Milli təsviri sənətimizin görkəmli siması

 

Bütün zamanlarda incəsənətin gözəlliyi insanı valeh etmişdir. Gözəllik bizə paklıq, ucalıq və həzz bəxş edir. Hər bir dövrün özünəməxsus rəssam obrazı vardır. Bu gün kiməsə rəssam dedikdə yalnız peşə növünü deyil, daha böyük mənaları nəzərdə tutub, nadir yaradıcılıq qabiliyyətinə malik insanı təsəvvür edirik.

 

Ən əsası rəssamın ifadə imkanları və yaradıcılıq dühasıdır.

Müasir Azərbaycan təsviri incəsənətinin ən maraqlı nümayəndələrindən biri, Xalq rəssamı Oqtay Sadıqzadənin həyat və yaradıcılığı bu sözləri qabarıq şəkildə təsdiq edir. Gərək səndə rəssam ruhu olsun ki, bir-birini sevən xoşbəxt bir ailədə ilk övlad kimi doğulub 16 il dərdsiz-qəmsiz yaşadığı halda qəflətən səni ata-anadan məhrum edələr, doğmalarından ayrı düşüb gələcəyə ümidsiz, əzizlərinin taleyindən xəbərsiz dünyanın o biri başına sürgün olunasan, lakin bütün bu çətinliklərdən sınmayasan, əzab-əziyyətə dözüb yaşaya biləsən.

Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə 1921-ci il fevralın 24-də Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. 1935-1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.

1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə tədris ocağını qrafika ixtisası üzrə bitirib.

Təhsilini başa vurduqdan sonra Bakıya gələrək “Azərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzak, Viktor Hüqo, İvan Turgenev, Maksim Qorki, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Rəşad Nuri Güntəkin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.

Oqtay Sadıqzadə Azərbaycan kitab qrafikasında əvəzedilməz rəssamdır. 1954-cü ildə İ.Qasımov və H.Seyidbəylinin əfsanəvi partizan Mehdi Hüseynzadənin qəhrəmanlıqlarından bəhs edən "Uzaq sahillərdə" kitabı onun rəngli illüstrasiyaları ilə çap edilmişdi. Kömürlə işlənmiş başqa illüstrasiyalardan fərqli olaraq bunlar yağlı boya texnikasında yerinə yetirilmişdir. Müəllif baş qəhrəmana xüsusi diqqət ayırır, ən faciəli epizodları təsvir edir: Mixaylonun dostunun ölümü, son döyüşüs. Eyni zamanda kitabda çox koloritli fiqurdöyüş həyat epizodları təsvir olunub ki, bu da ədəbi materialı daha da çox zənginləşdirir.

Onun Viktor Hüqonun “Səfillər” romanına çəkdiyi illüstrasiyalar xüsusilə şöhrət qazanmışdı. Bu kitabın tərtibatı üzərində rəssam 10 il (1954-1964) işləyib. Bu illüstrasiyalarda, hər şeydən əvvəl, əsərin əsas qəhrəmanlarının (Jan Valjan, FantinaKozetta) xarakterlərinin açmasında xüsusi yanaşma diqqət çəkir. Rəssam onların daxili hissləri və insani keyfiyyətlərini çatdırmağı bacarıb.

Oqtay Sadıqzadə tematik tablo, kompozisiyaportret janrlarında çəkdiyi əsərləri ilə də məşhurlaşaraq müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Milli Azərbaycan Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd VurğunBülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət əsərlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnir. Obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşudbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.

Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası (Moskva) kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilir, ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr etmişdir.

Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssam respublikamızın ali mükafatları olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilib, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də vəfat etmişdir, onun yaratdığı əsərlər isə Azərbaycan incəsənət tarixində əbədi olaraq yaşayacaq.

 

Səbinə Ağasıyeva

qrafik-sənətşünas

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 13.