“Əsl yaradıcılıq standartlıqdan uzaq olmalıdır”

 

“Tələbələrə deyirəm ki, yaradıcılıq iddianız olsun. Onda əsl sənətkar olacaqsınız”

 

Görkəmli heykəltəraş, Xalq rəssamı, AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov qəzetimizin suallarını cavablandırır.

 

Ömər Eldarov 1927-ci ildə qədim şəhərimiz Dərbənddə anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Sankt-Peterburqdakı İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən sərgi və müsabiqələrdə iştirak edib. Onun yaratdığı heykəllər xalqımızın mənəvi sərvətləri sırasındadır. 1958-1968-ci illərdə Rəssamlar İttifaqının katibi olub. 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

* * *

Onunla söhbətə qəmli notlarla son günlərdəki hadisələrdən başladıq. Qəzetimizdə də məlumat verildiyi kimi, aprelin 2-də Rəssamlıq Akademiyasının tələbəsi, gənc heykəltəraş Samir Kaçayev vətən uğrunda şəhid olub.

- Samir ötən il bizdə heykəltəraşlıq ixtisası üzrə bakalavr pilləsini əla qiymətlərlə bitirdi. Sonra magistraturaya qəbul olunub əsgər getdi. İki aydan sonra əsgərliyi başa çatacaqdı. Tələbə olmasına baxmayaraq, yaxşı işləri vardı. Akademiyanın 100-dən çox müəllim və tələbəsi ilə onun dəfn olunduğu Şamaxı rayonunun Çuxuryurd kəndinə getdik. Akademiyada orduya dəstək mitinqikeçirdik. Fikrimiz var ki, akademiyada Samirin xatirə lövhəsini asaq.

- Ömər müəllim, ölkəmizdə Rəssamlıq Akademiyasının yaradılması ideyası necə yarandı?

- Uzun illər bizdə rəssamlıq və heykəltəraşlıq yönündə təhsil verən ayrıca ali təhsil müəssisəsi olmayıb. Ona görə də bu sahə üzrə təhsillərini davam etdirmək istəyənlər gedib keçmiş SSRİ-nin müxtəlif respublikalarında oxuyurdular. 2002-ci ildə Prezident Heydər Əliyev Rəssamlıq Akademiyasının yaradılması haqqında fərman imzaladı. Özü mənə demişdi ki, o, gəncliyində rəssam olmaq istəyirmiş. O vaxt Azərbaycanda rəssamlıq üzrə ali təhsil ocağı olmadığına görə, indiki Neft və Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu. Ancaq həmişə onda rəssamlığa güclü meyl olub. Demək istəyirəm ki, bu akademiyanın yaradılmasının səbəbkarı Heydər Əliyevdir. Hələ sovet dönəmində o istəyirdi ki, Bakıda ayrıca Rəssamlıq İnstitutu açılsın. Onda bizdə rəssamlıq təhsili verən yalnız Ə.Əzimzadə adına məktəb idi. Mərkəzdən belə məsləhət oldu ki, öncə o vaxtkı İncəsənət İnstitutunda rəssamlıq fakültəsi yaradılsın. 1982-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetində rəssamlıq fakültəsi yaradıldı. Sonra da başqa proseslər baş verdi, ayrıca institut məsələsi qaldı.

Təhsil ocağımızda təsviri sənət, memarlıq dizayn, sənətşünaslıq fakültələri, eləcə qrafika, rəngkarlıq, heykəltəraşlıq, dizayn, memarlıq, geyim dizaynı, dekorativ-tətbiqi sənət, humanitar ictimai fənlər, təsviri incəsənət tarixi nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli peşəkar müəllimlər çalışır.

Binamızın ümumi sahəsi 6500 kvadratmetrdir. Onun bir hissəsi lap çoxdan tikilmişdi. Bina yenidən bərpa olundu üstəlik, yeni korpus da istifadəyə verildi. Yeni korpusda 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya emalatxanalar yaratmışıq. Sinif otaqları, kabinetlər təcrübə laboratoriyalarımız ən yeni avadanlıqlarla təchiz olunub.

