Hüseyn Cavid: mühiti və müasirləri”

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid: mühiti və müasirləri” adlı yeni monoqrafiyası çapdan çıxıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ön söz yazdığı nəşrin elmi redaktoru, professor Zaman Əsgərli, rəyçiləri, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktorları Əlizadə Əsgərli və İslam Qəriblidir.

Monoqrafiyada Cavidin ədəbi məfkurəsi və sənəti onun ədəbi, mədəni, ictimai mühiti kontekstində araşdırılıb, şairin naxçıvanlı maarifçi müasirləri ilə əlaqələri tədqiq edilib. Həmçinin ədibin həyat və fəaliyyətinin Naxçıvan, Cənubi Azərbaycan, Türkiyə, eləcə də Gəncə, Tiflis, Bakı mərhələləri, Almaniyaya səfəri və təəssüratları, sovet dövründə böyük sənətkara ikili münasibət təhlil süzgəcindən keçirilib.

Tədqiqat əsərində ədibin əsərləri ətrafında qurulan ədəbi məhkəmələrə, dövri mətbuat və ədəbi tənqidin müəllifə yanaşmasına, xüsusilə də Hüseyn Cavid-Cəfər Cabbarlı münasibətlərinə aydınlıq gətirilib ki, bütün bunlar da şairi repressiyaya aparan yolun aydın təsəvvür edilməsinə imkan yaradır. Monoqrafiya cavidşünaslığın yeni dövrünün inkişaf meyllərini əks etdirən əhəmiyyətli tədqiqat əsəridir.

 

Fariz Yunisli

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 15.