Biz sabahın əsgərləriyik...”

 

Şagirdlər üçün “Qanlı Yanvarfilmi nümayiş olundu

 

Aprelin 12-də Buzovnada yerləşən “Zaqulba cinema clubda Xəzər rayonu 26 saylı orta məktəbin şagirdləri üçün Vahid Mustafayevin “Qanlı Yanvarfilmi nümayiş olundu.

 

Nümayişin təşkilatçısı, müğənni İlahə Fəda bizimlə söhbətində bildirdi ki, son günlər cəbhə xəttində yaşananlar hər birimizə təsir edib: “Mən də bir qarabağlı, laçınlı kimi belə məqamda hansısa təşəbbüslə çıxış etməyi özümə borc bildim. Düşündüm ki, müğənni təkcə səsi ilə deyil, digər sahədə də vətəninə xidmət etməyi bacarmalıdır. Buna görə də vaxtilə təhsil aldığım məktəbin şagirdlərində vətənpərvərlik hissini daha da yüksəltmək məqsədilə belə bir tədbiri reallaşdırmağı düşündüm. Məktəbin müdiriyyəti də sağ olsun ki, bu təklifi dəstəklədi. Bu gün məktəbə və nümayişə şərait yaradan kino mərkəzinə təşəkkürümü bildirirəm”.

Qəhrəman əsgər və zabitlərimizin cəbhədə göstərdiyi rəşadətdən danışan həmsöhbətim qeyd etdi ki, bu, bir vətəndaş kimi hamımızı qürurlandırdı: “Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu günlərdə igid oğullarımız torpağa tapşırıldı və onların qanı yerdə qalmayacaq. Allah şəhidlərimizin yaxınlarına səbir versin. Müharibə itkisiz olmur. Bütün olanlara rəğmən bir daha əmin olduq ki, arxamızda güclü ordumuz və mərd oğullarımız var. Biz ordumuzla, dövlətimizlə birlikdəyik”.

Filmin nümayişindən əvvəl şagirdlər əllərində Azərbaycan bayraqları ilə vətənpərvərlik ruhunda şeirlər və şüarlar söyləyərək böyüməkdə olan nəslin də yurdumuzun tarixinə və taleyinə biganə olmadığını bir daha sübut etdilər. Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə şagirdlər son hadisələrlə bağlı fikirlərini həmyaşıdları ilə bölüşdülər. Məktəbin müəllim heyəti ilə müzakirələr zamanı şagirdlər “Biz sabahın əsgərləriyik və lazım gələrsə, bu günordumuza bacardığımız qədər kömək etməyə, döyüşməyə hazırıq” deyirdilər. Tədbirdə iştirak edən müəllimlərin təhsil və tərbiyə verdikləri şagirdlərin fikir və düşüncələrindən nə qədər qürurlu olduqları bəlli idi.

SonraQanlı Yanvarfilmi nümayiş olundu.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 2.