Qarabağ cəbhəsində baş verənlər Türkiyə mediasında

 

Son günlər cəbhə xəttində meydana gələn gərgin hadisələr Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini yenidən dünya mediasının gündəminə gətirdi. Ayrı-ayrı ölkələrdə bu mövzuda yayılan xəbər, şərh və rəylərdə obyektiv yanaşma ilə bərabər, bir sıra hallarda Azərbaycana qarşı aparılan təbliğat kampaniyası diqqətdən yayınmır.

 

Bu ölkələrdən fərqli olaraq Azərbaycanın həm sevincli, həm də kədərli günlərində daim ölkəmizlə bir olan qardaş Türkiyə medianın bu məsələyə həssas münasibəti ilə seçilir. Türkiyənin bir çox televiziya kanalları davamlı şəkildə Azərbaycanla bağlantılar qurur, azərbaycanlı tarixçilərin, ictimaiyyət nümayəndələrinin çıxışlarına yer verirlər. Türkiyəli ekspert və mütəxəssislər də bu verilişlərdə öz mövqelərini bildirirlər.

İldırım Bəyazid Universitetinin professoru Salih Yılmaz son bir neçə gündə Türkiyənin bir sıra radioteleviziya proqramlarında Azərbaycanın erməni işğalı altındakı bölgələri, Qarabağonun ətrafında yaranmış məlum gərginliklə bağlı öz fikirlərini dilə gətirib. İki ölkə arasında 1994-cü ildə əldə olunan atəşkəsə rəğmən Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu deyən S.Yılmaz ötən 22 ildə ATƏT-in Minsk qrupunun sülhyaratma səylərinin bir nəticə vermədiyini bildirir. Ekspert televiziya çıxışlarında onu da diqqətə çatdırır ki, Azərbaycan tərəfi 20 ildən çox davam edən sülh danışıqlarında konstruktivlik göstərsə də, qarşı tərəf bu yöndə heç bir addım atmayıb. Bu baxımdan Azərbaycanın Ermənistana hərb meydanında öz yerini göstərməsi təbiidir.

Proqram zamanı Azərbaycanın haqlı olduğunubunu dünya dövlətlərinin dəstəyinin sübut etdiyini dilə gətirən professor fikirlərini belə əsaslandırdı: “Ermənistan bu halı ilə siyasi anlamda çıxılmaz bir vəziyyətdədir. BMT, Avropa İnsan Haqları Məhkəməsi və Avropa Birliyi başda olmaqla bütün beynəlxalq platformalarda işğalçı bir dövlət olaraq xarakterizə edilən Ermənistan bu işğalı davam etdirmək, Dağlıq Qarabağın statusunu da özü istədiyi istiqamətdə zəmanət altına almaq istəyindədir”.

S.Yılmazın fikrincə, cəbhə xəttində erməni qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusu tərəfindən güclü cavab verilməsi və bir sıra strateji əhəmiyyətli yüksəkliklərin nəzarət altına alınması Ermənistan üçün, əslində, gözlənilməz olub: “Beləliklə, Dağlıq Qarabağ cəbhəsində baş verən son olaylar eyni zamanda Azərbaycan Ordusunun qısa müddətdə olduqca sürətli bir manevr gücünə malik olduğunu göstərdi. Bununla Azərbaycan Ordusu Qafqaz ölkələri arasında ən güclü orduya sahib olduğunu da ortaya qoydu”.

Ekspert qeyd edib ki, bu fakt Azərbaycanın Qarabağda hərbi üstünlüyü ələ alacağına və gələcəkdə daha xoş xəbərlərin olacağına işarədir.

Qeyd edək ki, Türkiyə televiziyalarında Qarabağ mövzusu gündəmdə qalmaqda davam edir.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 8 aprel.- S. 7.