İncəsənət sülh və qarşılıqlı anlaşma yoludur

 

Aprelin 22-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin açılışı oldu. Azərbaycan təsviri sənətinin zənginliyini nümayiş etdirən sərgi BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu münasibətilə təşkil olunub.

 

Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgidə iştirak edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasiri və sənətsevərləri salamladı. Nazir bildirdi ki, ayın 25-də ölkəmizin tarixində ilk dəfə olaraq BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək: “Sözsüz ki, mədəniyyət xadimlərinin də bu böyük tədbirə öz töhfələri olmalıydı. Bu münasibətlə çox maraqlı bir ideya ortaya gəldi və bu gün gerçəkləşdi. Bu sərgi XX-XXI əsrlərdə Azərbaycanda yaşamış tanınmış rəssamların müxtəlif janrlardakı yaradıcılığını əhatə edir”.

Ə.Qarayev qeyd etdi ki, ölkəmizdə təşkil olunan bu böyük beynəlxalq tədbir insanları sülhə və birliyə çağırmaq məqsədi daşıyır: “Rəssamlarımızın əsərlərində də bu ideyalar öz əksini tapıb. Sərgidə 80 sənətkarın 150-yə yaxın rəngkarlıq və heykəltəraşlıq əsəri nümayiş olunur. Burada müxtəlif qalereyaların fondundan əsərlər var. Onların bəzisi ilk dəfə olaraq tamaşaçılara təqdim olunur”.

Vurğulandı ki, bu sərgi eyni zamanda Qlobal Forumun mədəni proqramını açıq elan edirbu proqrama aprelin 27-də Heydər Əliyev Sarayında “Sivilizasiyaların musiqi alyansı” adı altında böyük konsertlə yekun vurulacaq.

Nazir çıxışının sonunda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasiri Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Dostluqordeni ilə təltif olunması münasibətilə təbrik etdi.

Nasir Əbdüləziz Əl-Nasir sərgi iştirakçılarını salamladı, belə bir tədbirdə iştirakından məmnunluğunu bildirdi. Qonaq Azərbaycan Respublikasının Prezidentinə mədəniyyətlərarası və dinlərarası dialoqa ayırdığı diqqətə və töhfələrə görə xüsusi minnətdarlığını ifadə etdi.

Qeyd etdi ki, müxtəlif rəssamların əsərlərində gördüyümüz qarşılıqlı hörmət, barış mədəniyyətlərarası dialoqun qurulmasında bizə yardımçı olur: “Mədəni müxtəliflik incəsənətin ifadəsi ilə daha geniş yayılır. Bu sərgi çox gözəl nümunədir. Biz Sivilizasiyalar Alyansı çərçivəsində təşkil edilən bu sərginin önəmini yüksək dəyərləndiririk. Mədəni müxtəlifliyi incəsənət vasitəsilə tərənnüm etmək gözəl ənənədir. İncəsənət sülhün və anlaşmanın çiçəklənməsi üçün vasitədir”.

Nasir Əbdüləziz Əl-Nasirin sözlərinə görə, təhsil, gənclər, mediamiqrasiya məsələləri Sivilizasiyalar Alyansının əsas sütunlarındandır: “Biz təhsil vasitəsilə dözümsüzlüyə, ksenofobiyaya qarşı mədəni müxtəlifliyi daha yüksək səviyyəyə yüksəltməliyik. Mən qabaqlayıcı diplomatiya üçün əlavə mexanizmlər kimi mədəniyyət, incəsənət, musiqiidman məsələlərini Sivilizasiyalar Alyansının gündəliyinə daxil etmişəm. Dialoq sülhə aparan ən münasib yoldur. İncəsənət sülh və qarşılıqlı anlaşmaq vasitəsidir. Bəşəri problemlərin həllində incəsənətin yardımından yararlanmalıyıq”.

 Ali nümayəndə sərginin təşkilatçılarına təşəkkür edərək deyib ki, bu gün nümayiş olunacaq gözəl sənət nümunələri Azərbaycan milli incəsənətinin təbliğinə yeni töhfələr verəcək.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Qlobal Forum münasibətilə milli təsviri sənət nümunələrindən ibarət belə bir sərginin təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi, sənətsevərlər əsərlərlə yaxından tanış oldular.

Sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi XX əsr rəssamlarının və müasir rəssamların sənət nümunələri nümayiş olunur. Ekspozisiyada Elçin Aslanov, Qəyyur Yunus, Yusif Mirzə, Tağı Tağıyev, Sənan Qurbanov, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Xalidə Səfərova, Mahmud Tağıyev, Nadir Qasımov, Qafar Seyfullayev, Mikayıl Abdullayev, Asəf Cəfərov, Nadir Əbdürrəhmanov və başqalarının əsərləri yer alıb. Sərgi aprelin 28-dək davam edəcək.

 

S.Soltanlı

 

Mədəniyyət.-  2016.- 27 aprel.- S. 9.