Tofiq Mütəllibov

 

Otuzacan kitabındakı üç minədək şeirindən üç yüzə qədərinə mahnı yazılmış şair...

 

İndilər xatirəsi heçtez-tez anılmayan, yaradıcılığına adekvat xatırladılıb-tanıdılmayan (məşhur “Cücələrim” mahnısının müəllifliyi istisna edilməklə) bu şairin, bir vaxtlar adı efir-ekrandan, imzası qəzet-jurnaldan, özü-sözü tribunalardan düşmür, şeri, yeri məclislərdən əskik olmurdu...

 

Əslində, indilər onun xatirəsinə bəslənilən bu mətbu susurluğun, yeni ədəbiyyat adamlarının ondan, bəzi çağdaşlarına nisbətdə az bəhsetmələrinin bir “günah”ı da elə onun öz xarakterilə ilgilidir. Belə ki, Tofiq Mütəllibov, sağlığında dövrün bəzi “ədəbi-ədibi dəblər” axarına düşmür, saxtacanlara dəyən”, alabaxta “yeyib-içən” yarlıqlı həmkarlarına çox da yovuşmurdu. Çalışdığı mətbu orqanlardakı sənət-incəsənət səhifələrini qeyri-ciddi üslublardan, “dayoğlu-xaloğluimzalardan qoruyur, “Hippokrat andı” şeirində dediyiKimin ki şeir oduna qəlbi alışdı, yandı, Yazmağa başlamamış - içsinNizami andı”, içsinFüzuli andı!” kimi güzəştsiz tələblərlə yanaşan köhnə söz yiyələrindən biri olaraq, yenibez” yiyələrində cari küskünlükperspektiv unutqanlıq hissləri yaratmaqdan çəkinmirdi.

Bütün bunlar isə, yuxarıda vurğuladığım nüansı ehtiva etmədə...

Zəmanənin “məcbur” çeşnili, “məhkum” çeşidli palazına bürünməli olsa da, “sovet eli” ilə sürünməməyə çalışan -

 

Bu şair

 

əsil ziyalılığın, vətəndaş-sənətkarlığın yuxarıda vurğulanan çox gərəkli elementlərini ilk olaraq, doğulduğu (1929) ziyalı ailəsindən, Naxçıvan şəhər orta məktəbindəki yüksək təhsil-təlim mühitindən və Bakıda - zaman-zaman mütaliə etdiyi böyük klassiklərimizdən, habelə qələmli bir jurnalist, polidiapazon publisist, istedadlı bir şair kimi, tez-tez ünsiyyətdə olduğu məşhur çağdaşlarından əxz etmişdi.

Elə bizim o dövrkümilli” mətbuat orqanlarımız da, beş-on bu qəbil ciddi qələm əhli hesabına, “mərkəzi pressa” böyükləri qarşısında “plandan əlavə” uşaqlaşmır, milli qırım-durumumuzdan çox da uzaqlaşmırdı...

Bu sonuncu söz bu şairin yaradıcılığı ilə bağlı çox ciddi bir faktı da xatırlatdı mənə. Belə ki, Tofiq Mütəllibov, sonralar öz adını və hamımıza məxsus milli musiqi namımızı dünyaya daşıyası “Cücələrim”i hələ orta məktəb şagirdi olarkən yazmışdı. İlk səslənişindəncə dillər əzbərinə çevrilən bu nəğmə o vaxt gənc müəllifin Azərbaycan Yazıçılar Ittifaqına (AYB-yə) üzv qəbul edilməsi üçün dilsiz-qələmsiz bir “zəmanət”ə çevrilir. Lakin, bütün dövrlərdə olduğu kimi, yaxşı insanlar işi belə sayırkən, siyasi fələk - bolşevik “cip-cip”çilər onun Yazıçılar İttifaqına daxil olmaq üçün yazdığı ərizəsini “Azərbaycan ədəbiyyatını və ədiblərini məsxərəyə qoymaqkimi mənalandırırlar. Əgər iclasa gecikən S.Vurğun lap sonda gəlib çıxmasa və məsələnin müsbət həll olunmasını təklif etməsəymiş, bəlkə də - sonralar məşhur “Nu, poqodi!”də də səsləndirilən bu melo-şedevrin mətn müəllifi Tofiq Mütəllibov istedadı söndürüləcəkmiş...

O iclasda Yazıçılar İttifaqına üzv qəbul edilən Tofiq o olayı belə xatırlayırdı: “...Həmin iclas mənim üçün bir məktəb oldu. İclas başlananda mənim varlığıma məhəl qoymayan, qəbul məsələsi ortaya çıxanda məni didib-parçalamağa hazır olan, lakin sona yaxın özünü iclasa yetirən S.Vurğunun bir sözüylə (həm də ittifaqın sədri olduğuna görə!) fikirlərini dərhal dəyişən adamlar iclasdan sonra məni təbrik etməyi, heyranlıqlarını bildirməyi özlərinə əsla ayıb saymadılar. Mənsə, elə həmin gündən insanlara sözünə görə yox, əməlinə görə qiymət vermək lazım gəldiyini birdəfəlik anladım...”

