Azərbaycanla Körfəz ölkələri arasında əməkdaşlıq inkişaf edir

 

Mədəniyyət və turizm naziri Qətərin paytaxtı Dohaya səfərə gedib

 

Aprelin 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfərə gedib.

 

Səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilibbununla bağlı mətbuat konfransı təşkil edilib.

Təqdimatda ölkəmizin turizm imkanları nümayiş olunub, reklam çarxları göstərilib, iştirakçılara sağlamlıq, ovçuluq, qış turizmi növləri ilə bağlı çap məhsulları paylanıb.

Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, Azərbaycan Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır. Nazir region ölkələrinin səyahət həvəskarlarını Azərbaycana dəvət edib.

Tədbirdən sonra Qətərin İslam Muzeyi ilə tanışlıq keçirilib, XVIII əsrin sonundan başlayaraq yüz ildən artıq İranda hakim sülalə olmuş Azərbaycan-türk soylu Qacarlara həsr edilmiş sərgi nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası və Körfəz ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mədəniyyətin və turizmin təbliği, təşviqi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Məlumat üçün bildiririk ki, bu istiqamətdə 2011-ci ildən nazirliklə “Atlantis Holidays” şirkəti arasında müqavilə bağlanıb və müqaviləyə əsasən Körfəz ölkələrində Azərbaycanın turizm potensialı təbliğ edilir. Bununla yanaşı, həmin ölkələrin vətəndaşlarının viza rəsmiləşdirilməsi cari ildən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sadələşdirilmiş şəkildə həyata keçirilməyə başlanıb. Bu da Körfəz ölkələrindən Azərbaycana turist axınının artmasına səbəb olub.

Səfər zamanı həmçinin Körfəz ölkələri ilə mədəniyyət və turizm sahələrində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunması ilə əlaqədar ikitərəfli görüşlər də keçirilib.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 2.