Sivilizasiyalar Alyansının Qlobal
Forumunun proqramı təsdiqlənib
Xəbər verdiyimiz kimi, aprelin 25-dən 27-dək Bakıda BMT-nin Sivilizasiyalar
Alyansının VII Qlobal Forumu
keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli sərəncamına
əsasən beynəlxalq tədbirin keçirilməsi ilə
bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat
Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevdir.
Foruma hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir. Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək Qlobal Forum indiyədək ölkəmizdə keçirilən bu qəbildən beynəlxalq tədbirlər arasında ən genişmiqyaslısı olacaq.
Foruma BMT-nin baş katibi Ban Ki Moon, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Makedoniya Prezidenti George İvanov, Malta Prezidenti Mari-Luiz Koleyro Preka, Qətər və Küveytin baş nazirlərinin birinci müavinləri - ümumilikdə 140-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı qatılacaq. İştirakçılar arasında beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələri yer alacaq. Forum çərçivəsində gənclər üçün tədbir, həmçinin biznes simpoziumu keçiriləcək.
“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək Qlobal Forumun proqramı artıq təsdiqlənib, gündəmi, müzakirə mövzuları kifayət qədər genişdir. Forum “birgəyaşayış” məfhumunun “inklüziv” cəhətini vurğulamaqla, çağdaş dövrün getdikcə daha da müxtəlifləşən cəmiyyətlərində hər kəsə bərabər imkanların təmin olunduğu yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların çoxsaylı perspektivlərini gündəmə gətirəcək.
Üç gün ərzində “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə
bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti
və biznes: sülh,
təhlükəsizlik və davamlı inkişaf
naminə birgə fəaliyyət”, “Nifrət
çıxışlarının qarşısının
alınması və bu cür
hallarla mübarizə
sahəsində qabaqcıl metodların mübadiləsi”, “Tətbiqi
proqramlar və video-oyunlar
vasitəsilə kiber-ekstremizm əleyhinə
əks-təbliğat tədbirləri”, “Münaqişə
zonalarında sülhün bərqərar
edilməsi prosesində qadınların rolu”,
“Davamlı və inklüziv inkişaf naminə idman”,
“Qlobal miqrasiya prosesində
şəhərlərin rolu”, “Sülhsevər və inklüziv cəmiyyətlərin
formalaşdırılmasında gənclərin
iştirakı: nəsillər və sahələr arasında
tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Multikultural cəmiyyətin
formalaşdırılmasında Azərbaycanın rolu”, “Birgəyaşayışın öyrənilməsi:
təhlükə və münaqişə
problemi”, “Bakı prosesi:
qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların
cavablandırılması”, “Media peşəkarlığı:
zorakı ekstremizmin təbliğatına
qarşı müqavimətin təşkili üçün
vasitələr”, “Ekstremizmin
qarşısını almaq üçün çoxmədəniyyətli
(multikultural) cəmiyyətin
formalaşdırılması perspektivlərinin təşviqi”
və digər mövzularda 30-a yaxın
sessiyanın keçirilməsi nəzərdə tutulub. Forumun
toplantıları beynəlxalq televiziyalar
və internet vasitəsilə 6 dildə
canlı yayımlanacaq.
Mədəniyyət.- 2016.- 20
aprel.- S. 2.