Tarixi gerçəklər və erməni yalanları

 

ATMU-da dəyirmi masa keçirilib

 

Azərbaycan TurizmMenecment Universitetində (ATMU) “Erməni yalanları” mövzusunda dəyirmi masa keçirilib.

Universitetin rektoru, professor Cəfər Cəfərov torpaqlarımızın 20 faizdən çoxunu işğal etmiş Ermənistanın təcavüzkar siyasətindən, tarixi saxtalaşdırmaq cəhdlərindən danışıb. Bildirib ki, Azərbaycan dövləti öz tarixinə və keçmişinə, mədəniyyətinə sahib çıxır və erməni yalanlarının ifşası istiqamətində daha genişmiqyaslı tədbirlər keçirilməli, tədqiqatlar aparılmalıdır.

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Məmmədov ermənilərin özlərini bu regionda tarixən yaşamış xalq qismində qələmə vermək üçün min bir yalana əl atdıqlarını bildirib, bununla bağlı apardığı tədqiqatlardan danışıb, əldə etdiyi tarixi faktları diqqətə çatdırıb.

Qeyd edib ki, ermənilərin törətdiyi soyqırımlar Azərbaycan xalqının qan yaddaşıdır. Bu gün xalqımız ölkə rəhbərliyi ətrafında sıx birləşərək torpaqlarımıza, tarixi keçmişimizə iddia edən, ölkəmizə qarşı informasiya müharibəsi aparan mənfur düşmənlərə layiqli cavab verir.

Digər çıxış edənlər də bu istiqamətdə tədqiqatların vacibliyini vurğulayıblar. Qeyd edilib ki, erməni yalanlarını ifşa edən belə faktlar cəmiyyətə yaxından tanıdılmalı, bununla bağlı kütləvi tədbirlər təşkil edilməlidir.

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 2.