Bakıda keçirilən Qlobal Forum bəşəri problemlərin həlli üçün mühüm platformadır

 

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 26-da Heydər Əliyev Mərkəzində Alyansın Dostları Qrupunun yüksək səviyyəli iclası keçirildi.

 

İclasda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir forumun yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə, bu işdə dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirdi. O həmçinin BMT-nin Sivilizasiyalar Alyansının həmtəsisçi ölkələri olan Türkiyə və İspaniyaya da xüsusi minnətdarlıq etdi: “İki gün ərzində apardığımız müzakirələr, keçirdiyimiz görüşlər Bakıda keçirilən VII Forumun bəşəri problemlərin həllində mühüm platforma olduğunu bir daha sübut edir. İnanırıq ki, forum gələcəkdə də insan hüquqlarının təmin olunması, mədəniyyətlərarası dialoq və davamlı inkişafın gücləndirilməsi kimi istiqamətlərin artırılmasında öz rolunu oynayacaq”.

Nasir Əbdüləziz Əl-Nasir bəşəri problemlərin həll olunması, zorakılığın, ekstremizmin, miqrasiya probleminin qarşısının alınmasında gənclərin düzgün yönəldilməsi, təhsilin yüksək səviyyəyə çatdırılması, mədəniyyətlərarası dialoqun təbliğ olunması və bu istiqamətdə ölkələrin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, dünyada mövcud olan problemlərin həllində gənclərin rolunun artırılması mühüm vəzifədir. Sosial şəbəkələrdə başlatdığımız “Nifrət çıxışlarına yox” şüarına qısa müddət ərzində 7 milyondan artıq insan qoşulub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğuladı. Bildirdi ki, Azərbaycan xalqı tarixən öz tolerantlığı və qonaqpərvərliyi ilə seçilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu istiqamətdə öz tarixi təcrübəsini dünya ilə bölüşməyə başlayıb: “Bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində körpü rolunu oynayır. Azərbaycan Şərqlə Qərbin - iki böyük sivilizasiyanın qovuşduğu məkandır. Bu gün ölkəmizdə bütün dinlərin, bir sıra xalqların nümayəndələri dostluq, qardaşlıq və mehribanlıq şəraitində yaşayır. Azərbaycan bununla dünyaya birgəyaşamın nümunəsini bir mesaj kimi çatdırır”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsinin heç də təsadüfi olmadığını dedi: “Bu forumun keçirilməsi üçün Azərbaycan ən ideal məkandır. Çünki qardaş ölkədə mədəniyyətlərarası dialoq, multikulturalizm olduqca yüksək səviyyədədir. Burada məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da öz fəaliyyətində tam sərbəstdir. Amma buna baxmayaraq, Azərbaycanın özü Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Bir milyondan artıq insan doğma torpaqlarından didərgin düşüb. Bütün ibadət yerləri, mədəniyyət abidələri dağıdılıb”.

Mövlud Çavuşoğlu vurğuladı ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında, qlobal miqrasiya, terrorizm və ekstremizmlə mübarizənin effektivliyinin təmin olunmasında dünya ölkələrinin bu istiqamətdə həmrəyliyinə nail olmaq lazımdır.

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo Sivilizasiyalar Alyansının bu günə qədər həyata keçirdiyi layihələrdən danışdı. Bildirdi ki, gənclərin maarifləndirilməsi istiqamətində də xeyli işlər görülüb. İrqçiliyin aradan qaldırılması, təhsilə təşviq, mədəniyyətlərarası dialoqun təmin edilməsi istiqamətində gənclər üçün yay məktəbləri, liderlik məktəbləri və başqa bu kimi proqramlar icra olunub.

Sonra forumunBakı bəyannaməsiqəbul olundu.

İSESCO-nun baş katibi Əbdüləziz bin Osman Əl-Tüveycri sivilizasiyalararası dialoqun alternativi olmadığını bildirdi: "Hazırda ayrı-seçkilik və ədalətsizlik tendensiyalarına qarşı mübarizə aparmalıyıq. Terrorçuluğa yol açan səbəblərlə mübarizə aparmalıyıq”. Baş katib Ermənistan-Azərbaycan münaqişəsindən danışaraq qeyd etdi ki, erməni işğalçılarının zəbt etdikləri ərazidən çıxarılması barədə BMT-nin dörd qətnaməsi var. Amma onlara əməl olunmur. XXI əsrdə bu cür hadisələr qəbuledilməzdir.

Malta Respublikasının Prezidenti Marie Louise Coleiro Preca bəyannamədə sülh təşəbbüslərinin əksini tapdığını bildirdi: “Arzularımıza çatmaq üçün insan hüquq və azadlıqlarını, həmrəyliyi qorumaq, sülh mədəniyyətinə yiyələnmək lazımdır. İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. “Bakı bəyannaməsi” hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək”.

Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası müzakirələrlə davam etdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 5.