Qəhrəman hərbçilərimizlə qürur duyuruq

 

Son günlər Qarabağda, cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycan Dövlət Filarmoniyasında toplantı keçirilib. Əvvəlcə Vətən uğrunda canını verən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

 

Filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadə çıxış edərək, ordu hissələrimizin düşmənin təxribatlarına layiqli cavab verməsi, əsgərlərimizin göstərdiyi şücaət, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyindən danışıb.

Filarmoniyanın kollektivlərinin bədii rəhbərləri, xalq artistləri Rauf Abdullayev, Teymur Göyçayev, Ağaverdi Paşayev, Gülbacı İmanova, bütün ölkə əhalisi kimi, incəsənət xadimlərinin də Silahlı Qüvvələrimizlə, qəhrəman hərbçilərimizlə qürur duyduqlarını bildiriblər.

 

* * *

Dövlət Uşaq Filarmoniyasının kollektivi də bugünlərin ən aktual mövzusunu diqqətdən kənar qoymayaraq Azərbaycan Ordusuna dəstək aksiyası təşkil edib. Aprelin 6-da keçirilən tədbirdə Veteranlar Şurasının üzvləri, Müdafiə Nazirliyinin hərbi hissələrindən zabitlər və filarmoniyanın kollektivi iştirak edib.

Qarabağ müharibəsi iştirakçısı, polkovnik Aqil Haqverdiyev tədbir iştirakçılarına cəbhədəki son hadisələrdən, əsgərlərin əhval-ruhiyyəsindən danışıb. Silahlı Qüvvələrdə xidmət etmiş veteranlar Rafiq Hüseynov, Natiq Əliyev, Əliağa Adışirinov, Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, baş rejissor Fikrət Musayev, Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev çıxış edərək bildiriblər ki, bu gün bütün cəmiyyətimiz Vətən və torpaq naminə bir yumruq kimi birləşməlidir. Çıxışlarda dövlətimizin başçısına inam və dəstək, Silahlı Qüvvələrimizə zəfər arzuları ifadə olunub.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 8 aprel.- S. 7.