Gəldi-gedər bir dövrün həmin yamanlarından incisə də, əbədi həyatın yaxşılarından güc alıb dirçələn və yorulmadan yazıb-yaradan Tofiq Mütəllibov yaddaşlara gözəl bir Azərbaycan şairi, diqqətlərə Əməkdar incəsənət xadimi kimi düşdü.

Azərbaycan Dövlət Universitetini bitirən bu istedadlı gənc ilk yaradıcı əmək fəaliyyətinə “Pioner” jurnalında məsul katib olaraq başlayır. Sonra Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində redaktor, böyük redaktor, “Azərbaycan pioneri” qəzetində şöbə müdiri vəzifəsində işləyir. Daha sonra imzası görünən, çoxsaylı oxucular tərəfindən səbirsizliklə gözlənən “Azərbaycan gəncləri”! Tofiq Mütəllibov bu qəzetdə düz iyirmi il (ömrünün sonunadək) çalışdı.

Ötən əsrin 50-ci illərindən şair kimi də diqqət çəkən Tofiq Mütəllibov otuzadək kitabın müəllifi oldu. Bir-birindən maraqlı, oxunaqlı olan bu kitabların adları da xeyli poetik səslənir: “Bəxtiyar balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”, “Danışan çiçəklər”, “Mənim əzizlərim”, “Görüş yerimiz” və s.

Bu kitablardakı şeirlərin üç yüzə yaxınına gözəl mahnılar, musiqilər bəstələndi. Bu məqamda qeyd edək ki, həmin mahnıların musiqi müəllifləri içərisində ölkə, keçmiş ittifaqdünyaca məşhur bəstəkarlarımız da var: Fikrət Əmirov, Qəmbər Hüseynli, Ağabacı Rzayeva, Arif Məlikov, Hacı Xanməmmədov, Tofiq Bakıxanov, Şəfiqə Axundova, Oqtay Rəcəbov və başqaları.

Bu andaca etiraf edim ki, mahnıları həmişə sevilə-sevilə dinlənilən bu şairin bəstəkar Qənbər Hüseynlilə birgəlikdə dünyanın musiqi aləminə bəxş etdiyi “Cücələrim” mahnısının vurğunluq əsarətindən çıxmaq olmur. Artıq “veteran” yaşına çoxdan çatmış bu mahnı, öz zövq təravəti, ruhsallığı, diqqətçəkimi baxımından, hələ də şux cavanlıq ömrü yaşamaqdadır. Dünyanın o qitəsi, elə bir guşəsi yoxdur ki, bu nəğmə oraya qanadlanmamış olsun.

Böyüklərin qulluğuna dediyi sözlərdə - “Yollar yol olduğuyçün Cığırlara borcludurkimi misralarda belə “uşaqlığa” meyllənən şair təbiətdən yazanda da, daha çox, balacaların “ana dili”ndə danışır:

 

Yerlərin, göylərin qəlbi nəşəli,

Yandı lalələrin qızıl məşəli.

Gözəllik adından - çıxıb irəli,

Ana təbiətin özü danışdı...

 

Elə mənim bu yazımın da burdan beləsini sanki Tofiq Mütəllibovun zərif uşaq-ufaqlıq üslubu -

 

Diktə edir...

 

Uşaqlığın - deməli, yeniyetməliyə varmışlardan tutmuş qocalıb-qarımış bütün bəşəriyyətin yaşadığı bu əsrarəngiz aləmin psixologiyasını yaxşı bilən və elə ilk poeziya işi də məhz bu mövzuda olmuş Tofiq Mütəllibov. Elə bir nəzmi söz nəğməkarı ki, hətta, dostlarının nəsri xatirələrindən belə, qəribə bir poetiklik qoxur. Yazırlar ki, Tofiq Mütəllibovun sevgi şeirlərini bir “nikbinliknamə” də adlandırmaq olar. Onun qələmi “Yanıq Kərəmi”dən çox “Gözəlləmə” üstdə köklənib. Bu şairin sevgi nəbzində “ah-uf” əvəzinə, sehrli təbəssüm, şaqraq gülüş, məğrur bəyanlar döyünür. Sevgi - onun könlünü dərdə yox, yaşayıb-yaratmağa səsləyən bir qüvvədir. Söyləyirlər ki, Tofiq Mütəllibovun ziyalılığı da gözəl şeirlərinə, ədəb-irfan şirəli publisistikasına bab olubonun xatirəsi də, sağlığındakı xətir-hörməti kimi, yaxından tanıyanlarının “yaddaş künc-bucağında” yox, “qızıl orta”sındadır.

Deyirəm, bundan sonraların növbəti “xatirə”sinə çevriləsi bir fikri də mən deyim. Ərz edim ki, “Cücələrim” mətni Tofiq Mütəllibov istedadı bətnindən bütöv bir musiqi kimi doğulub. Bu şeirdəki sözlər melo-sədalarla birgə, he-ca-lar-ın al-li-te-ra-si-ya-sın-dan yaranıb; məxluqat nitqinin ən ilk, ən aydın və ən günahsızı olan körpə qığıltıları, bəşər ifaçılığının ən müştərək və ən anlaşıqlısı olan ana laylaları kimi...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 12.