Şərqdə muğam dəstgahlarının ilk ifaçısı

 

Ustad xanəndə, Xalq artisti Sara xanım Qədimovanın əziz xatirəsinə

 

Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qadın sənətkar, səhnəmizin lirik Leylisi, ustad xanəndə, muğam və mahnılarımızın ilkinliyini ustalıqla qoruyaraq, nəsildən-nəslə ötürən, Xalq artisti Sara xanım Qədimovanın yaradıcılıq yolu yeni nəsillər üçün əsl vətənpərvərlik, fədakarlıq və sənətə sədaqət nümunəsi olmuşdur. O, xalqımızın qəlbində əbədi məskən salmış sənətkar olaraq mahnı və muğamlarımızın ifaçısı kimi Cabbar Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinksi, Xan Şuşinski, Rəşid Behbudov, Həqiqət Rzayeva kimi qüdrətli sənətkarların sırasında layiqli yer tutmuşdur. Onun ecazkar səsi ilə yeni həyat verdiyi mahnı və muğamlar Azərbaycan musiqi sənətinin “qızıl fond”una həmişəlik daxil olmuşdur.

 

Sara xanımın böyük sənətinin sirlərini öyrənərkən belə təsəvvür yaranır ki, onun səsi Allah vergisidir. İstedadın qanla, genlə nəsildən-nəslə keçdiyini nəzərə alsaq, demək olar ki, onda ifaçılıq istedadının yaranmasında atasının böyük təsiri olmuşdur. Eyni zamanda bu xanımda böyük fədakarlıq, daim öz üzərində işləmək, sənətini cilalamaq, təkmilləşdirmək, sələflərindən öyrənmək, zəhmətkeşlik, çalışqanlıq var idi.

Onun atası Bəbiş kişi əslən Ağdam rayonunun Gülablı kəndindən idi. Bir qarabağlı kimi musiqiyə, xüsusilə muğamlarımıza böyük maraq göstərirdi. Muğamları yaxşı bilir, hərdən pəsdən oxumağı da var idi. İslam Abdullayev, Zülfü Adıgözəlov, Qurban Pirimov, Xan Şuşinski tez-tez Bəbiş kişinin evinə toplaşar, muğamlardan və xalq mahnılarından söhbət açardılar. Bu mühit balaca Saranın sənət seçimində mühüm rol oynayır. Uşaq yaşlarından mahnı ifa etməyə başlayan Sara Qədimovanın gələcəkdə müğənni olacağına şübhə yeri qalmırdı. Orta məktəbdə və Tibb Texnikumunda bayram konsertlərində mahnılar oxuyardı. Onun bu qabiliyyəti görkəmli xanəndə Zülfü Adıgözəlovun diqqətindən yayınmadı. Zülfü bəy 16 yaşlı Saranı Əbilov adına Mədəniyyət evində rəhbərlik etdiyi musiqi dərnəyinə cəlb etdi. O, yeniyetmə qıza xalq mahnılarını öyrətdi. Saranın ifasını çox bəyənirdi. O, deyirdi ki, sən gələcəkdə hökmən böyük səhnəyə çıxmalısan, Filarmoniyaya getməlisən.

1938-ci ildə bədii özfəaliyyət kollektivlərinə respublika baxışı keçirilirdi. Əbilov adına Mədəniyyət evinin solisti Sara Qədimovanın oxuduğu “Qatar” muğamı münsiflər heyətinin üzvləri Üzeyir Hacıbəylini, Hüseynqulu Sarabskini, Əhmədxan Bakıxanovu məftun etdi. Elə oradaca Üzeyir bəy Saranı A.Zeynallı adına Musiqi Məktəbində dərs deyən H.Sarabskiyə tapşırdı və dedi ki, bundan sonra sənin nəzərlərin bu gənc qızın üzərində olsun.

1938-1941-ci illərdə Sara xanım H.Sarabskinin sinfində muğamdan dərs alır, muğam ifaçılığını xeyli zənginləşdirir və oxumaq təcrübəsini get-gedə artırır.

1941-ci ilin sentyabr ayında indiki Musiqili Teatrın binasında maraqlı bir konsert olur. H.Sarabski şagirdləri ilə “Rast” muğamını ifa edirlər. Muğamın bəm və orta hissələrini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Hüseynqulu Sarabski, ən zil yerlərini isə Sara ifa edir. Yazıçı Qılman İlkinin bu konsertlə bağlı xatirələrindən:

“Müharibə yenicə başlamışdı. Hamı dərd-sər içində idi. Həmin konsertdə Üzeyir Hacıbəyov ön sırada əyləşmişdi. H.Cavidin ailəsi də onun yanında oturmuşdu. Mən də çox çətinliklə konsertə bilet tapa bildim. “Rast” muğamı böyük alqışlarla oxunub qurtardıqdan sonra Hüseynqulu Sarabski səhnədə bir qədər irəli keçib gənc ifaçıları təqdim etdi və dedi: “Şövkətlə Gülağanın üslubu estrada ifaçılığına daha yaxındır. Sara isə sırf xanəndədir. Üzünü onlara tutdu və dedi ki, hər biriniz öz yolunuzu müəyyən etməlisiniz”.

