Zamanla üz-üzə” bu dəfə “Bəyaz və qırmızı” rəngdə

 

Qılınc - kəsici ay orağı

Türk qılıncı kimi göydə parlayır,

Nəhəng və ağdır - kədərli zülmətdə

Hədə-qorxu gələn bir kabus kimi.

 

Bu sətirlər aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində səslənən Arnold Şönberqin 3 hissəli «Pierrot Lunaire» («Aylı Pyero») əsərindəndir. «Bəyaz və qırmızı» adlı konsert proqramında Arnold Şönberqin eyniadlı əsəri, müəllifin və bəstəkar Edison Denisovun «Gerard de Nervalın dörd şeiri», «La vie en rouge» («Al boyada həyat») əsərləri də ifa edildi. Konsert «Zamanla üz-üzə» IV müasir musiqi layihəsi çərçivəsində keçirildi.

Məlumat üçün deyək ki, ilk dəfə 2007-2008-ci illər konsert mövsümündə gerçəkləşdirilmiş «Zamanla üz-üzə» layihəsinin məqsədi indiyədək Azərbaycan musiqisevərlərinə tanış olmayan, ölkəmizin konsert salonlarında səsləndirilməmiş əsasən avanqard üslublu əsərləri təqdim etməkdir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən layihənin bədii rəhbəri tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc Qarayev, baş dirijoru isə görkəmli maestromuz, Xalq artisti Rauf Abdullayevdir.

Layihənin bu mövsümdə mart ayında keçirilmiş ilk iki konsertindən fərqli olaraq, aprel konsertlərində ifa ediləcək əsərlərə şəxsən Rauf Abdullayev dirijorluq edir. Solist isə yenə də Əməkdar artist Fəridə Məmmədovadır.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə Arnold ŞönberqinEdison Denisovun əsərlərini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər qrupu çıxış edirdi.

XX əsrin musiqi tarixinə dodekafon (12 tonluq) bəstəkarlıq texnikasının yaradıcısı, Yeni Vyana Məktəbinin banisi kimi düşmüş Arnold Şönberq həm də musiqişünas, pedaqoq, dirijor, ekspressionizmin görkəmli nümayəndəsidir. İyirmi yaşından bəstəkarlıq fəaliyyətinə başlamış Şönberq nasistlər hakimiyyətə gələndən sonra təqiblərə məruz qaldığı üçün mühacirət etməyə məcbur olur. Ömrünü ABŞ-ın Los-Anceles şəhərində başa vurmuş Şönberqin təsiri ilə XX əsrin bir çox bəstəkarı öz yaradıcılığında dodekafon bəstəkarlıq texnikasına müraciət edib.

Konsertdə görkəmli rus bəstəkarı, pedaqoq, ictimai xadim, 1960-80-ci illər sovet avanqardının siması Edison Denisovun səs, fleytapiano üçün «Gerald de Nervalın dörd şeiri» və səs, fleyta, klarnet, violin, violonçel, piano və zərb alətləri üçün Boris Vianın mətnlərinə yazılmış «La vie en rouge» («Al boyada həyat») əsəri maraqla qarşılandı.

«Zamanla üz-üzə» IV musiqi layihəsinin sonuncu bahar konserti aprelin 15-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Proqramda Qustav Malerin əsərləri səslənəcək.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 4.