Elmi-ifaçılıq müsabiqəsinə yekun vurulub

 

Aprelin 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıb.

Akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli müsabiqənin əhəmiyyətindən danışıb. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan müsabiqəyə Bakı və respublikanın 26 bölgəsindən 289 gənc musiqiçi qatılıb. Qaliblərin çıxışı peşəkar münsiflər tərəfindən qiymətləndirilib.

Layihənin müəllifi və bədii rəhbəri akademiyanın professoru Tərlan Seyidov çıxış edərək qalibləri təbrik edib, onların dörd nominasiya - “Fortepiano”, “Orkestr alətləri”, “Azərbaycan xalq çalğı alətləri”, “Solo oxuma” üzrə diplomantlaureat adına layiq görüldüklərini, digər iştirakçılara isə sertifikatların təqdim ediləcəyini söyləyib.

Sonra mükafatlar təqdim olunub və müsabiqə qalibləri geniş konsert proqramı ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 6.