“Vətən mənə oğul desə...”

 

Bakı şəhər Binəqədi rayon Mədəniyyət evində bugünlərdə döyüşlərdə şəhid olmuş Emin Bağırov və Fəxrəddin Qurbanlının əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Rəvanə Əliyeva, şəhid E.Bağırov və F.Qurbanlının ailə üzvləri çıxış ediblər. Mədəniyyət evinin direktoru Zivər Abbasova belə igid oğullar yetişdirdiyi üçün valideynlərlə xalqımızın qürur duyduğunu söyləyib. Tədbirdə "Qarabağ şikəstəsi" səslənib, vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub.

* * *

Nərimanov rayon MKS-nin 1 saylı filialında Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvlərinin iştirakı ilə “İgid əsgər adınla fəxr edir anamız vətən: İnam və dəstək” mövzusunda tədbir keçirilib. Yaradıcılıq evinin metodisti Hicran Kərimova, jurnalist Ədalət İdrisoğlu, ədliyyə polkovniki, Qarabağ döyüşlərinin iştirakçısı Əlisa Musayev çıxış edərək Azərbaycan Ordusunun böyük zəfərinin qarşıda olduğunu vurğulayıblar. Vətənə, şəhidlərimizə, qalibiyyətli ordumuza həsr olunmuş şeirlər səslənib.

* * *

Qusar rayon Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə “Mən səninləyəm, Azərbaycan” adlı tədbir keçirilib. Mərkəzin direktoru Neva Abdurahmanova, fond mühafizi Nahid Hacıyev qəhrəmanlıq tariximizdən danışıb, qəhrəmanlarımızın fəxarət ünvanı olduğunu vurğulayıblar. Vətənpərvərlik mahnıları və seirlər səsləndirilib.

* * *

Göygöl rayon Mərkəzi kitabxanasında Yeni Zod kənd sakini Azərbaycanın Milli Qəhrəmanı Etibar Hacıyevin anadan olmasının 45 illiyinə həsr olunmuş “Vətən mənə oğul desə, nə dərdim!” başlığı altında ədəbi-bədii kompozisiya təşkil olunub. MKS-nin direktoru İ.Əliyeva, kitabxanaçı Ülviyyə Mustafayeva qəhrəmanın ömür yolundan danışıblar. Şəhər Mədəniyyət evinin dram dərnəyinin üzvləri vətənə, xalqımızın igid oğullarına həsr olunmuş şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 15.