 

Üzeyir bəy və Hüseynqulu Sarabski istedadlı şagirdinin gözəl səsini və muğam ifaçılığını qoruyub saxlamasına çalışırdılar. Məhz H.Sarabskinin son dərəcə həssas, qayğıkeş münasibəti, rəhbərliyi sayəsində Sara peşəkarlığa yiyələnir.

Həmin vaxtdan etibarən gənc Sara muğamların və mahnıların mahir ifaçısı kimi Ü.Hacıbəylinin gözlərində bir nömrəli sənətkarlardan birinə çevrilir.

Sara xanım mahnı ifaçılığı ilə yanaşı bütün əsas muğamlarımızı ifa etmiş yeganə qadın xanəndə idi. Ona qədər qadın müğənnilər yalnız “Şahnaz”, “Qatar” və “Segah” muğamlarını oxuyardılar. 1943-cü ildə 21 yaşındaykən Hüseynqulu Sarabski və Zülfü Adıgözəlovdan “Rast”, “Mahur-hindi”, “Bayatı-Şiraz” və digər çətin muğamları öyrənib oxumağa başladı. Hətta bir dəfə Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin yanında Qurban Pirimov və Qılman Salahovun müşayiəti ilə “Mahur-hindi” muğamını ifa edib, onların xeyir-duasını aldı. Əvvəllər bu muğamları qadın müğənnilər ifa etməzdilər. Belə bir fikir kök salmışdı ki, guya qadın səsi bu muğamları ifa etməyə qadir deyil. Bütün bu stereotipləri ilk dəfə sındıran Sara Qədimova olmuşdur.

Yüksək virtuoz ifa imkanlarına baxmayaraq, Sara xanımın əsas qüdrəti muğamlarda idi və yaradıcılığında muğam əsas yerdə dururdu. Bu qədim milli musiqi sahəsində o, çox uca bir zirvəyə yüksəlmişdir. O, muğamın əsas kökünü, saflığını və klassik ifa tərzini saxlamağa olduqca diqqət edirdi, sözün həqiqi mənasında monumental muğam ifaçısıydı.

1965-ci ildə xanəndələrin çox ehtiyatla müraciət etdikləri son dərəcə mürəkkəb “Şur dəstgahı” və “Çahargah” muğamını oxumağa başladı. “Çahargah” muğamını Seyid Şuşinskidən, “Şur dəstgahı”nı isə Hacıbaba Hüseynovdan və Bəhram Mənsurovdan öyrənmişdi. “Şur dəstgahı” xanəndənin muğamda əsas möhürüdür. Sara xanım həm də “Şur dəstgahı”nı öz kökündə oxuyan ilk qadın ifaçı olub. Bu muğamı oxumaq müğənnilərə çox çətindir. Buna baxmayaraq, Sara dəstgaha görə həm qəzəl seçməkdə, həm də onu ifa etməkdə mahir sənətkar idi. Muğam aləmində qadın müğənnilər arasında bu, görünməmiş işdir. Bu uğurun əsas səbəbi xanəndənin səsində idi.

Seyid Şuşinski qeyd edirdi ki, Sara xanımın səs diapazonu çox geniş olduğu üçün, onun səsi muğam ifaçılığına çox yatımlıdır. Ona görə də o, musiqimizin incisi olan mürəkkəb muğamlarımızın ən məşhur ifaçılarından biri kimi şöhrət qazanmışdır Qadın xanəndələr arasında “Mahur-hindi”, “Xaric segah” və “Şur dəstgahı” muğamlarının ilk ifaçısı Sara xanım Qədimova olmuşdur. Bu ağır və çətin muğamları oxumaq xanəndədən böyük məharət tələb edirdi. Rübabə Muradova, Qəndab Quliyeva və başqaları “Xaric segah” muğamını öyrənərkən, Sara xanımın ifasına müraciət etmişlər. Uzun illər onu tarda müşayiət etmiş Bəhram Mənsurovun dediyinə görə, Sara xanımın səsi və nəfəsi tarın bütün pərdələrinə çatır, hətta ötüb keçirdi, belə bir səs diapazonu ilə muğam oxuması heç bir azərbaycanlı qadın xanəndələrdə görünməmişdi və belə bir səs registrinin nəticəsiydi ki, o əsasən kişi xanəndələrin oxuduğu “Rast”, “Bayatı-Şiraz”, “Mahur-hindi” və “Çahargah” dəstgahlarında da onlardan geri qalmırdı.