Bizim başqa təhsil müəssisələrindən fərqimiz çoxdur. Burada yaradıcı insanlar təhsil alırlar, ona görə aurası da başqadır. Akademiyanın üçqatlı muzeyi var, orada yalnız tələbələrin işləri nümayiş olunur. Bundan başqa, binanın içində bütün koridorlara tələbələrimizin əsərlərini asmışıq. Rəssam tələbələrin 10-u, heykəltəraşların isə 4-ü bir otaqda çalışırlar. Onların təhsil alması, çalışması üçün hər cür şərait yaradılıb. Burada əsl yaradıcı mühit var.

 

Dünyada klassik yolla gedən rəssam heykəltəraşlar çox azdır. Avropadan bir məşhur rəssam gəlmişdi, akademiyada sərgisini keçirdik. Haqqında cildlərlə kitab yazılıb, di gəl ki, çəkdikləri heç idi

 

- Sizə elə gəlmirmi ki, son zamanlar rəssamlarımızın əsərlərində intellektuallıq aşağı düşüb. Tamaşaçını silkələyən, düşündürən əsərlərə az rast gəlirik.

- Bu, təkcə yaradıcı insanlarla bağlı deyil. Bütün sahələrdə belədir. Son çağlar ölkədə kitab oxuyanlar azalıb. Elə mənim nəvə-nəticələrim kitabdan çox telefona, internetə maraq göstərirlər. Qaldı bizim sənətə, dünyada bu sahədə çox pis vəziyyət yaranıb. İndi dünyada, elə bizdə konseptual, instalyasiya sənəti dəb düşüb. Mən onu qəbul etmirəm, sənət saymıram. Dünyada klassik yolla gedən rəssam heykəltəraşlar çox azdır. Bizim akademiya akademik proqramla çalışır. Onların rəssamlıq universitetlərində bizim kimi ciddi dərs vermirlər. Avropadan bir məşhur rəssam gəlmişdi, akademiyada sərgisini keçirdik. Haqqında cildlərlə kitab yazılıb, di gəl ki, çəkdikləri heç idi.

Bizim millət sənətdə çox istedadlıdır. Mən yarım ay Güney Azərbaycanda olmuşam, orada xalça sənəti çox inkişaf edib. Hətta balaca uşaqlar elə gözəl xalçalar toxuyurlar ki... Burada kəndlərimizdən gələn çoxlu istedadlı tələbələrimiz var. Neftçaladan bir tələbəmiz Rubensin heykəlini düzəldib. Bu, çox yaxşı göstəricidir. Akademiyada hər il ümumilikdə 120 nəfər məzun buraxılır. Onlardan 8-i heykəltəraş olur. Bizim kimi ölkə üçün bu yaxşı rəqəmdir. Xalqın incəsənətə meyl etməsi gözəl hadisədir. Çox olmasının ziyanı yoxdur.

- Heykəltəraşlıqda da bu gün mücərrəd, avanqard, anlaşılmaz yöndə işləyənlər artıb...

- Düzdür, ancaq akademiyada yalnız klassika öyrədirik. Elə əsər yaradanların da öz məntiqləri var. O əsərlərdə obraz-filan olmur. Bunlar da hamısı Qərbdən gəlir. Mənim öz yolum var, indi ona sadiqəm. Klassika mənim üçün hər şeydir. Bütün istəklərimi yaradıcı şəkildə onun əsasında gerçəkləşdirirəm.

- Keçək sizin yaradıcılığınıza. Ən gözəl əsərlərinizdən biri Xurşudbanu Natəvanın heykəlidir. Onun çox maraqlı obrazı var, ancaq niyə yerə baxır?

- Bu, şəhərdə qoyulan ilk əsərimdir. Onun üçün çox götür-qoy etdim, sonda qərara gəldim ki, belə olsun. Çünki ona qədər şəhərdə qoyulmuş heykəllərin hamısı üzü düz qabağa baxırdı. Fərqlilik etmək istədim məncə, pis alınmayıb. Bu, sovet dönəmində inqilabi bir hadisə idi. Əsərin belə olmasına çoxlarını inandırmalı oldum.

Eləcə Füzulinin heykəlinin oturacağında yaratdığım aktivlik Bakıda hansısa heykəldə olmamışdı. Burada oturacaq həm yeni bir məzmun daşımağa başladı. Bu da yenilik idi, dünya praktikasında mən görməmişəm.

