Bütün yollar Qarabağa aparır

 

yaxud aktyor-şairin yubileyindəki düşüncələr

 

“...Çox təəssüf ki, aktyorun yaratdığı bu parlaq obraz Ağdam teatrından kənara çıxarılmadı. Əyalətə isə nə televiziya rejissorlarının, nə də ki, teatr tənqidçilərinin yolu düşmədiyindən, respublika teatr ictimaiyyəti aktyorun bu sənət uğurundan xəbərsiz qaldı. Sonrakı hadisələr isə teatrın səhnəsində «Oqtay Eloğlu»nun taleyini uzunömürlü etmədi. Lakin Oqtay rolu Nazir Rüstəmovun qəlbində səhnəyə böyük məhəbbət hissləri aşılamaqla daimi yaşayacaq”.

Bu sətirlər tanınmış teatrşünas Yaqub Əlioğlunun 1998-ci ildə çap olunan «Özlərini səhnədə görənlər...» kitabındakı portret oçerklərindən birindəndir. Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, rejissoru, amma o zaman Ağdam Dram Teatrında çalışan Nazir Rüstəmov haqqında yazıdan sitatdır. Demək olar ki, yüz ildən bəri Azərbaycanda özünü romantik-lirik-aşiq qəhrəman obrazında görən bütün kişi aktyorların oynamaq istədiyi, həm də sənətə gələn yolda müəyyən qədər özünü bənzətdiyi «Oqtay Eloğlu» tamaşasında baş rolu oynayan cavan aktyor Nazir Rüstəmovun ifasından gedir söhbət.

O aktyor ki geridə qoyduğumuz həftədə 60 yaşın dizini yerə vurdu. Bu münasibətlə aprelin 15-də Nazir Rüstəmovun çalışdığı Şuşa Dövlət Musiqili Dram Teatrı İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən, yaxud boy çiçəyi» pyesi əsasında hazırlanmış «Boy çiçəyi» tamaşasını oynadı. Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada baş rolda - Həsənzadə rolunda yubilyar özü çıxış edirdi.

* * *

...Rejissorun yozumuna görə elə salonun ortasında - tamaşaçıların arasında qurulmuş rekziviti cəmi üç stulbir masadan ibarət tamaşada dörd aktyor iştirak edir. Əgər stulların sayı üç, iştirakçıların sayı isə dörddürsə, deməli, həmin dörd nəfərdən kimsə artıqdır.

Tamaşa gedir. Əksəriyyəti teatr, sənət adamı olan seyrçilər aktyorları diqqətlə süzürlər. Mən də baxıram və bir neçə gün əvvəl Nazir müəllimlə yubiley öncəsi söhbətdə tamaşa barədə dediklərini xatırlayıram: «Hərdən eşidirəm, deyirlər ki, niyə teatrlar bu əsərdən əl çəkə bilmir? Şəxsən mən bu əsərə iyirmi dəfə quruluş verərəm, amma heç biri o birisinə bənzəməz! Əsərin qəhrəmanlarının hamısı dolğundur. İstədiyin tərzdə obraz yaratmaq üçün dramaturji material var. Mən özüm artıq dördüncü quruluşdur ki, Həsənzadəni oynayıram. Həmin tamaşalardan birinə də özüm quruluş vermişdim».

* * *

...Tamaşa boyu «səhnə arxasından» Ağa Laçınlının şeirləri oxunur. Mən isə yubilyar ilə söhbətimizi yada salıram: «Mənim elə bir günüm yoxdur ki, Füzulini, Yesenini mütaliə etməyim. Mən poeziya ilə nəfəs alıram. Özümşeir yazıram. Deyəcəksiniz ki, Azərbaycanda az qala hamı şeir yazır. Özünü tərif olmasın, mən bir az fərqli yazıram».

Tamaşadan sonra Nazir Rüstəmovu təbrikə gələnlərin arasında onun şeirlərini rus dilinə çevirən şair, tərcüməçi, «Literaturnıy Azerbaydjan» jurnalının şöbə müdiri Alina Talıbova, «Azərbaycan» jurnalının baş redaktoru İntiqam Qasımzadə, «Ulduz»un baş redaktoru Qulu Ağsəs səbəbkarın ədəbi yaradıcılığından söz açıb, yeni şeirlərinin dərc olunduğu jurnal nüsxələrini ona təqdim edirlər. Şuşa teatrının direktoru Yadigar Muradov da zarafatla deyir ki, Nazir Rüstəmov bu qədər yaxşı şairdirsə, elədə bir-iki aydan sonra onu jurnalda işə götürsünlər. Zarafat bir yana, yeri demişkən...