Bir sözlə, Sara Qədimova muğamda nə oxuyubsa, hamısını məktəb səviyyəsində oxuyub və xoşbəxtlikdən, əksər ifaları səs xəzinəmizdə qorunub saxlanır. Yüksək musiqi duyumu və klassik şeir savadı olduğundan muğamın estetik-fəlsəfi mahiyyətini ustalıqla çatdırırdı. Muğamda istifadə olunan bütün qəzəlləri əzbərdən bilirdi və heç bir qadın xanəndə onun qədər qəzəl bilmirdi. Xanəndələr və müğənnilər öz aralarında Sara xanımı “qəzəlxan” adlandırırdılar. Çünki o, savadlı xanəndə idi. Əvvəllər oxuduğu Tibb Texnikumunu əla qiymətlərlə bitirdiyinə görə, imtahan vermədən Tibbi Universitetinə qəbul olunmuşdu. Akademik Zərifə Əliyeva ilə bir qrupda oxuyurdu. Musiqi dünyası onu daha çox cəlb etdiyinə görə dördüncü kursda institutu buraxıb, öz taleyini həmişəlik incəsənətə bağladı.

O, yüzdən çox qəzəl bilirdi. Bir dəfə ifa etdiyi qəzəli, ikinci dəfə oxumazdı. Füzulinin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Seyid Əzim Şirvaninin, Əlağa Vahidin, təbrizli Əbülhəsən Racinin, Qarabağ şairlərindən Məşədi Əyyub Bakinin və Natəvanın çoxlu qəzəllərini bilirdi. Hətta kişi xanəndələrə qəzəl lazım olanda Sara xanımdan alırdılar.

Sara xanımı zəmanəsinin xanəndələrindən fərqləndirən daha bir üstün cəhəti var idi. İti hafizəsi olan Sara xanım ən mürəkkəb qəzəli 4-5 dəfə oxuyandan sonra əzbər öyrənirdi. Az-az adamların yaddaşı bu qədər güclü ola bilərdi. Qəzəllərin sözlərini hərfbəhərf tələffüz edərdi. İkinci bir belə xanım xanəndə tapmaq çətindir ki, qəzəlləri bu dərəcədə səlis bilsin və ifa etsin. Əruz vəznini və əruz qafiyəsini yaxşı bildiyindən, qəzəlləri də gözəl və düzgün oxuyardı.

Gənc Sara Üzeyir bəyin ümid bəslədiyi müğənnilərdən biri idi. Ondan daim muğayat olur və qayğı ilə yanaşardı. Gənc qızın tərbiyəsi və inkişafı məsələsini nəzərə alardı. Hüseynqulu Sarabskinin muğam sinfini bitirdikdən sonra o, 1941-ci il yanvar ayının 17-də 19 yaşında Azərbaycan Dövlət Filarmoniyasına solist qəbul olundu. Filarmoniya o illərdə mədəni-maarif müəssisələri arasında xüsusi çəkisi olan sənət ocağı idi. Ora müqəddəs bir məbədgah sayılırdı. Hələ bu yaşda heç kəs böyük səhnədə oxumağa cürət etməzdi. Onunla bir sinifdə muğamları öyrənən Şövkət Ələkbərova və Gülağa Məmmədov, həmçinin Fatma Mehrəliyeva və Əbülfət Əliyev Sara xanımdan 5 il sonra, 1945-ci ildə filarmoniyaya solist qəbul ediləcəkdilər. Əlbəttə, Üzeyir bəyin razılığı olmadan filarmoniyaya heç kəs solist qəbul oluna bilməzdi. Tarzən Qurban Pirimov deyərdi ki, Sara filarmoniyaya gələndə, burada 7 nəfər xanəndə və tarzən var idi. Onların hamısının yaşı 40-dan çox idi. 19 yaşlı qızın filarmoniyaya gəlişi böyük maraq doğurdu. Bu bəstəboy, deyib-gülən, şən çöhrəli qız filarmoniyaya bir canlılıq, bir hərarət gətirmişdi. Az sonra Sara filarmoniyanın sayılıb-seçilən “ulduzlarından” biri oldu.

