Bütün dünya - bir sərgi”

 

Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi 15 illik yubileyini qeyd edir

 

Aprelin 7-dən 9-dək Bakı Expo Mərkəzində ənənəvi Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF 2016) keçiriləcək. Bu il 15 illik yubileyini qeyd edən sərgi ötən müddətdə Xəzəryanı regionun turizm sənayesinin qovşağı statusunu qazanaraq mühüm görüşlərin keçirildiyi, sazişlərin imzalandığı, yeni proqram və istiqamətlərin anons edildiyi məkana çevrilib.

AİTF əsası qoyulduğu gündən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgiyə həmçinin Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) kimi beynəlxalq strukturlar tərəfindən dəstək verilir. Sərginin təşkilatçıları “Iteca Caspian” və onun tərəfdaşı olan “ITE Group” (Böyük Britaniya) şirkətidir.

“AİTF 2016”da 40-dək ölkədən rəngarəng turizm istiqamətlərini təqdim edəcək 200-dən çox şirkətin iştirakı gözlənilir. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, MonteneqroÇexiyaBaku Expo Center”də milli pavilyonlar ilə çıxış edəcəklər.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) stendində ölkəmizin turizm şirkətləri, hotel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları isə Azərbaycanın daxili turizm potensialını bütün çalarları ilə nümayiş etdirəcək.

Ənənəvi olaraq “AİTF 2016” ilə yanaşı Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi («HOREX Caucasus 2016») keçiriləcək. Regionun yeganə ixtisaslaşmış hotelrestoran sənayesi sərgisi də bu il 10 illik yubileyini qeyd edir.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 2.