Həmvətənimizin animasiya layihəsi dünyanı fəth edir

 

Aprelin 6-da XarkovdaTartoniks” beynəlxalq Ukrayna-Türkiyə animasiya layihəsinin yaradıcılıq komandası və onun müəllifi, həmvətənimiz Elçin Orucovla görüş keçirilib. Müəllif və onun komandası bu layihənin həyata keçirilməsi üçün həm Türkiyədə, həm də Ukraynada fəal çalışır.

Tartoniks” layihəsinin müəllifi Elçin Orucov həm də “Bir adamın düzəltdiyi animasiya personajlarından ibarət kolleksiyanın müəllifi” nominasiyasında Ukrayna milli rekordunun sahibidir. O, kolleksiyasını “Ginnesin rekordlar kitabı”na salmaq niyyətindədir. Müəllif plastilindən düzəldilmiş personajların bazasında “stop-motionüslubunda animasiya çarxı çəkməyi düşünüb. Sonra isə bu, analoqu olmayan möhtəşəm layihəyə çevrilib. Layihə məktəbəqədər və kiçikyaşlı məktəblilər üçün nəzərdə tutulub. Lakin gələcəkdə auditoriyanın genişlənməsi planlaşdırılır.

Mətbuat konfransında müəllifdən başqa, layihənin baş ssenari müəllifi Valeri Dzex, məşhur ukraynalı karikaturaçı, komiks rəssamı Leonid Storojuk və başqaları iştirak ediblər.

Elçin Orucov 1969-cu ildə anadan olub, M.T.Sidqi adına Naxçıvan şəhər 4 saylı orta məktəbdə təhsil alıb. Uşaqlıqdan rəsmə böyük maraq göstərib, müsabiqələrin qalibi olub. Xarkov Dövlət Universitetinin sosiologiya fakültəsini bitirib. 27 il Ukraynada yaşayıb, həyatının sonrakı dövrü Türkiyə ilə bağlıdır. 2013-cü ildən İzmirdə yaşayır. Burada özünün animasiya studiyasını yaradıb. Səkkiz ilə yaxındır “Tartoniks” layihəsi üzərində çalışır.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 13.