Uzun illər Üzeyir bəyin katibi olmuş Ramazan Xəlilovun xatirələrindən: “Sara çox geniş səs imkanlarına malik olduğuna görə Üzeyir Hacıbəyov ona daim istiqamət verir və düzgün yol göstərirdi. Onun ailə tədbirlərində Bülbüllə yanaşı gənc Sara da iştirak edirdi. Üzeyir Hacıbəyov “Qaragöz” və “Şəfqət bacısı” mahnılarını qadın müğənnilər arasında ilk dəfə Sara xanıma etibar etmişdi. O, respublikanın bütün bayram tədbirlərində Sara Qədimovanı konsert proqramlarına daxil edirdi. Hələ uşaq ikən ata-anasını itirib tənha qaldığına görə Üzeyir bəyin arvadı Məleykə xanım da onu öz qızı kimi sevərdi”.

Sara xanım filarmoniyada yenicə işə başlamışdı ki, Böyük Vətən müharibəsi başladı. Gənc qız hələ müharibənin nə olduğunu bilmirdi, solist kimi tez-tez cəbhə bölgələrində olmalı idi. Qışda qarın, yağışın və palçığın içində əsgərlər qarşısında çıxış etmək hər müğənninin işi deyildi. 19 yaşlı qızın kişi kimi qorxmadan cəbhə bölgələrinə getməsi sonralar onun xasiyyətində bu keyfiyyəti qabartdı. Onun çətin günlərdə əsgərlərin qarşısına cəsarətlə çıxması, səhnədə mərd-mərdanə dayanması, muğam və mahnıları böyük şövqlə ifa etməsi böyük maraq doğururdu.

Bir dəfə Səməd Vurğun, Qurban Pirimov, rəqqasə Leyla Bədirbəyli, akademik Heydər Hüseynov, Vera Şirye, Zülfü Adıgözəlovla birlikdə Sara Qədimova cəbhə bölgələrinə gediblər. O dövrdə Mahnı və Rəqs Ansamblının rəqqasəsi olan Leyla Bədirbəylinin xatirələrindən:

“Qatarla yol gedirdik. Səməd Vurğun gənc Saraya yaxınlaşıb soruşdu: Qızım, gözəl səsin var. Bir neçə konsertində olmuşam. Oxumağın xoşuma gəlir. Cəbhədə əsgərlər üçün nə oxuyacaqsan?

Sara ayağa qalxıb imtahan verən şagird kimi əllərini yanına saldı: - “Segah” muğamını, Üzeyir bəyin “Şəfqət bacısı”, “Kürdün gözəli”, “Qubanın ağ alması” mahnılarını”, - deyə cavab verdi.

Səməd Vurğun nə fikirləşdisə, elə bizim yanımızda cibindən “Avrora” siqaretini çıxarıb, onun üstünə bir şeir yazıb, Saraya uzatdı.

- Bu şeiri sənə həsr edirəm. Onu əzbərlə və “Segah” üstündə oxu, - dedi.

 

Yenə qılıncını çəkdi üstümə,

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə,

Qələmqaş altında o ala gözlər.

Gərdəni minadır, boyu tamaşa ,

Ay da həsrət çəkir o qələmqaşa.

Bir cüt ulduz kimi verib baş-başa,

Yanıb şölə saçır camala gözlər.

 

Sara Qədimova cəbhədə verilən konsertlərin hamısında “Segah” muğamını S.Vurğunun bu şeiri ilə başlayırdı. Kim nə deyir desin, bizim hamımızda belə bir fikir yarandı ki, Səməd Vurğun o şeiri Sara xanıma həsr etmişdir”.

Sara xanımın ifasında “Segah” muğamına şair məftun olurdu. O, deyirdi ki, bu muğamı Saranın ifasında dinləyəndə ruhum dincəlir.

1956-cı ildə Səməd Vurğun ağır xəstə idi. Mayın 12-də Opera və Balet Teatrında 50 illik yubileyi qeyd olunurdu. Şair xəstə olduğu üçün tədbirdə iştirak edə bilmirdi, yubileyə radioda qulaq asırdı. Yubileyin bədii hissəsi S.Vurğunun sevdiyi muğam və mahnılardan təşkil olunmuşdu. Sara xanım konsertdə “Segah” muğamında şairin yuxarıdakı şeirini ağlaya-ağlaya oxudu. Sara xanım ömrünün son günlərinə qədər hər dəfə Səməd Vurğunun həyat yoldaşı Xavər xanımla, qızı Aybənizlə görüşərkən qucaqlaşır və hönkür-hönkür ağlayardılar.

