Baletdə bir Nigar var...

 

Hər şey güzgünün qabağında fırlanaraq rəqs etməkdən başlayır. Belini düz tutursan, qollarını yana açırsan, ayaq barmaqlarının ucunda səntirləyə-səntirləyə yeriməyə çalışırsan... Yox, bunlardan əvvəl saçını əsl balerina kimi yığmalısan. Az qala unutmuşdum! Əsas məsələ: kolqotqa təkbaşına, özü də ayaqlarında burulmadan geyinmək lazımdır. İndi radioda, kompüterdə, lap elə telefonda xoşuna gələn musiqini tapmaq, səsini ucaltmaq mərhələsidir. Beləcə, başlayırsan!..

 

Güzgü nəyə lazımdır? Ona görə ki, hələ sənin tamaşaçın yoxdur. Hələ ki sən öz-özünə tamaşa edirsən. Qalanı - böyük səhnə, gur işıqlar, dəstə-dəstə güllər, tamaşaçıların salonu titrədən alqışları - bunlar sonra olacaq.

Yox, bu səhnə nə hansısa filmdəndir, nə də romandakı təsvirdən. Sadəcə, dünyanın hər yerində nə vaxtsa balerina olmaq arzusuna düşən Düyməcik kimi zərif qızcığazların hər kəsdən gizlin baş tutan ilk məşqləri təxminən bu cür baş verir.

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ilə yerində, qrim otağında söhbət edirik.

Məşqdən təzə çıxıb, azacıq yorğun görünür. Bir qədər də sıxılsa da, yaxşı həmsöhbətdir. Verdiyim suallara lap əlaçı şagird kimi ətraflı cavab verməyə çalışır. Müsahibimin sıxıntısını aradan qaldırmaq, çəkingənliyini azaltmaq üçün yüngülcə zarafat edirəm. Görkəmimizdəki fərqə işarə vurub balerinanın qarşısında hətta normal çəkili qadının sıxılmalı olduğunu deyirəm. Nigar xanım hətta ən gözəl qadınların da öz xarici görkəmi ilə kompleks yaşadıqlarını deyib mənə təskinlik verir. Gülürük. Aramızdakı gərginlik də keçib gedir. İndi müsahibəyə başlamaq olar.

 

- Nigar xanım, ömrünü balet sənətinə həsr etmək fikri sizdə necə yarandı?

- Valideynlərim ixtisasca həkimdirlər, incəsənəti də çox sevirlər. Altı yaşım olanda anam məni xoreoqrafiya məktəbinə apardı ki, hələlik rəqs edim, həm uşaqlıq həvəsim keçsin, həm də qamətim düzgün inkişaf etsin... Demə, bu həvəs ötəri deyilmiş. Üstəlik, xoreoqrafiya məktəbində uşaqların fiziki hazırlığını, bədən quruluşunu yoxladıqdan sonra onları - milli rəqs və klassik rəqs, yəni balet bölməsinə istiqamətləndirirlər.

- Sözsüz ki, təkcə həvəs rol oynamayıb. İstedadın və fiziki görünüşünrolu az deyil.

- Əgər təbiətdən uşağın plastikası varsa, davamlı məşqlər bu qabiliyyəti inkişaf etdirəcək. Amma bizim sənətimiz qeyri-adi sənətdir. Uşaqlıqdan təkcə fiziki yox, həm də mənəvi, psixoloji baxımdan möhkəmlənməli, öz üzərində işləməlisən. Biz səhnədə danışmırıq: sadəcə, musiqini dinləyərək hərəkət edir, müəllifin, quruluşçu baletmeysterin bu əsərdə demək istədiyini jestlərlə, konkret hərəkətlər qrupu ilə çatdırırıq.

- Salondan baxanda hər şey elə asan, elə rahat görünür ki... Halbuki baletdə yaranan hər obrazın arxasında uzun hazırlıq, məşq prosesi durur. Gecələr sızıldayan əzələlərin ağrısı da bir tərəfdən...

- Elədir. Həqiqətən , balet əsəri tamaşaçıya hazır, maraqlı geyimdə, hissləri çatdırmağa kömək edən parlaq fərqli qrimdə təqdim edilir. Amma tamaşaya qədər çox uzun, əziyyətli bir proses var. Məşq zalında hər bir hərəkəti xırdalıqlarınadək saatlarla, günlərlə məşq edirsən. Tərəfdaşınla da mütləq bir-birini anlamalısan ki, sənin oyunun tamaşaçıya təsir etsin.