Hüseyn Cavidin heykəlini hazırlayırdım. Heydər Əliyev emalatxanama gəlib əsərin layihəsinə baxdı, çox təəccübləndi. Əsərin oturacağı yox idi. Mən onu obrazlarının əhatəsində yaratmışam. Bu da bir yenilik yaradıcı münasibətdir. Əsl yaradıcılıq standartlıqdan uzaq olmalıdır. Bundan başqa, böyük şairin Naxçıvandakı məqbərəsi üçün büstünü düzəltmişəm. Orada Cavidin obrazını qızılgül buketinin içərisində vermişəm. Çünki o, qızılgülü çox sevirmiş. Ancaq klassik qaydalara görə, o da oturacağın üstündə olmalıydı. Burada mən tamam fərqli yanaşma elədim. Nəsə yenilik eləmək gərəkdir. Yaradıcılıq klassikadan başlayır, ancaq o, klassikada belə sərhəd tanımır. Bu mənim mövqeyimdir. Akademiyamızın da qarşısında bir məqsəd var: klassik ənənələri yaşatmaq!

- Sizin məşhur bir əsəriniz var: “İlin dörd fəsli”. Onu hansı ağacdan yonmusunuz?

- Qoz ağacından yonulub. Onda cavan idim, gücüm çox idi, yonurdum. Köməkçim vardı. O, dörd qoz kötüyüdür. Ağaclar hərəsi bir rəngdə idi. kötükdən gənc qızı - yazı, qaradan yayı, payızı, qışı düzəltdim. İndi həmin əsər rəngini bir az dəyişib. Oradakı obrazların hər birini ayrı-ayrı yonmuşam, sonra birləşdirilib.

- Başqa hansı ağacdan heykəl yonmaq olur?

- Armuddan. Armud uzunömülü ağacdır, yaşlılarının gövdəsi yoğun olur. Mən qoz ağacından çox heykəl düzəltmişəm. Niyaziəsərim armuddandır, “Rabindranat Taqorqozdandır, “Mahatma QandiAfrikadan gətirilmiş ağacdandır.

- Heykəltəraşların köməkçiləri, onların əsərini böyüdən, üzünü çıxaran ustalar da olur. Onları yaradıcılığa ortaq saymaq olarmı?

- Yox, hərənin öz işi var. Onların işi texnikidir. Biz öncə kağızda, yaxud da plastilindən eskiz düzəldirik. Sonra tamaşaçılar üçün eskizi böyüdürük. Palçıqda əsəri bitirdikdən sonra forma düzəldəni çağırırıq. O, gipsdən qəlib çıxardır. Bunun üçün böyük təcrübə gərəkdir. Tuncdan töküləndə biz onların işinə o qədər qarışmırıq. Bizdə indi gözəl bir usta var, adı Namiqdir. Bu işləri çox gözəl bacarır. Qabaq Leninqradda da onun kimi eləmirdilər. Tuncu çox nazik tökür, sənətinindili”ni bilir. İlin dörd fəsliəsərimin gipsdən olan modelini bərpa etdim, tuncdan hazırlatdırdım. Çəkisi çox yüngüldür.

- Qranitdən, mərmərdən yonulan heykəllərdə heykəltəraşların zəhməti qədər olur?

- Bizdə Pinxos Sabsay vardı, milliyyətcə yəhudi olub, Odessadan idi. Mərmərdən çox işi var, ancaq onların heç birini özü yonmayıb. Özü ustalara məsləhət verib. Onun heykəllərini ustalar yonub. O, Leninqraddan ən yaxşı ustanı çağırıb, ona düzəltdirirdi. Usta peşəkar olmalıdır, ölçülərlə düzgün işləməyi bilməlidir. Burada yanlış olsa, daş gərəksiz bir şeyə çevriləcək. Biz indi heykəlyonmada fransız metodu ilə işləyirik. Orta yüzillərdə italyan üsulu ilə yonardılar. Usta mənə kobud formaya qədər yardım edib. Bütün işlərimi sonda özüm yonub, tamamlamışam.

- İndiki Azərbaycan heykəltəraşlarından kimləri təqdir edirsiniz?

- Akif Əsgərov, Natiq Əliyev, Arif Qazıyev, Xanlar Əhmədovu təqdir edirəm. Açığı, heykəltəraşların çoxunda yaradıcılıq iddiası görmürəm. Bu, çoxlarında səthidir. Fəxri ad alım, böyük heykəl düzəldim” - bunlar gərəksiz iddialardır. Mən buradakı tələbələrə deyirəm ki, yaradıcılıq iddianız olsun. Onda əsl sənətkar olacaqsınız.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 10.