Ayrılıqla soydaşlarını qovuşduran sənətkar

 

Güney Azərbaycanda musiqi mədəniyyətinin inkişafında tarzən, görkəmli bəstəkar Əli Səliminin mühüm xidmətləri var. Onun bəstələdiyi bir çox mahnılar bu güno tay-bu tay Azərbaycanın vüsal həsrətinin, ayrılıq nisgilinin tərcümanıdır.

 

Əli Zöhrab oğlu Səlimi 1922-ci ildə Bakıda, əslən Cənubi Azərbaycanın Ərdəbil mahalından olan neftçi ailəsində dünyaya göz açıb. İbtidai təhsil illərindən musiqiyə maraq göstərir. Valideynləri görkəmli tarzən Əhməd Bakıxanova müraciət edirlər. Sənətkar Əlinin musiqi duyumuna inanır, ona tar ifaçılığının sirlərini öyrədir. Sonralar Ə.Bakıxanov şəhərin fəhlə klublarından birinə rəhbərlik etdiyi zaman Əli də özfəaliyyət xalq çalğı alətləri ansamblının məşqlərinə qatılır və bir müddət sonra kollektivə üzv qəbul edilir.

Ancaq bu xoşbəxt günlərin ömrü uzun sürmür. Repressiyaların tüğyan etdiyi 30-cu illərdə Zöhrab Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Ə.Səlimi şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir.

II Dünya müharibəsi başlayanda Amerikanın təsiri ilə İran radiosunda türk dilində antisovet proqramlar hazırlanır. Məsləhət görülür ki, verilişlər türk musiqisi ilə müşayiət olunsun. Ə.Səlimiyə xalq çalğı alətləri orkestrini təşkil etmək tapşırılır. Tədbirlərdə və el şənliklərində onun mahnıları səsləndirilir.

Sənətkara daha böyük şöhrət gətirən isə Ayrılıq mahnısı olur. Şair Fərhad İbrahiminin 1956-cı ildə qələmə aldığı eyniadlı şeirinə bəstələnən mahnını ilk olaraq musiqiçinin həyat yoldaşı Fatma Qənnadi ifa edir. Ancaq əsərdə siyasi motivlər olduğu üçün senzura nəzarətindən keçmir. Efirdə səsləndirilməsinə qadağa qoyulur. Ə.Səlimi şairə musiqi üçün yeni mətn yazdırır. Yeni yazılan mətndə xalqın parçalanmasından deyil, sevgililərin ayrılığından bəhs edilir. Musiqi isə əvvəlki ahəngində qalır və mahnı 1958-ci ildə Tehran radiosunda səsləndirilir.

Dünya şöhrətli müğənni Rəşid Behbudov 1962-ci ildə İrana qastrol səfəri zamanı Ə.Səlimi onu evinə dəvət edir. Maraqlı söhbət zamanı Mahmud Dəstpişə Valehin sözlərinə bəstələdiyi Sizə salam gətirmişəm mahnısını səsləndirir və əsəri müğənniyə bağışlayır. R.Behbudov mahnını çox bəyənir... Söhbət əsnasında Ayrılıq mahnısından da söz düşür. Ə.Səlimi vəziyyəti görkəmli müğənniyə danışır, mahnının ifasının siyasi dairələri narahat edəcəyini diqqətə çatdırır.

R.Behbudov yaxın vaxtlarda hər iki mahnını ifa edəcəyini bildirir. Beləliklə, Bakıya qayıdan böyük musiqiçi Sizə salam gətirmişəm və Ayrılıq mahnılarını böyük şövqlə oxuyur və lentə yazdırır. Hər iki mahnı qısa bir zamanda respublikada yayılır və xalqın əsrlik nisgilini daha da alovlandırır. Onu da qeyd edək ki, Ayrılıq mahnısını müxtəlif dövrlərdə iranlı məşhur müğənnilər Ququş, İqbal, Mənsur Cəfəri, Yaqub Zurufçu, Türkiyədə Zəki Müren, Selda Bağcan, Emel Sayın, Barış Manço və başqaları ifa ediblər.

Ə.Səliminin İntizar, Ceyran sevgilim, Unutma məni, Köçəri, Təbriz, Savalan, Jalə, Səni görəndən bəri kimi qəlbləri riqqətə gətirən mahnıları, onlarca filmə yazdığı musiqilərin şöhrəti İranın hüdudlarını aşaraq dünyaya yayılıb.

1964-cü ildə İran Radiosunun nəzdində fəaliyyət göstərən Azərbaycan musiqi alətləri orkestrinin fəaliyyəti dayandırılır. İslam inqilabından (1979) sonra televiziyaradioda musiqi səsləndirilməsi qadağan edilir. Ə.Səlimi Təbrizə dönür, burada Musiqi evi adlı özəl təlim mərkəzi açır. Azərbaycan musiqisinin təbliği ilə məşğul olur. Azərbaycanın tar metodu adlı musiqi məktəbləri üçün dərsliklər hazırlayır.

1989-cu ildə İranın Mədəniyyət və İslami İrşad Nazirliyi tərəfindən Ə.Səlimiyə musiqi üzrə doktorluq dərəcəsi verilir. Yaradıcılığı UNESCO tərəfindən yüksək qiymətləndirilən musiqiçi Şərqin böyük bəstəkarı fəxri adına layiq görülür. O eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü olub.

Əli Səlimi 22 aprel 1997-ci ildə Təbrizdə vəfat edib. 2007-ci ildə Ərdəbildə bəstəkar-tarzənin xatirəsinə həsr olunan ilk Azərbaycan muğam festivalı keçirilib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 15.