- Bu yerdəcə bir məqama toxunmaq istəyirəm. On ildən çoxdur ki, bizim teatrın solistisiniz. Ara-sıra digər teatrlarda çıxış edirsiniz. Bu yaxınlarda Minskdə «Jizel» baletində əsas partiyanı ifa etdiniz. Hazır tamaşaya qəfil daxil olmaq çətin deyil ki? qədər klassik əsər olsa da, baletmeysterlərin quruluşları fərqlidir...

- Elədir. Belarus Böyük Teatrının repertuarındakı «Jizel» tamaşası bizim alışdığımız tərzdə tamaşaya qoyulmayıb. Onların «Jizel»ində daha zərif oynamaq lazımdır, tamaşa da bir növ qədim qravüra rəsmlərini xatırladır. Hətta teatrların əksəriyyətinin imtina etdiyi müəyyən musiqi parçaları da ifa edilir.

- «Jizel» hər bir balerina üçün bir növ möhürdür. Əgər balerina Jizeli ifa etmək üçün başqa teatra dəvət alırsa, deməli, o, artıq sənətkarlığın müəyyən bir həddinə çatıb.

- Bəlkə .

- Bəlkə ?

- O fikrinizlə razıyam ki, bir neçə günün içində tamam başqa quruluşda hazırlanmış tamaşaya daxil olmaq çətindir. Həm səhnələrin ölçüsü başqadır. Məsələn, Kreml Baletinin səhnəsi hətta Böyük Teatrın səhnəsindən böyükdür. Səhnəni əhatə etmək, ifanla doldurmaq adama bir qədər çətinlik yaradır. Amma başqa teatrın səhnəsində öz ölkəni, öz balet məktəbini təmsil etməyin məsuliyyəti ayrı bir hissdir. Bu hiss adamı fikrini cəmləşdirməyə vadar edir, çalışırsan ki, daha yaxşı, daha maraqlı çıxış edəsən.

- Nigar xanım, baletdə nəyi öyrənmək olar, nəyi yox?

- Əgər zəhmətkeşsənsə, yaxşı pedaqoqun varsa, ifa texnikan mütləq mükəmməl olacaq. Amma emosionallıq, hərəkətlərin ifadəliliyi daxildən gəlməlidir. Ola bilsin ki, zahirən nəyisə təsvir etməyi öyrənəsən. Amma tamaşaçı bu fərqi mütləq tutacaq! Tamaşaçı balet artistinin energetikasını duyur. Teatrdan da fərqli emosiyalarla ayrılır.

- vaxtsa, ürəyinizdən keçib ki, sözlü bir rol oynayasınız? Məsələn, teatrda. Ya da iri planlar üçün mənalı üz cizgilərinin tələb olunduğu filmdə çəkilmək təklifi almısınız?

- Yox, təklif olmayıb. Amma özümü dramatik aktrisa kimi sınamaq maraqlı olardı.

- Təxminən bir ildir ki, çoxpilləli tədris ocağı kimi Bakı Xoreoqrafiya Akademiyası fəaliyyətə başlayıb. Özünüzdə bu sahədə elmi-pedaqoji işə həvəs hiss edirsinizmi? - Hələ ki yox. Mən öyrənməyə daha çox ehtiyac duyuram, nəinki öyrətməyə. Hətta başqa ölkələrə qastrol tamaşasına yollananda çalışıram ki, orada mənimlə məşğul olan pedaqoqlardan nəsə öyrənim. Yəqin ki, vaxtsa mən təcrübəmi, biliyimi gənclərlə bölüşəcəyəm. Amma bu gün məni səhnədə xaraktercə bir-birindən fərqli olan obrazlar daha çox cəlb edir.

 

«Min bir gecə»də Zübeydə Şəhrizad, «Jizel»də Jizel, «Romeo Cülyetta»da Cülyetta, «Don Kixot»da Kitri, «Françeska da Rimini»də Françeska, «Yeddi gözəl»də Hind gözəli Gözəllər gözəli, «Qu gölü»ndə Odetta-Odilliya, «Eşq Ölüm»də Ölüm... Bu siyahını uzatmaq da olar. Amma onun adı Nigardır. Adını daşıdığı dastan qəhrəmanı kimi mübariz gözəl. Fərq ondadır ki, bu Nigar onu səhnədə alqışlayıb həyatda sevəcək baş qəhrəmanına hələ rast gəlməyib.

 

G.Mirməmməd

 

Mədəniyyət.-  2016.- 8 aprel.- S. 11.