* * *

Nazir Rüstəmov o vaxtkı İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib, 1982-ci ildə doğma Ağdam teatrında çalışmağa başlayır. Ağdamın işğalından sonra bu teatr da köçkün taleyi yaşamalı olur, bir müddət fəaliyyət göstərmir. Beləcə, teatrın aparıcı aktyoru özünə yaradıcılıq meydanı axtarır. Bakı Bələdiyyə Teatrında, Sumqayıt, Füzuli, Şuşa, İrəvan teatrlarında çalışır, arada müqavilə ilə Akademik Milli Dram Teatrında işləyir, yenindən bərpa olunan Dərbənd Azərbaycan teatrına baş rejissor təyin edilir. Dərbənddə hazırladığı tamaşaların sorağı uzaqlara yayılır və ona Ukraynada, Mariupol teatrında tamaşa qoymaq təklif edilir. Nazir Rüstəmov da «çağırılan yerə ar eləmə...» prinsipi ilə təklifi qəbul edir. S.Marşakın məşhur «Pişik evi» əsərini tamaşaya hazırlayır. Bu tamaşa uşaqlar üçün nəzərdə tutulsa da, alleqorik personajlar quruluşçu rejissor tərəfindən elə təqdim edilir ki, tamaşaya böyüklər də maraqla baxırlar. 2003-cü ildə Ukraynada ən yaxşı uşaq tamaşası kimi mükafat alan həmin tamaşa hələ də Mariupol teatrının repertuarındadır.

Nazir müəllim bunları danışıb, Ukrayna mətbuatında «Pişik evi» barədə dərc olunmuş yazıları mənə göstərir. Dilim dinc durmur: «Yaxşı, bəs niyə qayıtdınız? Ukraynada daimi yeri, hər cür şəraiti olan teatr?». Bir an düşünmədən cavab verir: «Mən bu ölkədən kənarda ən çoxu altı ay qala bilərəm. Heç yerdə uzun müddət dözə bilmirəm. Azərbaycan məni maqnit kimi çəkir. Hərçənd mənə orada mənzil də, yaxşı maaş da təklif etmişdilər. Mən isə geri qayıtdım».

* * *

...Tamaşa davam edir. Nargilənin anası Həsənzadənin evinə gəlib onu 19 yaşlı bir qızı yoldan çıxarmaqda, qəsəbədə qızının qeybət «qəhrəman»ına çevrildiyinə görə günahlandırır. Amma əgər bilsəydi ki, Həsənzadədən eşitdiyi ittihamlar daha sarsıdıcı, daha dəhşətli olacaq, bəlkə də heç onun qapısını döyməzdi. Amma yox! Döymək lazım idi, yoxsa, ana ilə balanın münasibəti barədə əsl həqiqəti ona kim deyəcəkdi?

Yeri gəlmişkən, aktrisa Püstəxanım Zeynalovanın ifasında Nəzakət - Nargilənin anası inandırıcı təsir bağışlayır və bu günün qadını idi.

* * *

Əsl həqiqət isə budur ki, aktyor Nazir Rüstəmov sümüyünün iliyinədək teatr, sənət adamıdır. Ömrünün demək olar ki, qırx ilini teatra həsr etmiş bu insan indiyədək iki yüzədək rol oynayıb, qırxadək əsərə quruluş verib. Qədim və məşhur bir deyimə nəzirə kimi görünsə də, bəzən belə olur: «Rejissorlar dramaturqları, aktyorlar da rejissorları bəyənməz». Bunu düşünüb Nazir müəllimə eyham vururam ki, neçə-neçə uğurlu tamaşalara quruluş verəndən sonra da başqa bir rejissorun quruluşunda, bəzən də həmin tamaşanın uğuruna əmin olmadan səhnəyə çıxmaq onu qıcıqlandırmır ki? Axı, teatr aləmində belə bir tendensiya var: rejissorluq fəaliyyətinə başlayan və müəyyən uğur qazanan aktyor içindəki bəzən «mən bunu daha yaxşı bacarardım» iddiasını boğub başqa rejissorun quruluşunda səhnəyə çıxmağı bacarmır. Müsahibim 45 il (!) Moskva Satira Teatrında baş rejissor işləmiş Valentin Nikolayeviç Pluçekin fikrini xatırladır: «Əgər aktyor hansısa tamaşaya quruluş vermək istəyirsə, bunun qarşısını almaq lazım deyil: o, bir-iki tamaşa hazırlamaqla rejissor olmayacaq». Aktyor olaraq qalmaq! Alqışların ən çoxunu, ən sürəklisini və ən səmimisini qazanmaq! Ah, qazanmaq demişkən...

