Gənclər və sosial inklüzivlik üzrə qlobal gündəlik

 

Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu panel müzakirələrlə davam edib.

 

Aprelin 25-də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu iştirakçıların müxtəlif mövzularda əməkdaşlıq toplantıları ilə davam edib. Toplantıların yekunları “Gənclər və sosial inklüzivlik üzrə qlobal gündəlik: məşğuliyyət üçün ümumi baxış və imkanlarmövzusunda iclasda geniş müzakirə olunub.

BMT Sivilizasiyalar Alyansının layihə əlaqələndiricisi İzabel Tibinin moderatorluğu ilə keçirilən tədbirdə BMT baş katibinin gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi forumun təşkilində Azərbaycanın rolunu xüsusi vurğuladı, müzakirələr üçün əlverişli platforma yaratdıqlarına görə təşkilatçılara minnətdarlığını bildirdi.

Gənclərin çox zaman problemin bir hissəsi kimi qarşılandığını qeyd edən Əhməd Əlhəndavi bildirdi ki, insan haqları, davamlı inkişaf, sülh və əmin-amanlıq BMT-nin vacib sütunlarıdır. Biz hər zaman hər bir ölkənin gündəminə bu məsələlərin düşməsinə çalışmalıyıq: “Gənclər hər zaman təhsillə əlaqəli olan şəxslər kimi qəbul edilib. BMT Təhlükəsizlik Şurası ötən il münaqişə zonalarında yaşayan 600 milyondan çox gənclə bağlı mühüm qətnamə qəbul edib. Biz gənclər yeni forumların, müzakirə üçün məkanların təşkilinə çalışırıq. 2015-ci ildə 45 min insan İŞİD-ə qoşulub. Bu, bizi narahat edir. Bu forumda formalaşdıracağımız əsas meyarlar mentalitetin dəyişməsinin təzahürü olacaq və gələcəyə böyük töhfələr verəcək”.

BMT Dünya Assosiasiyaları Federasiyasının dayanıqlı inkişaf üzrə rəsmisi Mari Ulman qurum çərçivəsində aktiv şəkildə qlobal əməkdaşlığın yaradılmasının vacibliyini vurğuladı. Gəncləri ruhlandırmağın əhəmiyyətini qeyd edən M.Ulman təhsilin adətən əsas hədəfə çatmaq üçün vasitə olduğunu bildirdi: “Potensial quruculuq, gənclərin ölkələrinə qayıdarkən öyrəndiklərini tətbiq etməsinə kömək edə bilər. Biz gəncləri həvəsləndirməliyik. Bu, qlobal məsələlərin öyrənilməsi üçün gözəl fürsətdir. Biz gəncləri bizimlə birgə işləməyə çağırırıq”.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan hökumətinin gənclərin formalaşmasına, sülhməramlı iştirakçılar kimi fəaliyyətlərinə böyük önəm verdiyini dedi. O, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin birgə, sülh şəraitində yaşamasını mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərə verilən önəmin təzahürü kimi qiymətləndirdi: “Bizim gənclərimiz ölkəmizi daha da çiçəkləndirməyə səylə çalışır. Gənclərin ideyalarının reallaşdırılması üçün əsas dəstəyi dövlətimiz həyata keçirir. Fondumuz gənclərin fərdi layihələrinin reallaşdırılması üçün çalışır”.

Gənclər Fondunun rəhbəri qurum tərəfindən həyata keçirilən layihələrdə dayanıqlı inkişaf məqsədlərinin prioritet kimi əks olunduğunu diqqətə çatdırdı.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 6.