir. Sənət insana keçmişi yenidən yaşamaq imkanı yaradır. Bu əsərlərdə təsvir olunan sadə kənd zəhmətkeşləri, kolxozçular, əmək qəhrəmanları - hamısı bizim xalqın övladlarıdır. Rəssam böyük ustalıqla onların üzlərindəki doğmalığı, gülüşü, həyata inamı bugünkü soydaşlarına çatdıra bilib. Sənətin ölməzliyi bundadır.

Sərgidə rəssamın müxtəlif illərdə çəkdiyiBakı”, “Alüminium zavodu”, “Tozağacı”, “Kür mənzərəsi”, “Şahdağ”, “Göyərçinlər”, “Balaca köməkçi”, “Axşam mənzərəsi”, “Tələbə qız”, “Rəfiqələr”, “Tarla zəhmətkeşləri”, “Cənublular. Sosialist yarışının qalibləri”, “Doğma yerdə”, “Yaşıl çay plantasiyası”, “Üzümçülər”, “Natürmort”, “Müharibə illəri”, “Komsomol briqadası”, “Kolxozçular”, “Şəhidlərə ithaf”, “Torpağın oyanması s. başqa əsərləri nümayiş olunur.

Bildirək ki, C.Rüstəmov 1926-cı ildə Şəkidə anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, lakin ailəsinin maddi çətinliyi üzündən təhsilini yarımçıq qoyub. Buna baxmayaraq, rəssam yaradıcılığından qalmayıb, dəyərli əsərlər yaradıb.

Rəssamın əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Macarıstan, İran, Suriya, Livan, Rumıniya və başqa ölkələrdə nümayiş etdirilib, bir çox muzeylərin, qalereyaların fondlarında saxlanılır.

C.Rüstəmov 1982-ci ildə “Əməkdar rəssam”, 2004-cü ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 2007-ci ildə vəfat edib.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.-  6 aprel.- S. 8