Daşkənddə keçirilən festivalda Qarabağın milli geyimləri təqdim edilib

 

Özbəkistan Rəssamlıq Akademiyasının təşəbbüsü ilə Daşkənddə keçirilən Təsviri İncəsənət Festivalı çərçivəsində dəb nümayişi olub. Nümayişdə ölkənin gənc modelyerlərinin kolleksiyaları təqdim edilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərliyi, Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Təqdimatda Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Sarı gəlin" xalq mahnısının sədaları altında modelyer qızlar Qarabağ milli geyimlərini nümayiş etdiriblər. Buraya XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, bölgənin zadəgan xanımlarının geyimləri daxildir. Xüsusi daş-qaşlarla bəzədilən və ipəkdən hazırlanan geyimlər böyük maraqla qarşılanıb və festivalın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüb.

Festival çərçivəsində iştirakçılara Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs haqqında məlumatlar toplusu təqdim olunub.

Xatırladırıq ki, Qarabağ geyimləri Bakı Geyim Evi tərəfindən hazırlanıb və Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirilir.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 16.