İncəsənət ustalarından döyüşçülərimizə musiqi töhfəsi

 

Milli vətənpərvərlik ruhu yetişən nəslin təlim tərbiyəsində ən ümdə məsələlərdən biridir. Uşaq, yeniyetmə və gənclərin bu ruhda tərbiyəsini, habelə mədəniyyət müəssisələrində bu istiqamətdə işin səmərəli təşkilini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 2015-2016-cı illər üzrə müvafiq Tədbirlər Planı təsdiq edilib. Bununla bağlı şəhər (rayon) mədəniyyət mərkəzlərində və onların filiallarında çoxsaylı tədbirlər keçirilir. Azərbaycanın Milli Qəhrəmanlarına, Qarabağ uğrunda şəhid olmuş döyüşçülərə həsr olunmuş anım günləri, bu mövzuda sərgilər, bədii kollektivlər və xalq teatrları tərəfindən hazırlanan tamaşalar, ədəbi-bədii kompozisiyalar bu qəbildəndir.

 

Azərbaycanın tarixi və əlamətdar günləri ilə bağlı təşkil olunan mərasimlərdə mədəniyyət müəssisələrinin bədii kollektivləri hərbi hissələrə gedir, qəhrəmanlıq və vətənpərvərlik hissləri aşılayan konsert proqramları ilə çıxış edirlər.

Bununla yanaşı, son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən qeyd olunan Tədbirlər Planının icrasına diqqətin artırılması və bu işin daha da gücləndirilməsi barədə qərar qəbul olunub. Bu günlər mədəniyyət ocaqlarında ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbirləri keçirilir, ordumuza dəstək ifadə edilir. Mədəniyyət ocaqları və incəsənət ustalarımız da igid hərbçilərimizin döyüş əzminin, qələbəyə inamının artırılmasına öz töhfələrini verirlər.

Aprelin 8-də Mədəniyyət və Turizm Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrə dəstək məqsədilə incəsənət ustalarının Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində konsert proqramı təşkil edildi.

Konsertdən öncə hərbi hissənin əsgər və zabitləri adından çıxış edən şəxsi heyət üzrə komandir müavini Namiq Cavadov Azərbaycan Ordusunun yüksək hazırlıq səviyyəsində və böyük əhval-ruhiyyədə olduğunu vurğuladı. Qeyd etdi ki, qarşınızda duran bu əsgər və zabitlər düşmənin təxribatını önləmək üçün mərdliklə döyüşərək çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edibişğal altında olan strateji məntəqələrin azad olunmasında rəşadət göstəriblər. O, konsertin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, eyni zamanda nümayiş etdirilən həmrəylik üçün xalqımıza minnətdarlığını bildirdi.

Musiqiçilərimiz də son günlər cəbhədə düşmənə layiqli cavab verən Silahlı Qüvvələrin əsgər və zabitləri önündə çıxış etməkdən qürur hissi keçirdiklərini diqqətə çatdırdılar. Bütün ölkə əhalisinin ordumuzla həmrəyliyini qeyd edərək, mədəniyyət işçilərinin də əsgərlər qarşısında çıxış etməyə borclu olduğunu vurğuladılar.

Konsert proqramında müğənnilərdən Ayaz Qasımov, SevilSevinc bacıları, Nadir Qafarzadə, Rəqsanə İsmayılova, Kərim Abbasov, Yaşar Yusub, Rahidə Baxışova, Zemfira İbrahimova vətənpərvər ruhlu mahnılar ifa etdilər. Əməkdar artist Səbuhi İbayevin ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirildi. Onu tarda Rövşən Qurbanov, kamançada Ceyhun Murdov müşayiət edirdi. Rəqqasə Fatimə Fətəliyevanın təqdim etdiyi milli rəqslər konsert proqramına daha da rəng qatdı.

Yüksək əhval-ruhiyyədə olan əsgərlər incəsənət ustaları ilə birlikdə rəqs edərək əyləndilər.

 

“Ölsək şəhid, yaşasaq qazi...”

 

Konsert proqramının gedişində erməni təxribatının qarşısının alınmasında iştirak etmiş əsgərlərimizin fikirlərini öyrəndik. Doqquz aydan çoxdur hərbi xidmətdə olduğunubu müddətdə bir çox hərbi sirlərə yiyələndiyini deyən əsgər Eldar Musayev yoldaşlarının da ümumi fikrini ifadə edərək dedi: “Özümü tam hərbi hazırlıqlı hesab edirəm. Nəinki mən, burda xidmət keçən bütün əsgər yoldaşlarım torpaqlarımızın azad olunması yolunda canlarından keçməyə hazırdırlar. Hər birimiz işğal olunmuş torpaqlarımızı mənfur düşməndən azad etmək üçün hərbi əməliyyatların başlanmasını səbirsizliklə gözləyirik. Qoy bu yolda hər bir Azərbaycan övladı döyüşsün. Bu müharibədir. Ölümola bilər... Təki torpaqlarımızı azad edək. Ölsək şəhid, yaşasaq qazi olarıq”.

Cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizlə görüşdən biz də yüksək əhval-ruhiyyədə ayrıldıq. Ordumuzun yeni qələbə soraqlı xəbərlərini oxucularımıza çatdırmaq ümidi ilə!

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 6.