1946-cı ildə Üzeyir Hacıbəylinin təklifi ilə Sara Qədimova Moskvada keçirilən estrada müğənnilərinin ümumittifaq müsabiqəsinə göndərildi. O, müsabiqədə Nizaminin qəzəli ilə “Şahnaz” muğamını yüksək səviyyədə ifa edib, laureat diplomunu aldı. Bundan bir il sonra isə o, yenidən Moskvaya dəvət olunaraq, Nizaminin yubileyinə həsr olunmuş dövlət konsertində yenə də “Şahnaz” muğamı ilə çıxış etdi.

Sara xanımın repertuarında mahnı yaradıcılığı əsas yer tutur. Əvvəllər yalnız xalq mahnılarını oxuyardı. 1950-ci ildən sonra o, bəstəkarlarla tez-tez görüşür, onlarla yaradıcılıq əlaqəsi saxlayırdı. Şeirə, sözə qarşı həssas, son dərəcə məsuliyyətli idi. Qadın müğənnilər içində o, ən zəngin repertuarı olan sənətçilərdən biri idi. Unikal musiqi duyumu və möhkəm hafizəsi vardı. İstənilən musiqini, mətni bircə dəfə dinləməklə yaddaşına həkk edir, mahnının mahiyyətini, bəstəkarın istək və məramını dərhal qavrayır, ən başlıcası, mahnıya bağlanaraq oxuyurdu. Bu keyfiyyətlərinə görə başda Üzeyir bəy olmaqla bir çox tanınmış bəstəkarlar - S.Rüstəmov, T.Quliyev, A.Babayev, Q.Hüseynli, Ş.Axundova, A.Əlizadə, A.Gəray, A.Məlikov, R.Mirişli, V.Adıgözəlov, həvəskar bəstəkarlardan Bəhram Nəsibov, Ələkbər Tağıyev, Qulu Əsgərov, Habil Əliyev, Tamella Məmmədzadə onunla birgə işləməkdən və mahnılarının belə bir sənətkarın ifasında səslənməsindən böyük məmnunluq duyurdular. Sara xanım istəyirdi ki, hər mahnısında nəsə təzə bir söz desin, məlum deyilişlərə qayıtmasın, qayıtsa da, ona təzə can versin. O, ilk növbədə şeirin, mahnının musiqisinə uyğun gəlib-gəlməməsi ilə maraqlanırdı. Mahnını öyrənməmişdən əvvəl şeiri dönə-dönə oxuyardı. Şeir xoşuna gəlməyəndə mahnını ifa etməzdi.

O, populyarlıq qazanmaq, dinləyicini necə olur-olsun cəlb etmək istəyən, başqa sözlə, asan şöhrət dalınca gedən müğənni deyildi. Onun ifa etdiyi “Göygöl”, “Nə deyim” ,”Nədən oldu”, “Tarçalan oğlan”, “Pıçıldasın, ləpələr”, “Ay işığında”, “Könül təranələri”, “Bulaq üstə gedən gözəl”, “Küsüb getdi”, “Qonşu qız” və bir çox mahnılarında həm dərin xəlqilik, həm də son dərəcə fərdilik vardı. Bu da müğənninin sənətinə həmişə özünəməxsusluq gətirirdi. Sara xanım ifa etdiyi mahnıların daxilinə “səfər” etməyə, bu mahnıların mühitdə, cəmiyyətdə yaratdığı rezonanslara diqqət yetirirdi. O, mahnı və muğam ifaçılığında bayağılığa, qışqırığa, yersiz zəngulələrə yol verməzdi. Deyərdi ki, hər bir müğənninin öz yolu olmalıdır, öz fərdi üslubunu təsdiq etməli, heç kəsi yamsılamamalıdır.

Sara Qədimovanın yaradıcılığında xüsusi ifaçılıq üslubu, Azərbaycan xalq musiqisi, nəğmə incəsənətin dərin ruhunu və xarakterini əks etdirən cəhətlərin qüvvətli olması xüsusilə qeyd edilməlidir. Həmişə deyərdi: “Sənətkar daim öz üzərində işləməlidir, tamaşaçıları sənəti ilə məftun etməlidir”.

Onun oxuması təkcə səsi ilə deyil, eyni zamanda özünəməxsus ifa tərzi ilə fərqlənirdi. Elə mahnılar var ki, təkrar-təkrar oxuyurdu. Hər dəfə bu mahnılar yeni formada səslənirdi. Hər dəfə müğənni bizim qarşımızda melodiyanın yeni xüsusiyyətlərini, detallarını açır, onu cilalayır, zənginləşdirir və bir növ bəzəyirdi.

 

(ardı var)

 

Çingiz Fərəcov

Sara Qədimova irsinin tədqiqatçısı

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 12-13.