Sənətçilərin Silahlı Qüvvələrə dəstək konsertləri davam edir

 

Aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələrlə bağlı Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan mədəniyyət ocaqlarında ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbirləri keçirilir, ordumuza dəstək ifadə edilir. İncəsənət kollektivləri, sənətçilər də igid hərbçilərimizin döyüş əzminin, qələbəyə inamının artırılmasına öz töhfələrini verirlər.

 

Aprelin 16-da Mədəniyyət və Turizm Nazirliyi və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə növbəti konsert proqramı Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə təşkil edilib. Konsert proqramında müğənnilərdən Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mirkamil Kamilov vətənpərvər ruhlu mahnılar ifa ediblər.

Xanəndə Nigar Şabanovanın ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Onu tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov müşayiət ediblər. Bədii qiraətçi Pərvanə Qurbanovanın söylədiyi vətənpərvər ruhlu şeirlər və Gəncə Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə nümayiş olunan kompozisiya da maraqla qarşılanıb.

Yüksək əhval-ruhiyyədə olan əsgərlər incəsənət ustaları ilə birlikdə rəqs edərək əyləniblər.

Qeyd edək ki, uşaq, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsini, habelə mədəniyyət müəssisələrində bu istiqamətdə işin səmərəli təşkilini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 2015-2016-cı illər üzrə müvafiq Tədbirlər Planı təsdiq edilib. Azərbaycanın Milli Qəhrəmanlarına, Qarabağ uğrunda şəhid olmuş döyüşçülərə həsr olunmuş anım günləri, bu mövzuda sərgilər, bədii kollektivlər və xalq teatrları tərəfindən hazırlanan tamaşalar, ədəbi-bədii kompozisiyalar bu qəbildəndir.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 7.