Diplomat-ədib

 

Əbdülhəq Hamidin bədii irsi Şərq və Qərb ədəbi-estetik dəyərləri əsasında formalaşıb

 

XIX əsrin sonu - XX əsrin əvvəlləri türk ədəbiyyatında parlaq imzalardan biri də Əbdülhəq Hamiddir. O, yaradıcılığa şeirlə başlasa da, sonralar digər janrlara da müraciət edib, dərin ideya-məzmunlu pyesləri ilə məşhurlaşıb. Bədii irsi Şərq və Qərb ədəbi-estetik dəyərləri əsasında formalaşan ədib eyni zamanda diplomat kimi də fəaliyyət göstərib.

 

Əbdülhəq Hamid 1852-ci ildə İstanbulda dünyaya göz açıb. Atası Xeyrulla dövrünün görkəmli maarifçisi kimi tanınıb. Anası Müntəha xanım isə çərkəz qızı olub. Hamid ibtidai təhsilini məhəllə məktəbində alır. Sonra təhsilini İstanbuldakı xüsusi tipli fransız və amerikan məktəblərində davam etdirir. Bu illərdə o həm də Şərq dillərinə maraq göstərir. Müəllimi Bahəddin əfəndidən fars və ərəb dillərini mükəmməl öyrənir. 1865-ci ildə Hamidin atası Tehrana səfir təyin edilir. Beləliklə, onun İran həyatı başlayır. İki il İranda qalır və burada fars ədəbiyyatı ilə də yaxından tanış olur.

Əcdadının qədim türk Tarxanlar nəslinə mənsub olduğunu öyrənən Ə.Hamid özünə “Tarxan” təxəllüsü götürür. Tehran təəssüratları əsasında “Macərayi-eşq” (1873) adlı pyesini qələmə alır. Onun Hindistandan bəhs edən “Hind qızı” əsəri işıq üzü görür və əsər cəmiyyətdə maraqla qarşılanır.

Ə.Hamid 1876-cı ildə Türkiyənin Fransadakı səfirliyində ikinci katib vəzifəsinə təyin olunur. Bununla da onun yaradıcılığında yeni üfüqlər açılır. Fransız ədəbiyyatından təsirlənərək 1878-də “Nəstərən” əsərini çap etdirir. Əsərdə hadisələr Əfqanıstandan bəhs etsə də, Sultan II Əbdülhəmidin amansızlığına eyhamlar vurulur. Buna görə də hakim dairələrdə müəllifə qarşı şübhələr baş qaldırır. O, İstanbula qayıdır, tutduğu vəzifədən azad edilir. 1881-1883-cü illərdə Yunanıstandakı Türkiyə konsulluğunda işləyir. Bu dövrdə “Səhra”, “Əşbər”, “Tarik”, “Bir səfilənin vəsfi-halı” və s. əsərləri işıq üzü görür.

1883-cü ildə Bombeyə (Hindistan) konsul göndərilir. Bir müddət sonra həyat yoldaşı vəfat edir. Bu itkidən dərin sarsıntı keçirən Ə.HamidMəqbər”, “Ölü”, “Həclə”, “Bunlar oduradlı əsərlərini qələmə alır.

Ədəbiyyatşünas Elman Quliyev araşdırmasında yazır ki, Ə.Hamidin 1885-ci ildə yazdığıMəqbərəsəri maraqla qarşılanır o, “məqbər şairikimi tanınır. Əsər başdan-başa ölüm notları üzərində yazılıb. Ölüm qarşısında mənən sarsılan şair emosional şəkildə üsyan edir...

Daha sonra bir ingilis xanımla ailə quran Hamid uzun müddət Londonda yaşayır. 1908-1912-ci illərdə Brüsseldə səfir olur. Türkiyəyə qayıdan şair ədəbi ictimai fəaliyyətini daha da genişləndirir, maraqlı əsərləri işıq üzü görür.

Şairin ən uğurlu əsərindən biri “Hind qızıpyesidir. Müəllifin yazdığına görə, İstanbulda bir dükandan kiçik bir hind rəqqasəsi heykəli alıb. Heykəlin onda oyatdığı təəssürat əsərin yazılmasına səbəb olub. O, əsərdə digər xalqlar kimi, haqqı tapdanan hindlilərin vəziyyətinə acıyır etiraz səsini ucaldır. Müəllif əsərdə hindlilərə qarşı ingilislərin vəhşiliklərini, amansızlıqlarını təsvir edib. İstibdad nəticəsində məhv olan bir xalqın fəryadı qələmə alınıb.

Ömrünün çox hissəsini xarici ölkələrdə keçirən ədibin həyatının ən yaxşı dönəmləri 1923-cü ildə Türkiyədə Cümhuriyyət elan olunduqdan sonra başlayıb. Anadan olmasının 75 illiyi münasibətilə 1927-ci ildə İstanbulda Qalatasaray liseyində yubiley tədbiri keçirilir. Tədbirdə şeirlərini oxumaqla yanaşı, siyasi mövzuda çıxış edərək xalqı yeni hökuməti dəstəkləməyə çağırır. 1928-ci ildə Türkiyə Böyük Millət Məclisinə üzv seçilən diplomat-ədib 1937-ci ildə dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 15.