* * *

...Bu il martın 10-da Milli Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən tədbirdə təsadüfən yerimiz yanaşı düşdü. Salamlaşdıq, bayramlaşdıq. İttifaqın «Sənətkar» medalı ilə təltif edilənlərin arasında Nazir Rüstəmov da var idi. Təbrik etdim. Təşəkkür edib, nəzakətlə kimliyimlə maraqlandı (jurnalistaktyor deyil ki, onu üzdən tanıyalar). Adımı dedim, imzamı tanıdığını dedi. Yeri gəlmişkən, tanımaq demişkən...

Kino, sonra da televiziya icad olunandan aktyor sənətinin nizamı dəyişib: kinoda çəkilənlər daha çox tanınır, nəinki teatrda çalışanlar. Nazir Rüstəmov da ara-sıra filmlərdə çəkilir. Özü də təkcə Azərbaycanda yox, ölkəmizdən kənarlarda da. Rusiya istehsalı olan «Ondan yaxşı qardaş yox idi», «Sizə müharibə elan edirik», Azərbaycanda lentə alınmış «Həm ziyarət, həm ticarət», «Günaydın, mələyim», «Cavadxan» filmlərində, «Qaydasız döyüş», «Döngələr», «Toy gecəsi», «Səni ürəyim sevdi» seriallarında, daha neçə-neçə ekran əsərində irili-xırdalı rollara çəkilib. Bəlkə də onun baş qəhrəmanlar, igid oğlanlar oynayan yaş dönəmi əyalət teatrına təsadüf etməsəydi, ya da ən azından, bizim televiziyakino rejissorlarımız bölgə teatrlarında can qoyan, sənət yaşadan aktyorlara lazımınca diqqət yetirsəydilər, olsun ki, yazımızın qəhrəmanının da kino rolları kəmiyyətcə daha çox, keyfiyyətcə daha zəngin olardı. Yaşın nə fərqi var ki, deyib keçməyin. Elə məqamlar var ki, yaşın fərqi olur. Elə «Boy çiçəyi» tamaşasındakı Həsənzadə də bunun fərqindədir.

* * *

Tamaşanın son səhnələridir. Həsənzadə anası ilə barışmış Nargilə ilə vidalaşmaq üçün onun yanına gəlir. Gənc aktrisa Zəhra Salayevanın məharətlə yaratdığı Nargiləsinin sevinci elə dodaqlarında qalır. Həsənzadə gedirəm deyir. Ona görə yox ki, söz-söhbətdən qorxur, nə vaxtsa Nargilənin ona bəslədiyi hisslərin soyuyacağından ehtiyatlanır. Yox, o, sadəcə, getmək istəyir və qərarında qətidir. Bu səhnəni seyr edərkən mənə elə gəlir ki, Həsənzadə doğrudan da, çıxıb gedir. Bəs hara? İstəyirəm ki, baş qəhrəman mənim arzuladığım yerə getsin! Orda çalışsın, yaratsın! Nazir müəllimdən bunu soruşmaq keçir ürəyimdən. Amma yox. Bu gün onun günüdür: təbriklərin, alqışların ünvanları olduğu bir gündə kövrək qəlbli aktyor-şairin nisgilini sızıldatmağa nə ehtiyac. Qalsın sonraya...

...Yazının üzərində işləyərkən düşünürəm ki, son 23 ildə Şuşa, işğal altındakı torpaqlara qayıdış istəyi indiki qədər bizə yaxın olmayıb. Köçkün taleyi yaşayan Şuşa Dövlət Musiqili Dram Teatrı da Bakıya sığınıb. Yəni sığınıb deyəndə ki, onun üçün ayrılmış binada təmir gedir. Bir az geci-tezi var, teatrın öz daimi binası olacaq. Amma ürəyimdən keçən arzuya inanmaq istəyirəm: Şuşa teatrının Bakıda öz binasının olmasına ehtiyac qalmasın.

Nazir Rüstəmov da Ağdamda doğulub, bu teatrda işləyib, indiŞuşa teatrında çalışır. Telefonda bəzi faktları dəqiqləşdirərkən bu teatrın məkanı ilə bağlı diləyimi dilə gətirirəm. Soruşuram ki, o da teatr ilə birgə Şuşaya qayıdacaqmı? Tərəddüd etmədən cavab verir: «Qayıdaram. Ömrümün sonunadək bu teatrda çalışmağa qərarlıyam».

...Aktyorun Nazir Rüstəm imzası ilə çap etdirdiyi kitabına ad seçdiyi şeir belə adlanır: «Aramızda bulud var». O bulud çəkilib yolumuzu aydınladınca, ömrün bütün yolları Qarabağa aparır. Yolumuz açıq olsun!

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 11.